Şair Arif Əbdüloğlunun "Bütövləşən Vətənim" adlı yeni kitabı çapdan çıxıb. İki dildə - Azərbaycan dilində və türkcə nəşr edilmiş kitabda müəllifin son illərin yaddaqalan hadisələrinə həsr olunan şeir və poemaları yer alıb. Kitabdakı əsərlərin əsas mövzusu və qayəsi Vətən müharibəsində qazanılan Böyük Zəfər, bu Zəfərə imza atan, Şuşanı düşmən tapdağından azad edən igid oğullarımızın qəhrəmanlığının vəsfidir. Müəllif, eyni zamanda, doğma kəndi Maştağanın da tarixini səhifələyərək insan talelərinə işıq salıb, öz ibrətamiz fikirlərini və deyimlərini oxucularla bölüşüb.
Arif Əbdüloğlu 1939-cu ildə Bakının Maştağa qəsəbəsində ziyalı ailəsində dünyaya göz açıb. 1958-ci ildə C.Cabbarlı adına orta məktəbi bitirib. Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) filologiya fakültəsinin jurnalistlika şöbəsinə daxil olub. Təhsil aldığı illərdə həm də universitet qəzetində müxbir kimi fəaliyyət göstərib.
O, 1963-cü ildə ali təhsilini başa vurub göndərişlə Zaqatalada çıxan rayonlararası "Qırmızı bayraq" qəzetində işə başlayıb. Üç il sonra "Sovet kəndi" qəzeti redaksiyasına dəvət olunub.
Onun ilk şeir və məqalələri universitet qəzetində dərc edilib. Xalq şairi Bəxtiyar Vahabzadənin 1960-cı ildə tərtib etdiyi "Aprel çiçəkləri" almanaxında onun da iki şeiri yer alıb. Həmin il "Azərnəşr"in çap etdiyi "Mənzərin kəhrizi" oçerk kitabının ikinci müəllifidir.
Şairin xalqlar dostluğundan bəhs edən müxtəlif janrlı yazıları 1979-cu ildə Azərbaycan Jurnalistlər İttifaqının "Qızıl qələm" mükafatına layiq görülüb.
Arif Əbdüloğlunun ilk şeirlər və poemalar kitabı olan "Vətəndir - sevdiyim, sevildiyim yer" 2019-cu ildə işıq üzü görüb. 2024-cü ildə isə "Bütövləşən Azərbaycan" adlı növbəti kitabı çap olunub.
Kitabın "Tale və nəsihət kitabı" sərlövhəli ön sözünün müəllifi filologiya elmləri doktoru, professor Telman Cəfərov "Bütövləşən Vətənim" haqqında ürək sözlərini yazıb. T.Cəfərovun fikrincə, hər bir xalqın əsl tarixi öz yeni səhifəsini o vaxt yaşayır ki, onun taleyində əsaslı bir dönüş olsun, o öz gücünü, iradəsini, müdrikliyini dərk eləsin. Xalqımız uzun illərin acısından, 100 il bundan əvvəl Bakının və digər bölgələrimizin erməni qırğınlarından sonrakı savaşda qalibiyyətimizdən və Şərqdə ilk Demokratik cümhuriyyət yaratma qüdrətimizi göstərəndən sonra 2020-ci ildə yenidən tarixinin növbəti şanlı səhifəsini yazdı. Bu düşüncə və qeydlərimizin səbəbi olan "Bütövləşən Vətənim" kimi kitabların ərsəyə gəlməsi sadəcə, bir ədəbiyyat hadisəsi deyil. Onu təkcə ədəbi əsər kimi dəyərləndirmək düzgün olmazdı. Kitabın 85 yaşlı müəllifi, el ağsaqqalı, mili koloritimizi, varlığımızı, mentalitetimizi, xarakterimizi yaşadan Bakıətrafı kəndlərdən biri - Maştağa sakini Arif Əbdüloğlunun "Bütövləşən Vətənim" şeir və poemalar toplusu ilə tanışlıq məndə söylədiyim fikirlərlə assosiasiyalar yaratdı.
