Söz Azadlığını Müdafiə Fondu (SAMF) maddi-mədəni itkilərimiz haqqında gənclərin biliklərinin səviyyəsini öyrənmək məqsədilə Bakı şəhərində fəaliyyət göstərən, dörd universiteti əhatə etməklə 200 nəfər tələbə arasında ekspress rəy sorğusu keçirib.
Fonddan 525.az-a verilən məlumata görə, yanvarında keçirilən sorgunun ilkin nəticələrinə görə, rəyi soruşulan respondent-tələbələrin 56 faizinin işğal altında olan rayonlarımız haqqında tam bilgilərinin olmaması üzə çıxıb. Rəyi soruşulanların 40 faizi bu mövzu ilə əlaqəli ətraflı bilgilərə malik olduqlarını bildirib, 4 faizi isə suala cavab verməkdən yayınıb.
Respondentlərin 79 faizinin bu ərazilərdə fəaliyyətdə olmuş muzeylər, habelə turizm obyektləri barəsində hər hansı məlumata malik deyillər. Problemin həlli yollarına gəlincə, rəyi soruşulanların 84 faizi bildiriblər ki, yeni media orqanları ilə ilk növbədə ideoloji işin gücləndirilməsi nəticəsində mövcud problemin müəyyən mənada həllinə nail olmaq olar. Respondentlərin 54 faizi isə gənclərdə sosial təşəbbüslərin artırılmasını məqsədəuyğun hesab edib.
Qeyd edək, ekspress sorgu üç ildən artıq davam edən “Maddi mədəni isrimizi qoruyaq” layihəsi çərçivəsində həyata keçirilib. Layihə çərçivəsində həmçinin Qarabağ muzeylərinə həsr olunmuş kitabın hazırlanması da davam etdirilir. Artıq kitaba daxil ediləcək materilalların üç də biri hazırdır. SAMF əməkdaşları tərəfindən hazırlnan kitabın ilin sonunadək başa çatdırlıması nəzərdə tutulub.
BƏXTİYAR