|
|
|
|

Yunanıstan hökuməti Trans-Adriatik Təbii Qaz Boru Xətti (TAP) layihəsini dəstəkləyir.
"APA-Economics"in "Greek Reporter" saytına istinadən verdiyi xəbərə görə, bunu Yunanıstanın ətraf mühit və energetika naziri Panayotis Lafazanis deyib.
"Yunanıstan hökuməti TAP layihəsini dəstəkləyir. Çünki bu layihə ölkəmizə səmərə gətirəcək", - deyə P. Lafazanis qeyd edib.
Nazir əlavə edib ki, onun rəhbərlik etdiyi qurum Yunanıstanın bu layihədən əldə etdiyi mənfəətin həcmini araşdırmaq üçün TAP konsorsiumu ilə birgə komitənin yaradılmasına razılıq verib.
P. Lafazanis onu da bildirib ki, "yerli ictimaiyyətin sərt reaksiyası ilə qarşılaşdıqda TAP-ın marşrutunun dəyişdirilməsi məsələsinə yenidən baxıla bilər".
Qeyd edək ki, TAP “Mərhələ-2” çərçivəsində “Şahdəniz” yatağından təbii qazın Yunanıstan və Albaniyadan Qərbi Avropaya nəqlini nəzərdə tutur. Boru kəmərinin gücü ildə 10 mlrd. kubmetr qaz təşkil edir. Lakin tələb və təklifdən asılı olaraq bu rəqəmin 20 mlrd. kubmetrə çatdırılması mümkündür. Bu kəmərlə Azərbaycan qazının nəqlinin 2019-cu ildə başlanması nəzərdə tutulur.
Trans-Adriatik qaz kəməri layihəsində səhmdarlar arasında pay bölgüsü aşağıdakı kimidir: BP - 20%, SOCAR - 20%, “Statoil” - 20%, “Fluxys” - 19%, “Enagas” - 16% və “EGL-Axpo” - 5%.



