|
|
|
|

“Son dövrlərdə dünya neft bazarlarında qiymətlərin aşağı istiqamətdə hərəkəti müşahidə olunur. Bu proses təkcə bir amillə deyil, bir-birini tamamlayan iqtisadi, maliyyə və struktur faktorların məcmusu ilə izah olunur. Neft bazarı qlobal iqtisadiyyatın güzgüsü olduğundan, qiymətlərdəki dəyişikliklər daha geniş iqtisadi proseslərin göstəricisidir. Hazırda neftin ucuzlaşmasının əsas səbəblərindən biri bazarda təklif bolluğudur. ABŞ-da şist neftinin hasilatı rekord səviyyələrdə qalmaqda davam edir. OPEC+ ölkələri hasilatın azaldılması ilə bağlı razılaşmalar əldə etsələr də, bəzi üzv ölkələr kvotalara tam əməl etmir. Eyni zamanda, İran, Venesuela və Liviya kimi ölkələrin bazara qayıdışı qlobal təklifi daha da artırır. Təklifin tələbdən sürətlə artması qiymətlər üzərində aşağı yönlü təzyiq yaradır”.
Bu fikirləri 525.az-a iqtisadçı ekspert Eyyub Kərimli bildirib.
Onun fikrincə, neftə olan tələbin azalması birbaşa qlobal iqtisadi aktivliyin zəifləməsi ilə bağlıdır. Xüsusilə Çin iqtisadiyyatında müşahidə olunan yavaşlama, daşınmaz əmlak sektorundakı böhran və sənaye istehsalının zəif tempi neft idxalına mənfi təsir göstərir. Avropa İttifaqında sənaye durğunluğu və enerji keçidi siyasəti neft istehlakını məhdudlaşdırır. İqtisadi artım zəiflədikcə nəqliyyat, sənaye və logistika sektorlarında neftə tələbat da azalır:
“ABŞ Federal Ehtiyat Sistemi və Avropa Mərkəzi Bankının sərt pul-kredit siyasəti də neft qiymətlərinə təsir edən mühüm amildir. Yüksək faiz dərəcələri iqtisadi aktivliyi zəiflədir, investisiyaları azaldır və dolların möhkəmlənməsinə səbəb olur. Neft dollarla qiymətləndirildiyi üçün dolların bahalaşması digər valyutalara sahib ölkələr üçün nefti daha baha edir və nəticədə qlobal tələbat azalır”.
Onun dediyinə görə, neft bazarı yalnız fiziki ticarətdən ibarət deyil, eyni zamanda fyuçers və maliyyə alətlərini də əhatə edir. İnvestorlar iqtisadi qeyri-müəyyənlik fonunda riskli aktivlərdən, o cümlədən neft fyuçerslərindən çıxmağa üstünlük verirlər. Bu isə qiymətlərin real təklif-tələb balansından daha sürətli enməsinə səbəb olur:
«Əvvəllər münaqişələr və regional gərginliklər neft qiymətlərində ciddi artıma səbəb olurdu. Lakin son illərdə bazar geosiyasi risklərə müəyyən qədər adaptasiya olunub. Mövcud münaqişələrə baxmayaraq, neft tədarükündə ciddi fasilələrin baş verməməsi qiymətlərdəki “geosiyasi risk əlavəsi”nin azalmasına gətirib çıxarıb. Bərpaolunan enerji mənbələrinin genişlənməsi, elektromobillərin yayılması və iqlim siyasətləri neftə olan uzunmüddətli tələbatla bağlı gözləntiləri dəyişir. Bu proses qısa müddətdə neftə tələbi kəskin azaltmasa da, investorların gələcəyə dair qərarlarına ciddi təsir göstərir və qiymətlər üzərində psixoloji təzyiq yaradır. Neft bazarı tsiklik xarakter daşıyır. Qiymətlərin aşağı düşməsi investisiyaların azalmasına, bu isə orta müddətdə yenidən təklif çatışmazlığına və qiymət artımına zəmin yarada bilər”.
Sevinc Qarayeva



