Tiflisdə fəaliyyət göstərən Dövlət İpək Muzeyində “Milli adət ənənələr və innovasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Cənubi Qafqazda ipəkçiliyin tarixi, Avropada tekstil şəbəkəsinin yaranması, eləcə də Azərbaycanda istehsal olunan kəlağayının YUNESKO-nun mədəni irs nümunələri siyahısına daxil edilməsindən bəhs edilib.
Tədbirə 10 dövlətdən nümayəndələr qatılıb, Azərbaycanı 5 nəfər təmsil edib. Tədbir çərçivəsində kəlağayı ilə bağlı film də nümayiş olunub.
Tiflis Dövlət İpək Muzeyi 1887-ci ildən fəaliyyət göstərir və həmin ildən burada “Azərbaycan guşəsi” yaradılıb. Guşədə Şuşada toxunan “Cecim” parçası da nümayiş olunur. Parça 1889-cu ildə toxunub. Azərbaycan guşəsi”ndə Şəkidə, Şuşa, Ağdam, Ağcabədi ərazilərində toxunan ipəkdən hazırlanmış geyimlər, musiqi alətləri və s. sərgilənir. Muzeydə həmçinin Kvemo Kartli bölgəsində yetişdirilən baramaçılıq məhsulları da nümayiş olunur.