|
|
|
|
Zaman ötür, fəsillər kimi nəsillər də bir-birini əvəz edir. Vaxt-vədə özünü bu zahiri dəyişmələrlə duydurur. İnsan və zaman, həyat və mühit tandemi bu axarda qoşalaşıb.
Əslində, ötən nəsillərin üfüqi- əvvəlki məkan üzərində çalışmaları daim əvəzlənən və artan toplumun şaquli-zaman boyunca yüksəlişində yeni qatı yaradır. Bu dəyişmə və kəsilməzlik ayağı ötənlərə, başı gələcəyə söykənən "mühit" deyilən qəlibi "məkan-zaman xəlitəsi" ilə doldurur. Ayrıca bir məkanda-ölkədə belə iri zaman vahidinin-dövrün özəlliklərini daşıyan və artıran mühit nəsil dəyişiminin genetik yaddaşını da qoruyaraq gələcəyə ötürür. Necə deyərlər, mühit köhnə məkanda təzə qatın seçilən adamlarının yaratdığı yenilik, zamanın yeniləşən nəslə vurduğu möhürdür. Dünən də belə olub, bu gün də belədir.
Dədəm Qorqud kitabının gerçəklərini qədərincə anlamağın yolu boyların yayıldığı məkanın çevrəsinə və boy verdiyi zamanın ölçüsünə yetərincə bələdlikdən keçir. Nizaminin "Xəmsə"sini, Nəsiminin və Füzulinin sənət dünyasını, Vaqifin və Ələsgərin söz boxçasını, Sabirin "Hophopnamə"sini və Cəlilin "Molla Nəsrəddin"ini də onların həyatına və mühitinə işıq salmadan qədərincə duyub-anlamaq çətindir. Gerçəkdən, insanın həyatı ilə mühiti sadə riyazi asılılığa bənzəyir. Bu bağlılığın bir tərəfində insan, o biri səmtində mühit dayanır.
Hər mühit öz nəslini yetirib-bitirir, onların amalları və əməlləri ilə naxışlanır. Sonda, hər dövr şəxsiyyətlərinin zəkası və yaratdıqları ilə dəyərləndirilir. Bu baxımdan epoxanın da, insanların da, şəxsiyyətlərin də neçəlik (kəmiyyət) və necəlik (keyfiyyət) göstəriciləri mühit anlayışı ilə aşkarlanır. Ədəbi-bədii yaradıcılıqda ideya-estetik meyara çevrilmiş "insan və zaman" qarşılaşdırması artıq çoxdan şəxsiyyətləri onların mühiti çevrəsində qiymətləndirmək ülgüsü kimi qəbul olunub. Ayrı-ayrı tanınmışlar, seçilmişlər məkan və zamanca dəyərləndirilərkən onların "həyatları" "mühitləri" prizmasında aşkarlanır.
Sovet zamanında bu sistemin ideoloji tələbləri ilə uzlaşdırılan "həyat və mühit" dəyərləndirməsi gerçək-fərdi insandan çox, nəzəri-ictimai məxluqu hədəfə alırdı. Yeddi onillik bir dövrdə təbii siyasi-iqtisadi inkişaf, sosial-mədəni tərəqqi relsindən çıxarılmış "sovet sosialist" quruluşu, nəhayət, zamanın özünəqayıdış və özünütəsdiq hökmü ilə tarixə qovuşdu. Azərbaycanın dövlət müstəqilliyinin bərpası ilə "həyat və mühit" adlı bəşəri-tarixi dəyərləndirmə də saxta əksetdirmədən xilas oldu, insana və zamana gerçək yanaşma ilə dolğunlaşdı.
