Bu gün Avropa Liqasının 1/16 final mərhələsinin püşkatma mərasimi keçirilib.
Apasport.az saytının məlumatına görə, qrup mərhələsində ilk iki yeri tutan 24 komanda və Çempionlar Liqasının “üçüncüsü” olan 8 klub İsveçrənin Nyon şəhərində gerçəkləşən püşkatmada 16 cütlük təşkil edib.
2015-ci il fevralın 19-da ilk, 26-da cavab oyunlarına çıxacaq komandalar müəyyən şərtlərlə rəqiblərini tanıyıb. Belə ki, eyni qrup, eyni ölkə təmsilçiləri, həmçinin Rusiya ilə Ukrayna klubları bir-birilə görüşməməsi püşk zamanı nəzərə alınıb.
Qrup mərhələsində Azərbaycan çempionu “Qarabağ”la eyni qrupda yer alıb, hakim səhvi sayəsində 2-ci olan Ukrayna “Dnepr”i Yunanıstanın “Olimpiakos” klubuna rəqib olub. Qrupumuzun qalibi olan “İnter” (İtaliya) isə Şotlandiya “Seltik” i ilə görüşəcək.
Qonşu Türkiyə təmsilçilərinin bəxtinə güclü rəqiblər düşüb. “Beşiktaş” İngiltərə “Liverpul”u, “Trabzonspor” isə İtaliya “Napoli”si ilə qarşılaşacaq.