|
|
|
|
Ötən gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Kitabxanasında “Kitabi-Dədə Qorqud” abidəsinin elm aləminə məlum olmasının 200 illiyinə həsr olunmuş “Epos və Etnos” adlı beynəlxalq simpozium keçirilib.
Simpozium Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu, AMEA-nın Nizami adına Ədəbiyyat və Folklor institutlarının birgə təşkilatçılığı ilə reallaşıb.
Beynəlxalq əhəmiyyətli simpozium Prezident İlham Əliyevin 20 fevral 2015-ci il tarixli “Kitabi-Dədə Qorqud”un alman dilində ilk tərcüməsi və nəşrinin 200 illiyinin qeyd edilməsi haqqında” sərəncamına əsasən təşkil olunub.
Tədbiri AMEA-nın vitse-prezidenti, Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açaraq “Kitabi-Dədə Qorqud” abidəsinin dəyərindən danışıb, Prezidentin sərəncamına əsasən ilin sonuna qədər silsilə tədbirlərin keçiriləcəyini vurğulayıb:
“Kitabi-Dədə Qorqud” türk dünyasının müstəsna dərəcədə qiymətli abidəsidir. Qərb dastanlarında daha çox salnaməçiliyə, Şərq dastanlarında isə daha çox poetikaya, şeirə, şişirtməyə meyil güclüdür. “Kitabi-Dədə Qorqud” isə mükəmməl nəzm və nəsrin vəhdətindən yaranan abidədir. Burada mənsub olduğu xalqın böyük idealları əks olunub. Türk dünyasında və Azərbaycanda “Kitabi-Dədə Qorqud”la bağlı az qala bir kitabxanalıq kitablar yazılıb, tədqiqatlar aparılıb. Görkəmli qorqudşünaslarımızdan Məmmədhüseyn Təhmasib, Orxan Şaiq Gökyay, Əli Sultanlı, Fuad Köprülü, Məhərrəm Ergin, Həmid Araslı, Şamil Cəmşidov, Səfərəli Babayev kimi alimlərin adlarını çəkməyi özümə borc bilirəm. Bu abidənin taleyində dönüş nöqtəsi isə 20 aprel 1997-ci ildə Ümummilli lider Heydər Əliyevin imzaladığı “Kitabi-Dədə Qorqud” dastanlarının 1300 illiyinin qeyd olunması haqqındakı qərardır.
Qərarın işığında çoxsaylı tədbirlər keçirildi və yeni nəşrlər meydana gəldi. “Kitabi-Dədə Qorqud” ensiklopediyası, məqalələr çap olundu, oxucular üçün sadələşdirilmiş variantı işıq üzü gördü, rəsm əsərləri çəkildi, şeirlər yazıldı, sanki “Kitabi-Dədə Qorqud” yenidən həyata qaytarıldı. Azərbaycan prezidenti İlham Əliyevin son illərdə sözügedən dastanlarla bağlı verdiyi sərəncamlara əsasən, Dədə Qorqud parkı salınıb, Dədə Qorqud abidəsi ucaldılıb, eyni zamanda dastanın motivləri əsasında çoxseriyalı filmin çəkilişi nəzərdə tutulur. Böyük alman şərqşünası Fridrix fon Dits tərəfindən “Kitabi-Dədə Qorqud”un elm aləminə tanıdılmasının 200 illiyinin qeyd edilməsi də Prezidentin qərarıdır. Dövlət səviyyəsində həyata keçirilən bütün bu layihələr Azərbaycanda, türk dünyasında milli düşüncənin, soy-kökə bağlılığın, müstəqil anlayışının daha da dərinləşməsinə, inkişaf etdirilib möhkəmlənməsinə xidmət edən, yeni nəsilləri öz işığında, ölkəsinin yeni nəslinin milli ruhda tərbiyə olunmasına göstərilən qayğının bariz ifadəsidir”.
Millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev simpozium iştirakçılarını salamlayaraq tədbirin əhəmiyyətini vurğulayıb:
“Azərbaycan Prezidenti bir alman aliminin Azərbaycan üçün, türkologiya üçün, qorqüdşünaslıq üçün gördüyü işə siyasi qiymət verdi. Bu, çox önəmli bir məsələdir. Bu, Azərbaycanın bugünkü siyasətinin, mədəniyyətinin, ədəbiyyatının, azərbaycançılığın dünyada daha da tanınıb inkişaf etdirilməsi üçün atılan son dərəcə mühüm addımlardan biridir. Həmin sərəncamla tanış olan alman həmkarlarımız da böyük fəxr və minnətdarlıq hissi keçiriblər.
“Kitabi-Dədə Qorqud” dastanlarının “Nibelunqlar nəğməsi” ilə müqayisəli şəkildə öyrənilməsinin əsası Bakı Slavyan Universitetində qoyulub. Orada çalışan alman alimləri - germanistlər Fridrix fon Ditsə belə qiymət verilməsindən riqqətə gəlmişdilər. Mənə elə gəlir ki, bu sərəncamın mənəvi və siyasi əhəmiyyəti elə bununla da ölçülə bilər”.
K.Abdullayev sərəncamın qorqudşünaslığın sistemli şəkildə inkişafını nəzərdə tutduğunu bildirərək rəhbəri olduğu qurumlar tərəfindən bu istiqamətdə aparılan işlərdən söz açıb: “Bir il ərzində görülən işlər onu göstərir ki, biz hamımız bir yerdə bu sərəncamın ruhuna, daxili məzmununa uyğun hərəkət etmişik.
Yanvar ayında Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində böyük bir kollokvium keçirilib. Bu kollokviumla silsilə tədbirlərə bir növ start verilib”. K.Abdullayev “Kitabi-Dədə Qorqud”la bağlı görülən işlər haqqında söhbət açıb: “Bilik Fondunun həyata keçirdiyi “Kitabi-Dədə Qorqudun izi ilə” adlı layihə çərçivəsində Beyləqan, Xocavənd, Qax, Zaqatala, Horadiz, Naftalan, Lənkəran, Gəncə, Naxçıvan, Bakı şəhərlərində ən müxtəlif tədbirlər - dəyirmi masalar, simpoziumlar, kollokviumlar təşkil olundu, “Qardaşlamış məktəblər” proyekti çərçivəsində məktəblilərin “Kitabi-Dədə Qorqud” dastanlarıyla tanışlığının səviyyəsini və dərəcəsini göstərən müxtəlif işlər həyata keçirdik. Xocavənd rayonundakı Nərgiztəpə ətrafında Qaraca Çobanla bağlı çox maraqlı tədbir təşkil edildi. Horadiz qəsəbəsində “Kitabi-Dədə Qorqud” dastanı milli-mədəni sərvətimizdir” adlı tədbir oldu. Bilik Fondunun dəstəyi ilə ölkənin müxtəlif bölgələrində alim və tədqiqatçılar bütövlükdə 50-yə yaxın mühazirə oxudular. Şamaxı, Qax, Oğuz şagirdləri arasında qorqudşünaslığın 200 illiyinə həsr olunmuş tədbirlərin təşkilini də yüksək qiymətləndirmək lazımdır. 100-dən artıq orta məktəbdə “Kitabi -Dədə Qorqud”la bağlı inşa müsabiqələri keçirildi. Naxçıvanda xarici və yerli alimlərin mövzuyla bağlı silsilə mühazirələri təşkil edildi”.
