|
|
|
|

Dünən Trendə Xəbərlər Şirkətinin mətbuat mərkəzində Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin rəhbəri Mübariz Əhmədoğlu 2013-cü ilin fevral ayı üzrə beynəlxalq və regional ictimai-siyasi proseslərin təhlilinə həsr olunmuş analitik materialın təqdimatını keçirib.
İran-ABŞ dialoqunun Rusiyanı şübhələndirdiyini bildirən politoloq əvvəllər də üç dəfə molla rejiminin ABŞ-a belə dialoq təklifi irəli sürdüyünü deyib. Onun sözlərinə görə, təklif yalnız ABŞ-ın qəbul etməməsinə görə reallaşmayıb. Tacikistan, Qırğızıstan və Ermənistan Rusiyadan ən çox “pul çəkən” dövlətlər olduğunu söyləyən M.Əhmədoğlu bu dövlətlərin Rusiyanın onları Gömrük İttifaqına daxil etməsilə bağlı niyyətinə “yox” deməsələr də, vaxtı uzatmaqla məşğuldurlar: “Bu dövlətlərdə Rusiyanın hərbi bazası mövcuddur. Ermənistan Rusiyaya strateji müttəfiq deyə-deyə onun hərbi, iqtisadi imkanlarını öz maraqlarına uyğun istismar edib və edir. Eyni zamanda Ermənistan Rusiyanın hesabına əlavə torpaqlar işğal edib. Artıq Ermənistan da Gömrük İttifaqına və yaxud Avrasiya Birliyinə girməkdən imtina edir.
Hətta prezident seçki kampaniyası bitdikdən sonra da Ermənistan Rusiyanın dəstəklədiyi inteqrativ layihələrə qoşulmağa “hə” deməyib. Ermənistanın 7.5 milyard dollar borcu var və demoqrafik problemlər günü-gündən kəskinləşir: ölkə sürətlə geriləyir. Hətta bu halda olan ölkə Rusiyanın çağırışına qoşulmur. Ermənistan öz ərazisindəki leqal fəaliyyət göstərən, aktivlik nümayiş etdirən hərbi bazanı nəzərə almırsa, FTX-nin gizli fəaliyyətini asanlıqla neytrallaşdıra biləcək. Ermənistan SSRİ-ni ona görə dağıtmayıb ki, bu gün Gömrük İttifaqı adı ilə təzədən o quruma girsin. Gömrük İttifaqının üzvləri olan Qazaxıstan və Belorusiya müstəqillik məsələsində RF-in nazı ilə oynamayacaqlarını aşkar şəkildə bildirdilər və bu istiqamətdə də fəaliyyət göstərirlər. Belə olan təqdirdə MDB-də inteqrasiya layihələrinin FTX tərəfindən qorunması məsələsi qəribə görünür. Bütün MDB inteqrasiya layihələrinin əleyhinədir.
Gürcüstanın baş nazirinin öz pulunu öz ölkəsinə və vətəndaşlarına etibar etmirsə xarici investor ümumiyyətlə Gürcüstana investisiya ideyasını yaxına buraxmayacaq. Ehtimal ki, İvanişvilinin adına deyilən pulun sahibi özü deyil. Onun pulu ola bilər Moskvada erməni kriminalının girovluğundadır və hakimiyyətdə olduğu zaman atdığı addımlar da onun pulunu girov götürənlərin maraqlarının təmini istiqamətindədir.
Gürcüstanda indi baş verənlər bütövlükdə Cənubi Qafqaz regionuna təsir edə bilər. Sonu ciddi nəticələrə gətirib çıxara biləcək proseslərin bünövrəsi qoyulub. Yeni baş nazir Bidzinva İvanişvili Ermənistan və Rusiyaya meyl etməklə regionda müstəqillik illərində formalaşmış siyasi arxitekturanı dağıdır. Bu, ermənilərin daha da aktivləşməsinə səbəb ola bilər və əlamətlər üzdədir.
Ermənilər Cavaxetiya regionunda xeyli aktivləşiblər. Onların bu günkü aktivliyi Saakaşvilinin komandasının vəzifədən getməsinə tuşlansa da, az keçmiş bu separatizmi dirildəcəkdir. Cavaxetiya regionunda erməni separatizminin aktivləşməsi Gürcüstanı Ermənistana gedən yolu kəsməyə vadar edəcəkdir. Nəticədə Ermənistan Gürcüstana qarşı daha əlavə təzyiq göstərmək məcburiyyətində qalacaq. Dağlıq Qarabağdan qoşunlarını Gürcüstanla sərhədə çəkən Ermənistan Qarabağ istiqamətində hərbi gücünü xeyli zəiflədəcək. Bu isə Dağlıq Qarabağdan ermənilərin Ermənistana qayıtmasına səbəb ola bilər. Nəticədə Dağlıq Qarabağ asanlıqla Azərbaycanın tərkibinə qayıda bilər. Bunun konturları görünən kimi həm Rusiya, həm də beynəlxalq ictimaiyyət Gürcüstanın parçalanmasına və Cavaxetiyanın Ermənistana keçməsinə, Dağlıq Qarabağın Azərbaycana qayıtmasına razılıq verəcəklər; ən azı maneçilik etməyəcəklər. Dağlıq Qarabağ kimi böyük təhlükə nisbətən kiçik təhlükə ilə əvəzlənəcəkdir”.
