|
|
|
|

Dəyəri 15 milyon yuandan çox olan 104 standart konteyner avtomobil hissələri və mexaniki avadanlıqla yüklənmiş qatar bazar ertəsi Pekinin Fanşan rayonundan Azərbaycanın paytaxtı Bakıya yola düşüb. Bu, Pekin və Bakını birləşdirən ilk transxəzər Çin-Avropa qatarıdır.
525.az xəbər verir ki, bu barədə Çin mediası məlumat yayıb.
Çin Dövlət Dəmir Yolu Korporasiyasının Pekin bölməsindən bildirilib ki, qatar Fanşan rayon stansiyasından yola düşərək, Xorqos keçid məntəqəsi (Sincan-Uyğur Muxtar Rayonu, Şimal-Qərbi Çin) vasitəsilə dövlət sərhədini keçərək Xəzər dənizinin Aktau (Qazaxıstan) limanına gələcək, oradan bu yüklər əvvəlcə bərə ilə Ələt limanına, daha sonra dəmir yolu ilə Bakıya çatdırılacaq.
Pekindən Bakıya yüklərin daşınması "dəmir yolu - dəniz - dəmir yolu" multimodal üsulundan istifadəni nəzərdə tutur. Mallar 8 min km-dən çox məsafə qət edərək 15 günə Bakıya çatacaq. Bakıya çatdıqdan sonra yüklərin bir hissəsi Gürcüstan, Türkiyə, Serbiya və digər ölkələrə daşınacaq.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin-Avropa beynəlxalq yükdaşıma marşrutlarının cənub dəhlizidir və bu multimodal “dəmir-dəniz-dəmir yolu” rejimi ənənəvi dəniz nəqliyyatı ilə müqayisədə nəinki daşımaların müddətini qısaldır, həm də Xəzər dənizi, Qara dəniz və Aralıq dənizi sahillərində yerləşən ölkələrə, eləcə də Mərkəzi və Şərqi Avropa, Qərbi Avropa ölkələrinə müvafiq xidmətlərin əhatə dairəsini genişləndirəcək”, - Fanşan limanının nümayəndəsi Van Çuanmon deyib.
Çin Dövlət Dəmir Yolu Korporasiyasının Pekin bölməsinin rəsmisi isə bildirib ki, yükdaşıma xidmətinin işə salınması Pekində və ətraf ərazilərdə olan müəssisələr üçün daha rahat və səmərəli beynəlxalq logistika kanalı yaradıb ki, bu da onların logistika xərclərini azaltmağa, beynəlxalq bazarda rəqabət qabiliyyətini artırmağa kömək edəcək, eyni zamanda, Çinlə Azərbaycan və digər ölkələr arasında ticarət əməkdaşlığını effektiv şəkildə təşviq edəcək”.
Pərvanə Sultanova



