|
|
|
|
(Əvvəli ötən sayımızda)
Əməkdar incəsənət xadimi, professor Elmira Abasova (1932-2009) Azərbaycan musiqişünaslığının inkişafında çox mühüm xidmətləri olan görkəmli elm və mədəniyyət xadimidir. Onun fəaliyyətinə bir neçə istiqamətdə baxıla bilər: musiqi elmi; musiqi tənqidi və publisistikası; müəllimlik; təhsilin idarə olunması; musiqi tərbiyəsi və maarifçiliyi; musiqi jurnalistikası və təbliğatı; musiqi-ictimai fəaliyyət. Elmira Abasova bu istiqamətlərin hər birində elm, incəsənət və mədəniyyətin inkişafına, təbliğinə və tədrisinə dəyərli töhfələr verib.
Elmira Abasovanın müasir musiqi elminə daxil etdiyi “muğam operası”, “muğam təfəkkürü”, “muğamvarilik”, “muğam simfonizmi” terminləri muğam nəzəriyyəsinin, muğama nəzəri yanaşmanın, muğam janrına bəstəkarlıq praktikası ilə vəhdətdə baxışın inkişafına əsaslı təsir edib. Bu anlayışlar muğama daim təkamüldə, hərəkətdə və qarşılıqlı təsirdə olan, ən müxtəlif bəstəkar üslublarını formalaşdıran, hətta avanqard düşüncəyə təsir edən təfəkkür hadisəsi kimi yanaşmağa imkan verir. Akademik B.Asafyevin “simfonizm”, “mahnı simfonizmi” kimi fundamental nəzəri təlimlərinə qarşılıq olaraq “muğamvarilik”, “muğam simfonizmi”, sonra “Şərq simfonizmi” ideyalarını və terminlərini irəli sürən E.Abasovanın Şərq muğamı və Qərb simfonizmi arasında paralellər aparması, Avropanın mahnı simfonizmi ilə müqayisədə Azərbaycanda muğam simfonizminin mövcudluğunu əsaslandırması və digər bu qəbildən olan nəzəri yenilikləri, əlbəttə, ayrıca araşdırma mövzusudur.
lll
E.Abasova 1962-ci ildən Bəstəkarlar İttifaqının İdarə heyətinə seçilib, musiqişünaslıq və tənqid bölməsinin rəhbəri işləyib, bölmə sədri olmaqla yanaşı, 1973-1985-ci illərdə qurumun musiqişünaslıq üzrə katibi vəzifəsində çalışıb. Lakin rektor vəzifəsinə görə katiblik işini dayandırsa da, ömrünün sonuna qədər İdarə heyətinin üzvü kimi qurumda fəaliyyət göstərib. O, Qara Qarayevin sədrlik etdiyi ABİ-də yaradıcılıq proseslərinin hər zaman mərkəzində olub, musiqi incəsənətinin ən müxtəlif hadisə və proseslərində həm təşkilatçı, yönləndirici, iştirakçı, həm də musiqişünas kimi peşəkarlığını əsirgəməyib. Mütəxəssis nüfuzuna görədir ki, respublikalardan yeganə olaraq E.Abasovaya SSRİ Bəstəkarlar İttifaqının qurultayında əsas məruzə ətrafında musiqişünas çıxışı verilib. Belə ki, 1969-cu ildə, Moskvada SSRİ Bİ-nin IV qurultayında Qara Qarayevin respublika təşkilatının sədri kimi hesabatından sonra E.Abasova Azərbaycan musiqişünaslığının nailiyyətləri və vəzifələri haqqında çıxış edib. Bu, SSRİ Bəstəkarlar İttifaqının qurultaylarında Azərbaycan musiqişünaslığı üçün ilk və yeganə faktdır.