Bu kitabda toplanmış "Həyatım və mühitim" qəlibindən çıxmış yazılar sovet epoxası bitəndən sonra- xalqımızın siyasi-iqtisadi müstəqillik, milli-mədəni özgürlük erasının ilk 25 ilində ərsəyə gəlib. Elə buna görə də bu söhbət və xatirələrin hər birinin qəhrəmanı son bir əsrlik istiqlal məfkurəsinə bağlı, amalını əməli ilə gerçəkləşdirən, həyatda öz izini qoyan say-seçmə soydaşımızdır. Onların bar-bəhrəli, öyünclü ömür yolunun "Həyatım və mühitim" müstəvisindəki görüntüsü, həqiqətən, üçrəngli bayrağımızın rənglərinin mənası ilə həmahəngdir.
Bu yazıları ərsəyə gətirən, xalqımıza və ölkəmizə qələmi ilə xidməti dövlətimizin "Əməkdar" fəxri adına layiq görülən ustad jurnalist Əlipənah Bayramovun kimliyini oxuyacağınız xatirələr sizə, az-çox, tanıdacaq. Doğru deyirlər ki, söz adamının kimə-nəyə və hansı niyyətlə yanaşması onun özünün də kimliyini və nəçiliyini ortaya qoyur.
Bu silsilənin necə yarandığının şahidi, neçə-neçə müsahiblə görüşün iştirakçısı kimi bəri başdan deyim ki, "Həyatım və mühitim" rubrikasının milli mətbuatımızın öncülü olan "Xalq qəzeti"nə gəlişi bir epoxadan o birinə keçidin milli-məfkurəvi tələbatını gecikmədən ödəmək, mənəvi-əxlaqi sorğusunu zamanında cavablandırmaqla bağlı oldu. Fundamental bir dəyərə- epoxalararası varisliyə güzgü tutan bu toplunun redaktoru olaraq bir neçə məqamı qədirbilən oxuculara açıqlamağa gərəklik duyuruq.
Professional jurnalist kimi həmişə milli ideallara bağlı olması, günün sözünü çağdaş oxucuya çatdıra bilmək ustalığı, özünə və başqalarına qarşı ciddiliyi, üstəlik, könül verdiyi iş yolunda cəfakeşliyi müəllifin milli jurnalistikamızda yeni formatda boy göstərən "Həyatım və mühitim" rubrikasında olduqca dəyərli nümunələr yaratmasına imkan verib. Günün gerçəklərini göstərən və anladan jurnalistika həm də tarixi qiymətləndirmənin ən yaxşı qaynağıdır. Bu anlamda, kitabdakı yazılar "Xalq qəzeti"ndə dərc olunduğu günlərdə necə böyük maraqla qarşılanırdısa, zaman keçdikcə bundan da artıq diqqət çəkir, tarixi önəm daşıyır.
Oxuculara xatırladaq ki, Əlipənah Bayramovun qırx ilə yaxın müddətdə əməkdaşlıq edib-çalışdığı 97 yaşlı "Xalq qəzeti" (1991-ci ilin 27 avqustunadək "Kommunist"), bütövlükdə, mövcud olduğu bir əsrlik dövrün şirinli-acılı salnaməsidir. Qəzetin "Həyatım və mühitim" rubrikasında dərc olunan, dövlət müstəqilliyimizin 25 illik ilk rübünü əhatə edən bioqrafik səciyyəli materiallar toplusu da bu xronikallığın bir parçası olaraq gərəkli tarixi qaynaqdır.
Yeni demokratik jurnalistikanın formalaşdığı 25 il əvvəlki günlərdə sovet zamanında işıq üzü görmüş mətbuat da yeniləşən cəmiyyətə qədəm qoymaq səlahiyyəti qazanmağa məhkum idi. O zaman bir sıra sovet nəşrləri sıradan çıxsa da, xalqdan etimad almaq, həqiqi xalq tribunası olmaq üçün fəaliyyətini "Xalq qəzeti" adı ilə davam etdirən 72 yaşlı gündəlik anadilli nəşr "kökündən yarpaqlarınadək" təmizlənmə imtahanından çıxa bildi. Əvvəllər ölkə mətbuatında, eləcə də "Xalq qəzeti"nin sələfi olan "Kommunist"də dövrün tanınmışlarını məhdud bir biçimdə oxuculara təqdim edən "Həyatım və mühitim" rubrikası da, dediyimiz kimi, yeni dövrün ab-havası ilə təzələndi, söz azadlığının yaratdığı üstün imkanlara üz tutmaqla dolğunlaşdı.
