|
|
|
|

Azərbaycanla Türkmənistanın rəsmi dairələri bu ölkənin Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsində (TANAP) pay alması ilə bağlı danışıqlar aparmayıb.
“APA-Economics”in məlumatına görə, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev “Caspian Energy Club”un təşkilatçılığı ilə keçirilən biznes forum çərçivəsində jurnalistlərə bildirib.
Nazir bildirib ki, belə bir məsələ nə Azərbaycan, nə də Türkmənistan tərəfindən qaldırılmayıb.
“Türkmənistanın TANAP-da iştirakının mənası yoxdur”, - deyə nazir qeyd edib.
Türkiyə və Avropa Birliyi ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi və təchizatın diversifikasiyası baxımından böyük önəm daşıyan TANAP çərçivəsində qonşu ölkəyə ilk qaz nəqlinə 2018-ci ildə başlanılması planlaşdırılır. Başlanğıcda illik 16 mlrd. kubmetr təşkil edəcək nəql həcminin mərhələli surətdə əvvəlcə 24 mlrd. kubmetrə, sonra 31 mlrd. kubmetrə yüksəldilməsi nəzərdə tutulur.
1850 kilometrlik TANAP xətti 2020-ci ilin əvvəlindən etibarən Trans-Adriatik Təbii Qaz Boru Xəttinə (TAP) bağlanaraq, Cənubi Qafqaz Boru Xətti vasitəsilə alacağı təbii qazı Yunanıstan, Albaniya və İtaliya üzərindən Avropaya çatdıracaq.
TANAP $10-11 mlrd. dəyərində qiymətləndirilir.
TANAP layihəsi payçılar arasında səhmlər belə müəyyənləşdirilib: “Cənub Qaz Dəhlizi” şirkəti - 58%, BOTAŞ - 30%, BP - 12%.