Türkiyənin ATƏT-in Minsk Qrupuna təqdim etdiyi təklifin mahiyyətindən danışan politoloq bunları söyləyib: “Türkiyənin təkliflərinə görə, Ermənistan Dağlıq Qarabağ ətrafındakı 7 rayonu boşaldır, əvəzində Türkiyə onun Bakı-Tbilisi-Qars dəmiryoluna qoşulmasına şərait yaradır, Türkiyə Qars-Gümrü dəmiryoluna fəaliyyətə başlamasına icazə verir, avtomobil yolları açılır. Türkiyənin bu təklifinin bir neçə vacib məqamları vardır: Bu, Türkiyənin Ermənistana kommunikasiya imkanlarını yaxşılaşdırmaq istiqamətdə təklif etdiyi ikinci layihədir. Türkiyənin indiki təklifində öz ilkin mövqelərindən geri çəkilib. Birinci layihə Dağlıq Qarabağın özü də daxil olmaqla işğal olunmuş torpaqların tam azad olunmasını təsbit etdiyi halda, ikinci layihə yalnız Dağlıq Qarabağ ətrafındakı rayonların azad olunmasını nəzərdə tutur.
Ağdam-Şuşa-Laçın-Gorus-Naxçıvan-Türkiyə marşrutu ilə vaxtilə mövcud olmuş avtomobil yolunun işə düşməsi Aran və Dağlıq Qarabağı Ermənistan və Naxçıvandan keçməklə Türkiyə ərazilərilə birləşdirirdi. Türkiyənin mövqeyində Ermənistanın xeyrinə olan bu dəyişiklik arzu olunmasa da Azərbaycan üçün faciəvi deyil. Ermənistan Türkiyənin təqdim etdiyi bu variantı qəbul etmədi. Bu təklifə cavab birbaşa olmasa da, dolayısı yolla oldu. ATƏT Minsk Qrupu Türkiyənin belə vacib təklifi ilə bağlı hansısa bir münasibət nümayiş etdirmədi. Həmin bu dövrdə Ermənistan, onların Qərbdəki havadarları, Rusiyada hakimiyyətə yaxın dairələr Türkiyənin Ermənistanı blokadada saxlamaqda ittihamlarını davam etdirmişlər. Bu faktdır ki, Ermənistanın blokadada qalmasının səbəbi onun işğalçılığıdır. Belə alınır ki, Ermənistanın blokadada qalması, münaqişənin davam etməsi Azərbaycan və Türkiyənin deyil, Ermənistan və vasitəçilərin maraqlarına uyğundur. Ermənistanın Türkiyənin təşəbbüsünə cavabını dolayısı yolla və gecikməklə verməsinin səbəbi bəllidir.
Bu, Ermənistandakı seçkilərin qeyri-demokratik keçirilməsi və Qərbin seçkilərin demokratikliyi ilə Qarabağ tənzimlənməsini əlaqələndirməsi ilə bağlıdır. Ermənistan Qərblə siyasi sövdələşməyə gedərək Qarabağ məsələsində mövqeyini dəyişməyə hazır olduğunu nümayiş etdirdi. Bu ölkənin xarici işlər naziri Edvard Nalbandyan Parisdə Azərbaycan xarici işlər naziri ilə görüşməyə hazır olduğunu bildirdi. Bir neçə gün bundan öncə Nalbandyan Parisdə Azərbaycan xarici işlər naziri ilə görüşdən imtina etmiş, yalnız Minsk Qrupu həmsədrləri ilə görüşmüşdü. İndi isə Ermənistan özü belə bir görüşün təşəbbüsü ilə çıxış edir. Bu, Qərblə Ermənistanın arasındakı siyasi sövdələşmədir. Rəsmi Ankaranın irəli sürdüyü hər iki təklif sanballı təkliflərdir. Bu təkliflərin icra olunmaması Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tənzimlənməsinə inamını tamamilə aradan qaldıra bilər. Türkiyə Qarabağ məsələsində rəsmi Bakının yanında olduğunu bildirsə də, Azərbaycanın müharibəyə başlamasına razı deyil. Türkiyənin dinc tənzimləməyə inamının qırılması Azərbaycanın müharibəyə başlamasına ciddi təkan ola bilər; Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi qarşıdan gələn dövrdə Ermənistan rəhbərliyi üçün bir nömrəli məsələ olmalıdır. Ermənistanın və dünya erməniliyinin indiki vəziyyətinin ən əsas səbəbkarı ermənilərin Qarabağı işğal etməsidir.