Yeni epoxaya keçə bilməsində, heç şübhəsiz, o vaxtkı kollektivə qəzetin keçdiyi tarixi yol, xalqımız üçün daşıdığı müstəsna önəm, redaksiyanın varisi olduğu dəyərli jurnalistika ənənəsi öz sözünü dedi. "Kommunist" qəzetinin Azərbaycan Xalq Cümhuriyyətinin mətbu fəaliyyət üçün yaratdığı demokratik şəraitdə nəşrə başlamasını, AXC-nin süqutundan sonra ilk rəsmi dövlət qəzetimiz "Azərbaycan"ın bazasında, onun mətbu davamçısı kimi 71 il fəaliyyət göstərməsini, kommunist sisteminə xidmət etməklə bərabər, milli ideallara bağlılığını da açıq-gizli qoruyub saxlamasını xalqımız da, dövlətimiz də xüsusi anlayışla qəbul etdi və lazımi qədirbilənliklə növbəti etimadını sərgilədi.
Lakin bundan da gərəklisi yeni şəraitdə qəzetin hansı dəyərlərə sahib çıxması oldu. O günlərdə redaksiya kollektivi müstəqillik, demokratiya dövrünün tələblərinə uyğunlaşması ilə yanaşı, əvvəlki epoxada milli varlığımızı qoruyan, yaşadan dəyərlərə sadiq qaldığını da gizlətmədi. "Həyatım və mühitim" rubrikasını məram və məzmunca yeniləşdirmək ideyası da həmin vaxt doğuldu. Redaksiya bununla demokratik jurnalistika yaranması prosesində fəal iştirakını göstərməkdə təsirli imkan qazandı. Yeni jurnalistikadan cavab gözləyən bir sual da kommunist epoxasından əvvəlki maarifçi-demokratik irsin əsaslarını min bir çətinliklə yaşatmış, "milliliyi beynəlmiləlçiliyə", "yerli maraqları ittifaq mənafeyinə" qurban verməmiş nadir insanlara günün necə yanaşması idi. Sayları sürətlə azalmaqda olan bu pleyadanın "bağlı" qalmış dilini açmaq nəsillər və epoxalar arasında varisliyin qorunmasına xidmət edirdisə, bundan niyə qaçılmalı idi?!
O zaman redaksiyanın ciddi önəm verdiyi bu çək-çevirli, sürüşkən mövqenin cəmiyyətdə qəbul olunması xeyli dərəcədə xalqın böyük ehtiram bəslədiyi nüfuzlu ziyalılarla "Həyatım və mühitim" kimi epoxal rubrikada görüşlərin-söhbətlərin necə hazırlanmasından, bu müsahibələrdə hansı mətləblərin gündəmə gətirilməsindən asılı idi. Ona görə də bu çətin və məsul iş jurnalistikada nəzəri və təcrübi hazırlığı və "tanınmışlara" həssas yanaşması ilə seçilən Əlipənah Bayramova tapşırıldı. Bu ideyanın təşəbbüsçülərindən biri olması, özünün keçdiyi həyat yolunun da bu mövzu ilə daxilən bağlılığı qələm dostumuzu bir-birinin ardınca cəmiyyətdə layiqli əks-səda doğuran müsahibələr hazırlamağa həvəsləndirdi.
