|
|
|
|

“Prezident Rəcəb Tayyib Ərdoğan çıxışlarında məmləkəti Rizəni, eləcə də Türkiyənin ən əsrarəngiz təbiətə malik Ayder yaylasını Davos kimi dünya, milli və beynəlxalq məsələlərin müzakirə mərkəzinə çevrilməsi çağırışını səsləndirib. Qarşımıza qoyulan bu hədəfə çatmaq üçün Ayderdə kifayət qədər imkanlar mövcuddur”.
525.az-ın Rizəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Rizə valisi İhsan Selim Baydaş jurnalistlərə deyib.
O bildirib ki, Birinci Beynəlxalq Ayder Forumu logistika və beynəlxalq nəqliyyata həsr olunmuşdu, hazırkı forumda isə əsas əsas mövzu enerji təhlükəsizliyidir.
Vali deyib ki, birinci foruma dünyanın 10 ölkəsindən ekspertlər, alimlər qatılıb, hazırkı forumda isə bu rəqəm 40-ı keçib: “Azərbaycandan nümayəndələr, o cümlədən millət vəkilləri də tədbirdə iştirak edir. Bu tədbir milli və beynəlxalq səviyyədə ekspertləri, akademikləri, dövlət qurumlarının nümayəndələrini, vətəndaş cəmiyyəti və özəl sektor təmsilçilərini bir araya gətirərək regionun potensialının qlobal miqyasda daha effektiv şəkildə təqdim olunmasını hədəfləyir”.
Qeyd edək ki, “Enerji, qlobal təhlükəsizlik və diplomatiya” mövzusunda forum yanvarın 17-dək davam edəcək.
Pərvanə Sultanova



