https://525.az/img/pics/medium/2024-05/312454_ap3j3iwjn3.jpeg Kouç təlimləri insana nə qazandırır?
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg COP29-un Bakıda təşkili - Azərbaycanın növbəti böyük uğuru
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg "Cəhənnəmdən keçmiş mələk": Bircənin fərqliliyi - Elxan Yurdoğlu yazır
https://525.az/img/pics/medium/2023-12/296476_nohm4rbib1.jpg Ölülərin o dünyada görüşü - Akif Rəfiyev yazır
search
4 May 2024

İdman-Konsert Kompleksi Avropa Oyunlarına hazırlaşır

İdman-Konsert Kompleksi Avropa Oyunlarına hazırlaşır
Heydər Əliyev adına İdman-Konsert Kompleksində yenidənqurma işləri davam etdirilir. Bu, Bakının qəbul edəcəyi Avropa Oyunlarının ən yüksək səviyyədə keçirilməsinə hesablanıb.
 
Obyektin bütün ərazilərində  - əsas və məşq korpuslarında, müxtəlif idman zallarında əsaslı təmir və bərpa işləri başa çatmaq üzrədi.
 
***
 
1977-ci ildə inşasına başlanılan, 1990-cı ilin noyabrında istismara verilən kompleksin foyesinə daxil olarkən də bunu görməmək mümkün deyil. Ümumi ərazisi 55 min kvadratmetrə yaxın olan obyekt demək olar ki, tamamilə yenilənib. Məşq korpusunun birinci və ikinci mərtəbələrinin divar və döşəmələri keramoqranit və metlaxla örtülüb. Əsas korpusun birinci mərtəbəsinin foyesi yeni keramik örtüklə üzlənib.
 
2004-cü ilin mart ayından Heydər Əliyevin adını daşıyan korpusun fasadı da fərqli formaya salınıb. Binanın üzlük hissəsi tac şəklində olmaqla, metal konstruksiyadan yığılıb. 12 min kvadratmetr sahə İtaliyadan istehsalı olan membran örtüklə örtülüb, fasadın işıqlandırılması üçün müxtəlif rəngdə xüsusi lampalar və projektorlar quraşdırılıb. 
 
***
 
Kompleksin sahə rəisinin köməkçisi Natiq Mikayılov apasport.az saytının əməkdaşı ilə söhbətində bildirib ki, obyektin əvvəlki görünüşünün dəyişdirilməsi üzrə aparılan bütün işlər yekunlaşmaq üzrədi. O bildirib ki, burada videomüşahidə, xəbərdarlıq, yanğından mühafizə və təhlükəsizlik sistemləri, həmçinin müasir liftlərin quraşdırılması işləri də görülüb: “Hazırda ayrıca Wi-Fi internet şəbəkəsinin qurulması davam etdirilir, İT avadanlıqları quraşdırılır. Həmçinin, 280-ə yaxın təhlükəsizlik kamerası quraşdırılıb və davam etdirilir. Kompleksin fasad görünüşü tam dəyişdirilib. Metal zondlardan ibarət konstruksiya qurulub”. 
 
Sürətli internet şəbəkəsinə qoşulacaq kompleksdə ən müasir tələblərə cavab verən havalandırma sistemi də yenilənib. Mikayılov qeyd edib ki, 2014-cü ilinin dekabrında təmirə başladıqları vaxtla müqayisədə işçi qüvvəsi də azalıb: “İşin qızğın getdiyi vaxtlarda kompleksdə 360-520 insan çalışırdı. Amma artıq təmir və yenidənqurma işləri başa çatdığından onların sayı azalıb. Demək olar ki, xırda işləri nəzərə almasaq, görüləsi nəsə qalmayıb”.
 
***
 
Heydər Əliyev adına İdman-Konsert Kompleksi yeganə arenalarımızdandı ki, burada idmanın 16 növü üzrə yarışlar, həmçinin konsert, kino, sirk tamaşaları, ticarət-sənaye sərgiləri, kütləvi forumlar və müxtəlif teatrlaşdırılmış bədii tədbirlər təşkil oluna bilər. Obyekt əsas meydanla yanaşı, 3 köməkçi zaldan ibarətdi. Əgər təmirə kimi bu zallarda bədii gimnastika, fitnes və basketbol üzrə məşqlər keçirilirdisə, Avropa Oyunlarına görə müvəqqəti dəyişikliklər edilib.
 