lll
E.Abasovanın “həyat kitabı”nda əsas fəsillərdən biri də rektorluq fəaliyyətidir. O, respublikanın siyasi rəhbəri, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasına rektor təyin olunub, 1977-1991-ci illərdə, yəni 14 il ərzində bu nüfuzlu ali məktəbə rektorluq edib. Ü.Hacıbəylinin dərs otağının kiçik muzeyə çevrilməsi, Ş.Məmmədova adına Opera studiyasının tikilib istifadəyə verilməsi, “Xalq musiqisi” kafedrası bazasında “Azərbaycan xalq çalğı alətləri” və “Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi” kafedralarının yaradılması, orqan sinfinin və xalq konservatoriyasının yubileylərinin qeyd olunması, tələbələrin rektorluq praktikasının tədrisə daxil edilməsi, digər konservatoriyalarla tədris-yaradıcılıq əlaqələrinin genişlənməsi, tələbələrin elmi işlərə maraqlarının artması, SSRİ-də ilk dəfə Şərq respublikalarının xalq çalğı alətləri ifaçılığı üzrə Ü.Hacıbəyov adına ümumittifaq müsabiqəsinin keçirilməsi, Bakıda mütəmadi olaraq gənc tədqiqatçıların Şərq musiqisi üzrə ümumittifaq konfranslarının təşkili, konservatoriyada instrumental muğamın və kanon alətinin tədrisə başlaması, tələbələrin müsabiqə və konfranslarda yüksək nəticələri və s. bu kimi yeniliklər Elmira Abasovanın rektorluq dövrünün uğurlu göstəriciləridir. Digər tərəfdən, E.Abasova Bəstəkarlar İttifaqında və Elmlər Akademiyasında əldə etdiyi təcrübənin davamı olaraq, konservatoriyanın fəaliyyətini bu qurumlarla da əlaqələndirmiş, tədris müəssisəsinin bədii və elmi yaradıcılıq proseslərində fəal iştirakını təmin edib, onu həm də musiqi incəsənətinin aparıcı müəssisəsinə çevirib.
lll
E.Abasovanın musiqi-estetik tərbiyə işindəki fəaliyyəti də yüksək dəyərləndirilir. O, Bəstəkarlar İttifaqında bölmə rəhbəri və katib olduğu illərdə televiziyada məktəblilərin musiqi tərbiyəsinə həsr olunan silsilə verilişlər aparıb, hər il yaz tətilində “Məktəblilərin musiqi həftəsi”nin təşkilatçılarından və iştirakçılarından olub. E.Abasova ABİ nəzdində ictimai əsaslarla “Uşaq filarmoniyası” yaradıb, bəstəkar və musiqişünasları uşaq musiqisinin təbliğinə, uşaqların estetik tərbiyəsinə səfərbər edib. Digər tərəfdən, rektor kimi respublikanın şəhər və rayonlarında musiqi mədəniyyəti universitetlərinin və xalq konservatoriyası filiallarının yaradılmasına nail olub, müəllim və tələbələrin qüvvəsi ilə musiqi-estetik tərbiyə, musiqi maariflənməsi və təbliğatı işini genişləndirib.
lll
XX əsrin ən mötəbər ensiklopedik nəşrlərindən olan çoxcildli “Böyük Sovet Ensiklopediyası”nda və 6-cildli “Musiqi Ensiklopediyası”nda Azərbaycan musiqi mədəniyyəti, bəstəkarları, dirijorları, musiqişünasları haqqında əksər məqalələrin, o cümlədən, Ü.Hacıbəyov, M.Maqomayev, A.Zeynallı, Q.Qarayev, C.Hacıyev, Niyazi, S.Hacıbəyov, Azərbaycan Dövlər Konservatoriyası haqqında məqalələrin müəllifi E.Abasovadır. O, bir çox monoqrafiyalara, dərs vəsaitlərinə redaktorluq etmiş, mətbu orqanların (“Qobustan”, “Azərbaycan qadını” və s.) redaksiya heyətinə, müsabiqələrin və konfransların münsiflər heyətinə seçilib; haqqında müxtəlif ensiklopediyalarda, eləcə də “Üzeyir Hacıbəyov”, “Muğam” ensiklopediyalarında, İnternet resurslarında məlumat verilib. Görkəmli musiqi xadimləri, alimlər və pedaqoqla onun yaradıcılığını yüksək qiymətləndiriblər. Həmkarları ilə yanaşı, vaxtilə elmi rəhbərliyi və opponentliyi ilə elmi iş yazan mütəxəssislər – AMEA-nın müxbir üzvü Rəna Məmmədova, sənətşünaslıq doktoru, professor Gülzar Mahmudova, professorlar Nigar Əliyeva, Leyla Fərəcova, İnna Pazıçeva və b. onun yaradıcılığı və fəaliyyəti haqqında maraqlı fikirlər söyləyiblər. 2012-ci ildə Bəstəkarlar İttifaqı nüfuzlu elm və sənət xadimləri ilə birlikdə musiqişünas-alimin 80 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirib.
Elmira Abasova Azərbaycan musiqişünaslığında məktəb yaratmış alim-pedaqoqdur. Onun elmi təlim-tərbiyəsini almış mütəxəssislər respublikada ən yaxşı alim və müəllim kimi ad-san qazanıblar. Bu alimlərin sırasında doktorlar, professorlar, əməkdar incəsənət xadimləri, təhsil işçiləri, əməkdar müəllimlər vardır. E.Abasovanın musiqişünaslıqda əbədi izlərindən biri də məhz onun yaradıcılıq irsi, elmi və pedaqoji varisləri olan məktəbidir.
Ariz ABDULƏLİYEV