|
|
|
|

Azərbaycan Respublikası hökuməti ilə Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyinin birgə maliyyələşdirdiyi "Kiçik şəhərlərdə su təchizatı və kanalizasiya layihəsi" çərçivəsində "Qobustan şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi"nin icrasına başlanıb.
Mayın 10-da Qobustan şəhərində işlərə başlanılması münasibətilə təməlqoyma mərasimi keçirilib.
Mərasimdə çıxış edən "Azərsu" Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov bildirib ki, Qobustan şəhərində işlərə başlanması xoş bir günə - böyük dövlət xadimi, ulu öndər Heydər Əliyevin anadan olmasının 92-ci ildönümünə təsadüf edir:
"Heydər Əliyev strategiyasının layiqli davamçısı möhtərəm Prezident İlham Əliyevin hər bir yaşayış məntəqəsinin dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilməsi barədə tapşırıqlarına uyğun olaraq bu gün 50-dən artıq rayonda içməli su və kanalizasiya layihələri icra olunur ki, bunların 40-da tikinti işlərinə başlanıb. Artıq bu şəhərlərin bəzisində layihə tam başa çatıb, bəzisində içməli su şəbəkəsi üzrə işlər yekunlaşıb. Bu gün "Azərsu" ASC-nin sifarişi ilə 27-ci şəhərdə - Qobustanda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə tikinti işlərinə başlanılır. Qobustan rayonunda içməli su mənbələri məhduddur, rayon mərkəzində və kəndlərdə içməli su problemi müşahidə olunur. Cənab Prezident qısa müddətdə bu məsələnin həll edilməsi tapşırığını verib.
Bunu nəzərə alıb və bu gün təməli qoyulan layihənin icrasını gözləmədən 2011-2012-ci illərdə dövlət büdcəsi vəsaiti hesabına Qobustan şəhərinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə Təsi kəndi yaxınlığında 2 subartezian quyusu qazılıb, Təsi və Bədəllidə qaldırıcı nasos stansiyaları, anbarlar tikilib, Qobustan şəhərinə qədər 21 km uzunluğunda (325-220 mm polad borularla) magistral kəmər çəkilib.
Bu kəmərdən artıq rayonun Cəmcəmli, Ərəbqədim və Göydərə kəndlərinə suyun verilməsi təmin edilib. Bu gün icrasına başlanan yeni layihə çərçivəsində Qobustan şəhər əhalisinin içm
əli su təchizatı və kanalizasiya xidmətlərindən istifadəsini əsaslı şəkildə yaxşılaşdıracaq. İşlərin 2 il müddətinə başa çatdırılması nəzərdə tutulur, amma kollektivimiz çalışacaq işləri daha tez yekunlaşdırsın".
Rayon icra hakimiyyətinin başçısı Adil Məmmədov Qobustan şəhərinin su təchizatının və kanalizasiya sistemlərinin yenidən qurulmasının şəhərin sosial-iqtisadi inkişafına töhfə verəcəyini qeyd edib.
"Qobustan şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması" layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Qobustan şəhərində 11700 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Bu layihə çərçivəsində rayonun Təsi, Bədəlli, Sədəfli, Dərəkənd kəndlərinə də içməli su veriləcək.
Layihə çərçivəsində Qobustan şəhərində 61,4 km uzunluğunda içməli su şəbəkəsi tikiləcək, 3007 ünvana birləşmə veriləcək. Layihəyə uyğun olaraq Qobustan şəhərində kanalizasiya sistemi də yaradılacaq.
Bu məqsədlə 52,1 km uzunluğunda kanalizasiya şəbəkəsi, 7 km kanalizasiya kollektoru tikiləcək və 2875 ünvana birləşmə veriləcək.
Layihənin icrasının 2017-ci ilin ortalarında başa çatdırılması nəzərdə tutulur.



