|
|
|
|

Texnoloji inqilab yeni eranın başlanğıcı kimi Elektron hökumət quruculuğunun meydana gəlməsi və inkişafı ilə distant əlaqəni möhkənləndirməyə xidmət etmiş olur. Verilmə qaydaları olduqca sadələşdirilən elektron imzadan istifadə imkanları isə hələ məhdud səviyyədədir. Mövcud baza şəraiti yaradıldıqda bu imzadan dövlət təşkilatlarında, maliyyə sektorunda, elektron kommersiyada tam istifadə etmək mümkün olacaq.
Qeyd edim ki, E-imzanın tətbiqi layihəsi “Elektron imza və elektron sənəd haqqında” qanuna uyğun olaraq həyata keçirilir. Qanuna əsasən e-imzanın adi imzadan heç bir fərqi, ayrıcalığı yoxdur. İstənilən vətəndaş artıq internet üzərindən elektron ərizə formasındakı suallara cavab verməklə və onlayn qaydada ödəniş etməklə elektron imza kartı sifariş edə bilər. Prezident İlham Əliyevin 2013-cü ili “İnformasiya-Komunikasiya” ili elan etməsi E-hökumət quruculuğunun və eləcə də e-imzanın Azərbaycanda aktuallığını daha da artırır. Bu imzanın tətbiqi vətəndaş-məmur əlaqələrini virtual məkana daşıyır ki, nəticədə vətəndaş nə vaxt itkisi ilə, nə də bürokratik əngəllərlə üzləşir. Bir növ məmur-vətəndaş təmasını azaldır. Şəffaflığının qorunması və korrupsiyanın aradan qaldırılması baxımından çox önəmli layihə olan elektron imzanın artıq 2 ildir ölkəmizdə tətbiqinə başlanılıb.
Elektron imzanın qiyməti fiziki, hüquqi şəxslər və biznes qurumları, dövlət müəssisələrinin əməkdaşları üçün 3 kateqoriyada olmaqla müxtəlifdir. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi E-imzanın tətbiqi üçün zəruri infrastrukturun yaradılmasında dövlət müəssisələrinə istənilən yardımı göstərməyə hazır olduğunu bildirib. Ancaq hələ ki, bu imzanın tətbiqi bütün dövlət orqanlarını əhatə etmir. Səbəb kimi isə hələ bu modelin ölkə üçün yeni olduğu göstərilir. Elektron dövlət quruculuğu ilə bağlı təşəbbüs göstərən və bu sahənin inkişafına xüsusi diqqət ayıran Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi cəmiyyəti daha da məlumatlandırmaq və bu yeniliyə cəlb etmək üçün ictimai təbliğat məzmunlu tədbirlər də həyata keçirir. Belə layihələrdən biri də nazirliyin Məlumat Hesablama Mərkəzinin həyata keçirdiyi aksiya olub. Aksiya zamanı onlayn elektron ərizə xidməti vasitəsilə imza sertifikatı almaq üçün müraciət edən ilk 1000 vətəndaşa ödənişsiz elektron imza kartları verilib.
Elektron imzanın adi imzadan fərqinin məkanı tərk etmədən çox rahat şəkildə müxtəlif xidmətlərdən faydalanmaq olduğunu bildirən Xəzər İnternet İnstutunun direktoru Rəşad Əliyev qeyd edib ki, artıq bir çox orqanlar e-imzaya keçiblər: “Bu yaxınlarda Vergilər Nazirliyində, sənədləşmə ilə əlaqədar işləri həll etmək üçün e-imzadan istifadə etmişdim. Vergilər Nazirliyinin saytına daxil oldum (e-taxes.gov.az) və E-imza vasitəsi ilə şirkətin qeydiyyatı üçün ərizə göndərdim. İki gün keçmədi ki, mənə zəng etdilər: “Gəlib VÖEN-ni götürə bilərsiniz”. Əlavə heç bir pul ödəmədən gedib elektron imzamı əldə etdim. Daha sonra 2-3 gün evdən çıxmadan yenidən Vergilər Nazirliyinin saytında şirkətin qeydiyyatını etdim.
R. Əliyev əlavə edib ki, Azərbaycanda bu sistemin istifadəsi çox yaxşı haldır: “Bəzi texniki qüsurlar var, onlar da aradan qaldırılsa, kommersiya şirkətlərinə də bu xidmətdən istifadə etməyə imkan yaradılsa, daha münbit şərait yaranacaq. Elektron imza istifadəçilərinin sayı da getdikcə artmaqdadır. Bu baxımdan dövlət tərəfindən müxtəlif həvəsləndirici kampaniyalar, aksiyalar həyata keçirilir. Ölkəmiz üçün yeni imza xidməti hazırda yalnız dövlət orqanlarında istifadə edilir”.
Hazırda Azərbaycanda Elektron hökumətin inkişaf etdirilməsi ilə bağlı bir çox işlərin görüldüyünü, bütün dövlət orqanlarının bu prosesə cəlb olunduğunu diqqətə çatdıran hüquqşünas Nazir Quliyev bildirib ki, müasir dövr informasiya-kommunikasiya dövrü olmaqla yanaşı, Azərbaycanda 2013-cü ilin İnformasiya-kommunikasiya ili elan edilməsi də bu işə ciddi diqqətin ayrılmasına gətirib çıxarır: “Elektron imzanın ölkə quruculuğu və onun inkişaf mexanizmində əhəmiyyətli rolu var.
Elektron sənədləşmə, hesabatların elektron qəbulu üzərində iş aparılır. Elektron imza insanların iş yükünün yüngülləşdirilməsi, əlavə vaxt itkisinə yol verilməməsi, həm də elektron sənədləşmədə insanların dövlət orqanlarının nümayəndələrilə ünsiyyətini azaldılması baxımından əlverişli şərait yaradır. Bir çox bürokratik əngəllərin və həmçinin hansısa problemlərin aradan qalxmasına kömək edir. Eləcə də nəqliyyat sektorunda gediş-gəliş biletlərinin elektron yolla əldə olunmasına imkan verir ki, insanlar bundan yararlanaraq evdən bayıra çıxmadan həmin prosesi yerinə yetirə bilərlər”.
Hüquqşünas N.Quliyev sonda hər hansı bir məhkəmə işində elektron müraicətlə rastlaşmadığını dilə gətirərək bu imzadan əsasən elektron müraciət formalarının hazırlanması, vergi orqanları ilə bağlı proseslərin həyata keçirilməsində istifadə olunduğunu qeyd edib.
İstənilən şəkildə insanların üzərindən xeyli yük götürən və vaxtlarına qənaət etməyə imkan verən e-imza yalnız istifadə imkanlarının tam tətbiqi ilə özünə əhəmiyyət qazandıra bilər. Hələ ki bu istiqamətdə sürətli fəaliyyət aparılır.
Hərəmiz bir imza ataq ki, o imza hər birimizin həyatında böyük dəyişikliyə yol aça bilsin. Ancaq uğurlu qapıların açarı tək bir imzanın elektron olmasında deyil. Əslində hər işin mahiyyəti onun bacarıqlı əllərdə qurulması və idarə olunmasındadır. İmza isə bu işi rəsmiləşdirərək, fəaliyyəti hüquqi bazada tənzimləyir.
Ceyhun ABASOV



