Bakının Qaradağ rayonu ərazisində bu gün səhər saatlarında iki qaz xəttində baş vermiş partlayış nəticəsində başlayan yanğın davam edir.
APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, “Massiv 3” adlanan yaşayış sahəsinin ərazisində baş verən güclü partlayış nəticəsində yaxınlıqda olan yaşayış evlərinin şüşələri sınıb, dam örtükləri qırılıb.
Partlayış baş verən ərazinin 300 metrliyində polis postu qurulub. Media nümayəndələri təhlükəsizlik məqsədiylə əraziyə buraxılmır.
Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası yanğının qarşısını almaq üçün tədbirlər davam etdirir.
*** 11:25
Fövqəladə Hallar Nazirliyi (FHN) Qaradağ rayonu ərazisində qaz xəttində baş vermiş partlayış barədə məlumat yayıb.
Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakı şəhəri, Qaradağ rayonunda diametri 1000-1200 mm olan 2 ədəd qaz xəttində yanğınla nəticələnən partlayış baş verməsi barədə məlumat daxil olub.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, yanğının söndürülməsi işləri davam edir, yaşayış məntəqələri üçün təhlükə yoxdur.
*** 11:17
SOCAR Səngəçalda qəsəbəsindəki qaz qovşağından çıxan magistral qaz xətlərindən birində partlayışın baş verdiyini təsdiqləyib.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, xəsarət alan yoxdur.
Hazırda həmin xətt lokallaşdırılır, sistemə daxil olan təbii qaz dayandırılır və təmir işlərinə başlamaq üçün hazırlıq görülür.