https://525.az/img/pics/medium/2026-06/393388_xcaujaoub3.jpg “525-ci qəzet”in 5 iyun sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2026-06/393374_slo2plwpsh.jpg Qapımızı döyən qlobal təhlükə 
https://525.az/img/pics/medium/2026-06/393322_6kbk6phoym.jpg “Xoş halıma ki, Ağdamın ilk vokalisti olmaq mənim qismətimə düşdü” - VİDEO ANONS
https://525.az/img/pics/medium/2026-06/393285_lkqt63aqej.jpg Bakıda Milli Qurtuluş Gününə həsr olunan konsert keçiriləcək
search
4 İyun 2026

"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına

"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına

Aqil ABBAS

Bu ifadə mənim deyil. Dünən sosial şəbəkələr partlayırdı, hamı "Qarabağ"dan yazırdı. Hər kəs öz sevgisini özünəməxsus tərzdə ifadə edirdi.

"Benfika"nı da gətirin qoyaq Qənimətlər Parkına". Bir nəfər də belə yazmışdı. Çox gözəl idi. Xeyli güldüm. Hikmət Mirzəyevin Xüsusi təyinatlıları necə Qarabağda erməniləri tapdalayıb keçdisə, Qurban Qurbanovun da "xüsusi təyinatlıları", ayğır atları Lissabonda "Benfika"nı elə tapdalayıb keçdi.

Özü də təkcə "Benfika"nı yox, stadiondakı 40-50 min azarkeşi də tapdayıb keçdi.

Azarkeş demişkən, biz Avropa komandalarından təkcə futbol oynamağı öyrənməli deyilik, həm də azarkeşliyi öyrənməliyik. Bütün matç boyu stadion xorla oxuyurdu, öz komandalarına dəstək verirdi. Və bütün stadion "Benfika"nın formasını geyinmişdi.

Görəsən, "Qarabağ"ın, "Neftçi"nin, "Sabah"ın, "Zirə"nin, "Turan"ın nə qədər yox ey, neçə azarkeşi futbola gələrkən öz sevimli komandalarının maykasını geyinir - 50, 100?

Xalqımız oxumağı sevən xalqdı, amma bir dəfə də stadionda xorla oxuyan görmədik.

Oyunu Qurban Qurbanovun təmkini və soyuqqanlığı apardı. Məmməd Arazın bir şeiri var:

 

Çox çaparaq atlını

Təmkin atımla keçdim.

 

İndi Qurban Qurbanov da çox çaparaq komandaları özünün təmkin atıyla keçir. Futbolçularımız sonadək dör-dör döyüşdülər. Və sübut elədilər ki, məsələ pulda deyil, "Qarabağ"ın 24 milyondu büdcəsi, "Benfika"nın 300-400 milyon, məsələ ürəkdədi, qandadı, ruhdadı. Qurban Qurbanov futbolçularına bunu aşılaya bilib.

Mən həmişə "Qarabağ"ın oyununa xanımımla birgə baxıram. Qapımıza ilk top vurulandan sonra çönüb mənə baxdı və dedi:

- Narahat olma. Qurbanın at işləməz yolları var. Fasilədə futbolçulara elə bir motivasiya verəcək ki, "Qarabağ" bu oyunda qalib gələcək.

Xanımımı da özüm kimi "Qarabağ"ın xəstəsi etmişəm. Onun dediyi kimi də oldu.

Bu, bir futbol matçı deyildi, bu, bir tamaşaydı, bu, bir filmiydi, "Koroğlu" operasıydı. Amma bu operanın müəllifi Üzeyir Hacıbəyov deyildi, dirijoru da Niyazi deyildi, bu operanın müəllifi də, Maestrosu da Qurban Qurbanovuydu.

Təkcə Qurban xocanı və futbolçuları deyil, bütün futbolsevərləri təbrik edirəm. "Qarabağ" bizə bayram yaşatdı.

Çox qəribədi, həmin gün cənab Prezident, Ali Baş Komandan Birləşmiş Ərəb Əmirliyinin prezidenti ilə Cıdır düzündə Qarabağ atlarının şousuna tamaşa edirdilər. Çaparlar öz ustalıqlarını nümayiş etdirirdilər.

Axşam da Qurban Qurbanovun atları Lissabonda həmin şounu təkrar elədilər.

Yəqin Santuş oyuna baxıb xəcalət çəkirdi, əgər onda xəcalət hissi varsa.

Yeri gəlmişkən bir təbrik də oyunu şərh edən Tural Dadaşova düşür. 40-50 min "Benfika" azarkeşinin səsini öz səsilə batırırdı.

Müəllifin digər yazıları
© 2012-2026 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.