|
|
|
|
AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional Şöbəsi oktyabrın 29-da Kürdəmir rayonunda “Mahmud ağa məclisi” adlı tədbir keçirib.
Tədbir dövrünün məşhur xeyriyyəçisi, muğam bilicisi, poeziya, maarifçiliyin hamisi, şair, bəstəkar, XIX əsrdə ölkəmizdə muğam müsabiqələrinin təməlini qoymuş, Seyid Əzim Şirvaninin “Beytüs-səfa” ədəbi məclisinin dəstəkçisi və himayəçisi Mahmud ağa Əhməd ağa oğlu Məmmədzadənin (1826-1896) 190 illik yubileyinə həsr edilib.
Regional Şöbənin müdiri, filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı məclisi açaraq Mahmud ağanın XIX əsrdə Şirvan-Şamaxı ədəbi-mədəni mühitindəki rolundan, xalqın, sadə insanların ümid-pənah yeri olmasından, şirvanlı ziyalıların yetişməsinə yardımından, Azərbaycan, xüsusilə də Şirvan sənət nümunələrinin əcnəbilər arasında təbliği üçün göstərdiyi xidmətlərdən danışıb.
“Muradxan” şadlıq evində təşkil olunan tədbir tərtibatı, məzmunu və iştirakçı kontingenti baxımından Mahmud ağanın vaxtilə öz iqamətgahında keçirdiyi məclisləri xatırladıb.
AYB-nin Şirvan bölməsinin sədri, professor Seyfəddin Qəniyev, Əməkdar artist Eldost Bayram, ustad xanəndə Ağakərim Nafiz, xanəndələr Nemət Ərəboğlu, Zeynal Əhmədov, Nisbət Sədrayeva, aşıq Ağamurad Şirvanlı, tarzən Mehman Mikayılov, kamança ifaçısı Cahandar Mikayılov məclisdə yüksək səviyyədə iştirak ediblər.
Tədbir iştirakçılarına Azərbaycan Televiziyasında Mahmud ağa haqqında çəkilmiş sənədli filmdən epizodlar da göstərilib.