|
|
|
|

Park Cinemada Qazaxıstanın "Patrul. Son Əmr" filmin qapalı nümayişi keçirilib.
525.az xəbər verir ki, 2025-ci ilin istehsalı olan film komediya janrında çəkilib.
Nümayişdən əvvəl çıxış edən Qazaxıstanın Azərbaycandakı səfiri Alim Bayel bildirib ki,hazırda ölkələrimiz arasında münasibətlər əla səviyyədədir, bütün sahələrdə əlaqələrimiz uğurla inkişaf edir. Amma əlbəttə ki, mədəni əlaqələrin inkişafı xüsusi önəm daşıyır. Bu mənada filmlər də əhəmiyyətli rola malikdir.

Səfirin sözlərinə görə, son illər kino sahəsi Qazaxıstanda inkişaf etməyə başlayıb, müxtəlif mövzularda, o cümlədən tarixi mövzuda filmlər, seriallar çəkilir.
A.Bayel əlavə edib ki, Qazaxıstanla Azərbaycanın birgə film çəkməsi ilə bağlı layihə gündəmdədir. Bu, birbaşa prezidentlərin göstərişidir və onun icrası üçün işlər aparılır. Diplomat deyib ki, “Patrul. Sonuncu Əmr” son illərin ən uğurlu tammetrajlı filmidir.
Daha sonra filmin yaradıcı heyətinin üzvləri çıxış ediblər. Ardınca film nümayiş olunub.

Qeyd edək ki, filmin rejissoru Rüstəm Ömərov, ssenari müəllifləri Rüstəm Ömərov, İlxan İshakbayev, Medet Amanbayevdir.
Filmin süjet xətti kifayət qədər maraqlıdır. Belə ki, Abay bölgəsinin Semey şəhəri Prezidentin səfərini gözləyir və yerli patrulçular onun müşayiət edən kortejə daxil olmağa çalışırlar. Onlar bütün gücləri ilə Prezidentin kortejinə düşməyə çalışırlar. Ancaq rəisin başqa planları var – o, Prezidentin müşayiəti üçün məsul şəxs təyin olunub və hər şeyin problemsiz keçməsini istəyir. Qəhrəmanlarımızın reputasiyasını nəzərə alaraq, rəis Serikə, Medetə, Oljasa, Edilə, İlyasa və Beksgə kortejdən uzaq durmağı əmr edir və bunun əvəzinə Semeyin elit polis əməkdaşları Dima və Renatı yanına çağıraraq kortejin rəhbəri təyin edir. Buna baxmayaraq, onlar təslim olmaq və ölkənin yüksək səviyyəli rəsmisini müşayiət etmək fürsətini əldən vermək istəmirlər, çünki Prezidentin müşayiəti hər bir polis işçisinin arzusu sayılır. Buna görə də dayanmadan çalışmaqla özlərini doğrulmağa çalışırlar, amma yenə də səhvərə yol verirlər. Film, sıravi patrul və sahə polis əməkdaşlarının bu arzunu reallaşdırmaq üçün nələrə hazır olduqlarını göstərir. Eyni zamanda, milyonların sevimlisinə çevrilmiş qəhrəmanların gündəlik polis həyatında qarşılaşdıqları gülməli, gerçək və həyəcanlı hekayələrə də şahid oluruq.
Bəs onlar nəhayət prezident kortejini müşayət edə bilirlər? Bu suala 1 may tarixindən Park Cinemada yayımda olan filmi izləməklə cavab tapacaqsınız.

Əsas rolları Aydar Kerimbayev, Adiljan Şombalov, Medet Amanbayev, Rüstəm Ömərov, Edil Anarbay, Tambi Masayev, Renat Muxambaev, Robert Kun oynayırlar.
Onu da qeyd edək ki, film artıq bir sıra ölkələrdə nümayiş olunub və kifayət qədər populyarlıq qazanıb.
Pərvanə Sultanova



