|
|
|
|

“Fiziki şəxslərə məxsus yaşayış sahələrinin fiziki şəxslərə kirayəyə verilməsindən əldə olunan gəlirlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulacaq. Bu Vergi Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. Beləliklə ki, mövcud qanunvericilikdə fiziki şəxslərin mənzil kirayə verilməsindən əldə olunan gəlirdən 14 faiz verginin ödənilməsi nəzərdə tutulurdusa, yeni dəyişikliklərdə bu hədd 10 faizə endirilir. Kirayə haqqı vergi ödəyicisi kimi uçotda olmayan fiziki şəxs tərəfindən ödənildikdə kirayəyə verən özü və ya onun təyin etdiyi vergi agenti bu maddəyə uyğun olaraq 10 faiz dərəcə ilə vergini ödəyəcək və vergi uçotuna alınıb bəyannamə verəcək. Əvvəllər fiziki şəxs ilə hüquqi şəxs arasında bağlanan kirayə müqaviləsində vergi gəliri əldə edən tərəfin yəni kirayə verənin üzərinə düşürdü. İndi isə bu qayda dəyişib: vergi artıq ödəmə mənbəyində, yəni kirayə haqqını ödəyən tərəf -kirayəçi tərəfindən tutulacaq”.
Bunu iqtisadçı ekspert Xalid Kərimli 525.az-a söyləyib. O qeyd edib ki, əgər kirayə verən əvvəllər 14 faiz vergi ödəyirdisə, indi 10 faiz ödəməsi onun gəlirliliyini artıra bilər və bu, bazarda qiymət artımına səbəb ola bilər:
“Bununla yanaşı əgər sıfır faiz ödəyənlər məcburi şəkildə 10 faiz ödəməyə cəlb olunarsa, bu, daşınmaz əmlakın gəlirliliyini azaldar. Tədricən qiymətlərin enməsinə səbəb ola bilər".
Sevinc QARAYEVA



