|
|
|
|

5-7 may 2025-ci ildə Birləşmiş Ərəb Əmirliyinin 7-ci əmirliyi olan Fujairahdakı Gözəl Sənətlər Akademiyası “Bir Ud - Çoxlu Mədəniyyət” adlı üçüncü “Fujaira Beynəlxalq Ud Forumu”nu keçirəcək.
525.az xəbər verir ki, forumda Hindistan, Özbəkistan, Türkiyə, Azərbaycan, İran, Misir, Suriya, Oman, İraq və İspaniya kimi ölkələrdən olan ud ifaçılarının, ustalarının iştirakı nəzərdə tutulub. Bundan əlavə, Mərakeş Krallığından xüsusi qonaqlar da forumda yer alacaqlar.
Azərbaycan bu maraqlı beynəlxalq foruma ilk dəfə dəvət alıb. Forumda Rəşad İbrahimov, Hinara Heydərova, Təbriz Yusubov, Nisbət Sadrayeva, İdris Hüseynov, Vüsal Bayramov, Rafael Əsgərov iştirak edəcəklər.

Fujairah Mədəniyyət və Yaradıcılıq Mərkəzində keçiriləcək Forumun birinci günü, açılış mərasimində müxtəlif millətləri təmsil edən 50 musiqiçidən ibarət orkestrin iştirakı ilə bir saatlıq musiqi proqramı təqdim olunacaq. Bu proqramda ispan flamenqosu, rok musiqisi və ərəb-şərq musiqisi ilə yanaşı, hind, özbək, Azərbaycan, türk musiqi üslublarının sintezi yer alacaq. Forumun ikinci və üçüncü günlərində həm solo, həm də qrup ifaları səsləndiriləcək. Həmçinin, Ərəb dünyası, Türkiyə və İrandan olan üç tanınmış ud ustası da foruma dəvət olunublar və onlar öz bacarıqlarını nümayiş etdirəcəklər, təcrübələrini iştirakçılarla bölüşəcəklər.
Fujairah Gözəl Sənətlər Akademiyasının Baş direktoru Əlahəzrət Əli Obeyd Əl-Həfeyti bildirib ki, Forum musiqi vasitəsilə xalqlar arasında mədəni əlaqələrin ikişafına xidmət edir. Əl-Həfeyti əlavə edib ki, bu tədbirdə ud aləti müxtəlif mədəniyyətlərin simvolu və xalqalar arasında ünsiyyət körpüsü kimi təqdim olunur. Onu hədəfi udun beynəlxalq səhnədəki mövqeyini gücləndirməkdir. Fujairah Beynəlxalq Ud Forumu ifaçılığı, sənətkarlığı və mədəni əlaqələri bir araya gətirən unikal bir platformadır.Yerli və beynəlxalq incəsənət səhnəsinin zənginləşməsinə töhfə verir.
Vüsal Nuru