Telman Cəfərov qeyd edir ki, indi Qarabağ mövzusunda əsərlərin sayı yüzlərlədir. Bu da təbiidir. Birinci və İkinci Qarabağ savaşlarında, Vətən müharibəsində nə qədər qəhrəman, nə qədər şəhid, nə qədər faciəvi və şanlı tale yaşanıbsa, hər biri diqqətəlayiqdir. Axı qəhrəmanlığa imza atan igidlər təsadüfi isimlər deyil. Otuz il ərzində çox igidlər, çox ailələr, çox talelər itirdik. Bu faciələr fonunda Əlif Hacıyev, Allahverdi Bağırov, Çingiz Mustafayev, Mübariz İbrahimov, Polad Həşimov kimi onlarla şəhidin qəhrəmanlığını ürəkdolusu vəsf etməkdən çəkindik. Çünki torpaqlarımız hələ də işğal altında idi. "Bütövləşən Vətənim" toplusunda tam başqa bir əhval-ruhiyyə var: müəllifin həyat təcrübəsi, dünyagörüşü, yaddaşı, milli qürur hissi son tarixi qələbəmizin fonunda maraqlı həyat tarixçələrini, insan talelərini, ilk növbədə, bədnam qonşularımızın nankorluğu, quduzluğu ucbatından yaşanan çətinlikləri yüksək emosionallıqla yanaşı, inam və əminliklə yaşanan real hadisələr kimi təqdim edir. Bakıətrafı kəndlərin mədəni-musiqi mühiti, məişəti, toy və yas mərasimləri, söz dünyası, dinə münasibəti, insanların təbiəti, çalışqanlığı, ellilik və bütövlük bu yerlərin özəlliyini sübut edir. "Şuşa zirvəsi" poeması, sanki Maştağanın çətin və şərəfli tarixini əks etdirən "Qeyrət qalası" poeması ilə tamamlanır. Birinci poemanın ilk misraları -
"Şuşa bizim qeyrətimiz,
Şuşa bizim sərvətimiz.
Şuşa qaynar qanımızda,
Şuşa candır canımızda.
Şuşasız olarmı Vətən?!
Şuşa mənəm, odur, sənsən!"
və ikinci poemada ilk hissənin son misraları -
"Otuz iki kəndin böyük qardaşı,
Bakının arxası, mərd silahdaşı
Burda buxovlanıb düşmənin başı,
Bir daha yadına sal, a Maştağam!
Yollar ayrıcında qala Maştağam!"
olmaqla, Vətənə, torpağa sevgi və bağlılığı təcəssüm etdirən, bütöv Vətən obrazı yaradan, birnəfəsə yazılan poetik mətnlərdir. Onların kökündə, mayasında isə böyük ustadlarımız Şəhriyar və Bəxtiyar Vahabzadənin ürək yanğısı ilə istinad olunan sətirləri durur:
"Bir soruşun, bu qarğımış fələkdən,
Nə istəyir bu qurduğu kələkdən?!
Deynə keçirt ulduzları ələkdən,
Qoy tökülsün, bu yer üzü dağılsın,
Bu şeytanlıq qurğusu bir yıxılsın!"
(M.Şəhriyar. "Heydərbabaya salam")
"Hanı bu ellərin mərd oğulları,
Açın bərələri, açın yolları.
Bəs hanı bu əsrin öz Koroğlusu,
Qılınc Koroğlusu, söz Koroğlusu?"
(B.Vahabzadə.)
Arif Əbdüloğlunun şeir və poemaları "Hər qaranlıq gecənin işıqlı bir sabahı var" həqiqəti və məntiqinin təcəssümüdür.
Bu kitabda "Qeyrət qalası" adı altında təqdim olunan poemanın süjet xətti 100 ildən bir qədər əvvəl xalqımızın yaşadığı və sinə gərdiyi qanlı tarixi hadisələrə həssas bir münasibəti əks etdirir. Silahlanmış, təşkilatlanmış, hərbi təlim görmüş daşnak dəstələrinin, mənfur komissar Şaumyanın başkəsənlərinin törətdiyi fitnələrin qarşısını alan kənd qoçuları - Nəcəfqulu və Əziz, Kərbəlayi Əliheydər, Qulamhüseyn Bəhlul oğlu, Maştağa qarnizonunun döyüşçüləri, kəndin mühafizəsinə dəstək verən türk sərkərdələri Tofiq paşa ilə Mürsəl paşa, burada adları çəkilən digər qəhrəmanların real şəxslər olması oxucuda şübhə doğurmur. Nə yaxşı ki, Arif Əbdüloğlu kimi bu tarixi hafizələrdə yaşadan və canlandıran yaradıcı insanlar var. O qoçulara, kərbəlayilərə, hacılara, xilaskar türk paşalarına nə qədər iftiralar yapışdırılsa da, xalq əsl qəhrəmanlarını, xilaskarlarını unutmayıb.
Ömrünün müdriklik dövrünü yaşayan müəllif insanları ev dustağına çevirmiş, sərhədləri insanların üzünə qapamış Şeytan əməli - koronavirus bəlasının törətdiyi eybəcərlikləri də yada salıb.
Şair "Möcüzələr səhrası"nda təsvir etdiyi ölkənin timsalında isə Azərbaycanda, Qarabağımızda, digər regionlarımızda, elə Bakıətrafı kəndlərdə gedən quruculuq, abadlıq, yaşıllaşdırma və dirçəlişin nəticələrini təsvir edir.
Bir sıra satirik-tənqidi deyimləri, maraqlı faktlar və müşahidələrlə dolu digər şeirləri, poemaları əks etdirən kitabı diqqətlə oxumağa, orada təsvir edilən insan taleləri, hadisələr, duyğularla tanış olmaq üçün, bütün bunların tarix və tale yolumuz üçün əhəmiyyətini anlayıb gələcək nəsillərə çatdırmaq, anlatmaq barədə ətraflı düşünməyə dəyər.
Sevinc QARAYEVA