Akademik ilin sonuna qədər görüləcək işlər haqqında danışarkən vurğulayıb ki, Fridrix fon Dits haqqında “Kultura plyus” internet televiziyası tərəfindən sənədli filmin çəkilməsi nəzərdə tutulur: “Fridrix fon Dits haqqında kitab yaxın günlərdə işıq üzü görəcək. Eyni zamanda Drezden şəhərində, “Kitabi-Dədə Qorqud”un əlyazmasının saxlandığı o kitabxanada beynəlxalq tədbir keçirməyi qarşımıza məqsəd qoymuşuq. Bu yəqin ki, dekabrın ortalarında olacaq. Son yekun tədbirimizi isə gəlmiş qonaqlarımızın iştirakı ilə burada keçirməyi palnlaşdırırıq. Arzulayırıq ki, silsilə layihələr bu ilin sonunda yekunlaşmasın, gələn illərdə də davam etsin.
Bununla bağlı bir layihə düşünmüşük. Fridrix fon Ditsin yazdığı önsöz və “Basatın Təpəgözü öldürdüyü boy”un yer aldığı kitabın artıq siqnal nüsxəsi əlimizdədir. Bu kitab alman, avar, çin, erməni, ərəb, fars, fransız, gürcü, hind, xınalıq, ingilis, italyan, kürd, ləzgi, macar, rus, talış, tat, türk, udin, ukrayna, yəhudi, yapon və yunan dillərinə tərcümə edilib, bir ay ərzində 25 kitab bir-birinin yanında sıralanacaq. Biz bununla tariximizi, mədəniyyətimizi təkcə Azərbaycanın müxtəlif bölgələrinə deyil, dünyanın bütün guşələrinə çatdırmağı düşünürük. Yaxın gələcəkdə həmçinin bu kitabın Afrika xalqlarının dillərinə, portəgiz, indoneziya dillərinə tərcüməsi də nəzərdə tutulur.
Prinsip etibarilə “Kitabi-Dədə Qorqud”la həmişə türkoloqlar məşğul olub, bir növ bu abidə türkoloqların inhisarında qalıb. Biz bu inhisar məsələsini qırmalı, abidənin başqa dilçilik və ədəbiyyatşünaslıq istiqamətlərini alimlərə yaxınlaşdırmalıyıq. “Kitabi- Dədə Qorqud”la bağlı ədəbiyyatçıların, dilçilərin, tarixçilərin bir-birinə fikir bildirdiyi dövr arxada qalmalı, biz bu gün bu abidənin mənəvi dünyasının gözəlliklərini kimyaçılarımıza, fiziklərimizə, riyaziyyatçılarımıza, iqtisadçılarımıza da açıqlamalıyıq. Çünki onların baxışı bizim özümüzü də yenidən daxilən silkələyə və yeni gözəl nəticələrə gəlməyə vadar edə bilər. Mənə elə gəlir ki, Azərbaycan Prezidentinin bizim hamımızı tərpədən sərəncamı qorqudşünaslıq istiqamətində yeni bir mərhələnin başlanğıcıdır və arzu edirəm ki, bu mərhələ nəinki illərlə, hətta əsrlərlə davam etsin”.
AMEA-nın müxbir üzvü, Folklor İnstitutunun direktoru Muxtar İmanov çıxışında simpoziumda səslənən məruzələrin, aparılan müzakirələrin qorqudşünaslığa yeni töhfələrdən xəbər verdiyini bildirib.
Simpoziumun açılışında Türkiyədən Ramazan Korkmazın “Terrorun mifoloji siması: Təpəgöz”, Başqırdıstandan professor Axmet Süleymanovun “Qorqud Ata əfsanəvi başqırd söyləyicisi kimi”, Türkmənistandan Kakajan Janbekovun “ Kitabi -Dədə Qorqud”un Türkmənistanda araşdırılma tarixi”, Serbiyadan Qustav-Adlfo Loria-Rivelin “Sakral və epik mətnlərdə fövqəltəbii bədheybət obrazları” mövzusunda məruzələri dinlənilib. Simpozium bu gün də mövzu ilə bağlı silsilə toplantılarla davam edəcək.
Sevinc MÜRVƏTQIZI