Həmin ilk müsahiblər Həsən bəy Zərdabini örnək sayan, Əhməd bəy Ağayev, Əli bəy Hüseynzadə, Əlimərdan bəy Topçubaşov, Məhəmməd Əmin Rəsulzadə kimi milli ideoloqların məfkurə tariximizdə və istiqlal savaşında yerini anlayan, Cəlil Məmmədquluzadəni, Üzeyir bəy Hacıbəylini yaxın-uzaqdan görmüş, Hüseyn Caviddən, Əhməd Cavaddan, Abdulla Şaiqdən dərs almış, Cəfər Cabbarlı, Səməd Vurğun, Mikayıl Müşfiq, Rəsul Rza ilə oturub-durmuş, ünsiyyətdə olmuş müəllimlər, elm, ədəbiyyat və incəsənət xadimləri, ön və arxa cəbhələrdə hünər göstərmiş, ad qazanmış hərbçilər və əmək adamları idilər. Müsahiblərin cox ciddi ölçülərlə seçilməsi, açıqlanan ömür yolunun ibrətliliyi, səslənən arzu-diləklərin xalqın yeni yolu, böyük hədəfləri ilə bağlılığı bu rubrika altında söhbətlərə o qədər böyük maraq yaratdı ki, cəmiyyətdə üzdəniraq zirəkliyi və milli maraqlardan uzaqlığı ilə urvatdan düşmüş bəzi ziyalılar bu rubrika altında "bəraət" almağa müxtəlif yollarla cəhd göstərirdilər. Lakin redaksiya bu rubrikanın konyukturlaşmasına imkan vermədi.
Aradan keçən illər cəmiyyətdə nəsil dəyişimi ilə müşayiət olunub. "Həyatım və mühitim" rubrikasının ilk müsahibləri olmuş ağsaçlı ziyalılarımızın təmsil etdiyi " xalqlar həbsxanasında xalq", "dil içində dil", "din içində din" yaşatmış nəsil də artıq əbədiyyətə qovuşub. Dövlət müstəqilliyi ideyasını bu nurlu məslək adamlarından bir arzu-əmanət olaraq qəbul edən, milli istiqlalımızı yenidən gerçəkləşdirən nəsil isə artıq toplumda öz sələfinin yerini tutub. Müstəqillik idealları ilə tərbiyələnmiş, həyatın bütün sahələrində ölkənin yükünü inamla daşıyan, dünyanın yaxın-uzağında Azərbaycanı sivil dəyərlərlə təmsil edən nəsil yetişib.
Həyat yeniləşdikçə zaman da, insanlar da dəyişir. Dəyişməyən isə bütün mühitlərdə xalqımızı qorumuş, yaşatmış Azərbaycan sevgisi, Vətənə təmənnasız xidmət məramıdır. Bu nəsil dəyişimi "Həyatım və mühitim" rubrikasında da əksini tapır. "Həyatlar və mühitlər" yeniləşsə də, "Həyatım və mühitim"in məramı dəyişməz qalır: həyatın və mühitin fövqünə yüksələn, zamanı qabaqlayan soydaşlarımızı yeni nəsillərə tanıtmaq, onların "uğur iksirini" gələcəyə ötürmək.
Beləliklə, "Xalq qəzeti"nin əsrin dörddə biri boyunca böyük və ciddi oxucu marağı qazanan və bu gün də populyarlığını qoruyan "Həyatım və mühitim" rubrikasının salnamələşmiş yazılar toplusu ölkənin kitab xəzinəsinə hədiyyə edilir. Müəllif "həyatlar və mühitlər" aləmində keçmiş öz ömür yolu barədəki düşüncələrini də bu silsiləyə əlavə edib. Bununla jurnalist xronikallaşdırdığı insanlar və mühitlər barədə çağdaş oxucunun təsəvvürünü bir az da artırmaq istəyib.
Gün o gün olsun ki, yetkin qələm sahibi, insan və zaman adlı fəlsəfi aləmin yorulmaz araşdırıcısı Əlipənah Bayramov növbəti 25 illik dövrün "Həyatım və mühitim" toplusunu bu kitabın II cildi kimi Azərbaycanın dövlət müstəqilliyinin 50-ci ilində yaddaşlı və qədirbilən oxuculara təqdim etsin!