Sahə rəisinin köməkçisi bildirib ki, hazırda həmin zallar müasir avadanlıqlarla bir neçə hissəyə bölünüb: “İdmançılar və könüllülər üçün ayrı-ayrılıqda böyük yeməkxanalar hazırlanıb. Həmçinin, idmançılar üçün məşq zalı, püşkatma, dopinq, tibb, hakimlər üçün istirahət, masaj, beynəlxalq federasiyaların işçi otaqları, yarış mərkəzi, iclas zalı, mətbəx və digər köməkçi otaq yaradılıb. Bunların hazırlanmasında yerli şirkətlərlə yanaşı, xarici şirkətlər də çalışıb. Hər şey beynəlxalq federasiyaların standartlarına uyğun qurulub”.
 
Kompleksdə oturacaqlar da yenilənərək, sayı artırılıb, fiziki qüsurlu insanların yarışı canlı izləməsi nəzərə alınıb. Bununla yanaşı, media sektorunda da yeniliklər edilib. Mikayılovun sözlərinə görə, VİP lojalar da daxil olmaqla, digər sahələr də standartlara uyğunlaşdırılıb: “Əlillər üçün 30-a yaxın oturacaqlar quraşdırılıb. Azarkeşlər üçün oturacaqların sayı 7100-dən 7800-ə qaldırılıb, 142 VİP oturacaq quraşdırılıb. Bundan əlavə, zalın yüksək səviyyədə işıqlandırılması üçün 222 yeni projektordan istifadə olunacaq. Müasir akustika və səsgücləndirici sistemlər qurulub. Təmirlə bağlı müqavilə iki hissədən ibarət olduğundan əvvəl nəzərə alınmayan sahələr də yenilənmə işləri aparılıb”.
 
***
 
Burada bədii gimnastika üzrə dünya kubokunun üç mərhələsi, iki Avropa və bir dünya çempionatı keçirilib. İdmanın ecazkar növü ilə yanaşı, güləş üzrə qitə və dünya çempionatının da təşkil olduğu obyektdə 200-dən çox beynəlxalq sərgi, yerli və xarici ifaçıların iştirakı ilə konsert də baş tutub.
 
Kompleks Avropa Oyunlarında isə 20 idman növündən 3-nə ev sahibliyi edəcək. Burada Azərbaycan millisinin əsas medal ümidləri olan güləşçilər, samboçular və cüdoçular nəyə qadir olduqlarını nümayiş etdirəcəklər.
 
Maraqlıdı ki, zal öncə burada müxtəlif əyarlı medallar qazanan güləş yığmamızın ixtiyarına veriləcək. Tarixi kökü eramızdan əvvəl VIII əsrə gedən idmanın bu növü üzrə yarışlar iyunun 13-18-də olacaq və 480 kişi və qadın 24 dəst medal uğrunda gücünü yoxlayacaq.
 
Arena iyunun 22-də samboçuların ixtiyarında olacaq. Həmin gün 70-dən çox kişi və qadın idmançı 8 çəki dərəcəsində Avropa Oyunlarının qalibi olmaq üçün güləşəcəklər.
 
İyunun 25-28-də isə cüdo və paracüdoçular münasibətlərinə aydınlıq gətirəcəklər. Sərt, sürətli və tam təmaslı idman növü olan cüdo yarışlarda 350-dən çox idmançı 16 dəst medal uğrunda yarışacaq. Paralimpiyaçılara gəldikdə, onlar 2 çəkidə güclünü müəyyənləşdirəcəklər.
 
Mikayılovun sözlərinə görə, yeni inşa edilən obyektlərlə müqayisədə Heydər Əliyev adına İdman-Konsert Kompleksi bugünlərdə yığmalarımızın ixtiyarına veriləcək. O bildirib ki, arenada təşkil olunacaq növlər üzrə test turnirləri də olacaq: “Kompleksdə güləş, cüdo və sambo üzrə test turnirlərinin keçirilməsi nəzərdə tutulub. Öncə - apreldə güləşçilər zalın yarışa nə dərəcədə hazır olub-olmadığını yoxlayacaqlar. Ardınca cüdo və samboçu üzrə yarışlar da baş tutacaq. Həmçinin, bugünlərdə məşq zalı güləşçilərin ixtiyarına veriləcək”.
 
***
 
Beləliklə, Avropa Oyunlarının keçiriləcəyi daha bir idman obyektinin yüksək səviyyədə hazırlığı görərək, Heydər Əliyev adına İdman-Konsert Kompleksini tərk edirik. Amma bu, müvəqqətidi. Çünki cəmi 29 gündən sonra bu məkana qayıdacağıq. Axı, aprelin 16-da güləş üzrə test turnirinin startı burada veriləcək...
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.