Qarabağın işğalı Ermənistan üçün radioaktiv maddədir. Onu özlərindən uzaqlaşdırmalıdırlar. Azərbaycan böyük hərbi imkanlara malikdir. Kosmik dövlətə çevrilməsi Azərbaycanın hərbi imkanlarında inqilabi dəyişiklik yaradıb. Azərbaycanı Dağlıq Qarabağ məsələsindəki mövqeyindən döndərə bilən qüvvə Yer kürəsində yoxdur. Biz Dağlıq Qarabağa da, Zəngəzura da sahib çıxacayıq. Ermənilərin mümkün qədər tez Dağlıq Qarabağ tənzimlənməsinə başlanması ilk növbədə ermənilər üçün həyati əhəmiyyətlidir. Ermənilər Ermənistan vətəndaşı olan gənclərin Qarabağa və digər işğal olunmuş ərazilərimizə hərbi xidmətə göndərilməsini dayandırmalıdır. Bir azdan ermənilər Qarabağdan meyit daşıyacaqlar. Əgər erməni gəncinin ölümü S.Sərkisyana vacibdirsə, onu Dağlıq Qarabağa göndərməmiş Ermənistanda öldürüb torpağa basdırsın. İşğalçı qüvvələrin Azərbaycan torpaqlarından çıxması prosesi başlanmalıdır. Azərbaycan bir müddətdən sonra torpaqlarımızdakı yad qoşunlara dəqiq və nöqtəvi zərbələr endirəcək. 1988-ci ildən sonra Dağlıq Qarabağda məskunlaşdırılmış bütün ermənilər təcili surətdə oranı tərk etməlidirlər. Onlar Dağlıq Qarabağı tərk etmək arzularını BMT-nin müvafiq strukturları, ATƏT, ABŞ, və Aİ-yə bildirsələr daha müsbət qarşılana bilər. Başqa yerlərdən də onlara kömək gələ bilər. Dağlıq Qarabağda yalnız 1988-ci ilədək orada yaşamış insanlar və onların nəsilləri yaşamalıdır”.
İndiki mitinqlərin Ermənistan dövlətçiliyi üçün xilas yolu olmadığını deyən M.Əhmədoğlu Sərkisyanın bu mitinqlərlə elə də çox vaxt uda bilməyəcəyini bildirib. Onun sözlərinə görə, bu mitinqlər Ermənistanın işğalçılıq siyasətinə münasibət bildirməklə yanaşı, Ermənistan dövlətçiliyinin gələcək inkişaf yollarını müəyyənləşdirməlidir. O, İranın Ermənistanla Azərbaycan arasındakı manevrinin davam etdiyini qeyd edib: “İran parlamenti Xocalı soyqırımını müzakirə etmək və tanımaqla Azərbaycan parlamentinin rəsmi müraciətin olması faktını təsdiqləsə də heç bir reaksiya vermədi. İran Xocalı soyqırımı ilə bağlı rəsmi qaydada müzakirə keçirməyən çox azsaylı dövlətlərdən biri oldu.
Azərbaycanda təsadüfi qəzet yazısına, hansısa bir qeyri-hökumət təşkilatının mövqeyinə Xarici İşlər Nazirliyinin notası və digər rəsmi şəxslərin dili ilə reaksiya verən İran Azərbaycan parlamentinin rəsmi müraciətinə münasibət bildirməməsi İranın hələ də Qarabağ məsələsində Ermənistanın yanında olduğunu göstərir. İranın Ali dini liderinin nümayəndəsi, İran Ali milli təhlükəsizlik şurasının katibi Səid Cəlilinin Bakıya səfərindən sonra rəsmi Tehranın Xocalı faciəsinə diqqət verməməsi Səid Cəlilinin səfərinin əhəmiyyətini xeyli aşağı salır. Səid Cəlilinin səfərini təsadüfi və ya turist səfəri kimi qəbul etməsək də İranın antiazərbaycan xəstəliyinə düçar olmasını çox əsaslı olmasının əlamətləri üzdədir. İranın nüfuzlu din xadimlərindən birinin Azərbaycanla yanaşı Ermənistanı da öz ərazisinə qatmaq niyyəti Ermənistanda ciddi qəbul edilmədi. Ermənilər İranlı din xadiminin bu bəyanatını Azərbaycanın əməli hesab edirlər. Hər halda İran Ermənistanla əlaqələrini inkişaf etdirməsi indi Ermənistanın özü üçün təhlükə yaradır. Seçki vaxtı Ermənistanda olan xarici mətbuatın təmsilçiləri İran, Ermənistan münasibətlərinə də diqqət ayırdılar. Bir qrupu bu münasibətləri qarşılıqlı faydalı adlandırsa da digər qrupun fikrincə, Ermənistan-İran münasibətləri Ermənistanın qərblə münasibətlərini kölgə altına salır”.
Aqil LƏTİFOV



