|
|
|
|
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə tədbir keçirilib.
Nazirlikdən verilən məlumata görə, tədbirdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dünya azərbaycanlılarının azərbaycançılıq ideyası ətrafında sıx birləşməsi üçün göstərmiş olduğu xidmətlərdən bəhs edib. Nazir bildirib ki, prezident İlham Əliyevin ölkəmizin dinamik inkişafını təmin edən uğurlu daxili və xarici siyasəti dünya azərbaycanlılarının həmrəyliyinin və Azərbaycana bağlılıq hissinin güclənməsinə daha da artmasına səbəb olub.
S.Müslümov qeyd edib ki, dövlət başçısının məqsədyönlü islahatlar proqramı 2017-ci ildə də ölkədə sosial-iqtisadi inkişaf tempinin davam etməsinə imkan verib: “Cari ilin 11 ayında sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz artıb, qeyri-neft iqtisadiyyatımızda 2,4 faiz, kənd təsərrüfatında 4 faizdən çox artım qeydə alınıb. Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan iki pillə yüksələrək 137 ölkə arasında 35-ci yerdə qərarlaşıb, həmçinin, bu hesabatda Azərbaycan əmək bazarının səmərəliliyi üzrə 9 pillə irəliləyərək 17-ci yeri tutub. Bu il “Azəri-Çıraq-Günəşli” yatağının gələcəkdə işlənilməsi ilə bağlı yeni kontraktın imzalanması, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin işə salınması, ölkəmizdə “İslam Həmrəyliyi İli” olan 2017-ci ildə Azərbaycanın İslam həmrəyliyinə daha bir dəyərli töhfə kimi IV İslam Həmrəyliyi Oyunlarına ən yüksək səviyyədə ev sahibliyi etməsi, bu Oyunlarda idmançılarımızın 162 medalla komanda hesabında birinci olmaları və s. cari ilin əlamətdar tarixi hadisələrindəndir”.
Sığorta-pensiya sisteminin təkmilləşdirilməsi istiqamətində cari ildə növbəti islahat tədbirinin həyata keçirildiyini deyən nazir vurğulayıb ki, bu il “Əmək pensiyaları haqqında” qanuna edilən, 2017-ci il iyulun 1-dən qüvvəyə minən mütərəqqi dəyişikliklər sığorta-pensiya sisteminin daha etibarlı əsaslar üzərində sabit və uzunmüddətli inkişafına, əhalinin layiqli pensiya təminatı imkanlarının artırılmasına səbəb olub.
S.Müslümov Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması tədbirlərinin bu il də davam etdirildiyini, cari ildə nazirlik tərəfindən əlavə olaraq 315 nəfər Qarabağ müharibəsi əlili və şəhid ailəsinin mənzillə təmin olunduğunu deyib. Bundan əlavə, sosial proqramların icrası işlərinin davamı olaraq, cari ilin 9 ayının məlumatına əsasən, 1 milyon 330 min nəfərə əmək pensiyası, 450,9 min nəfərə sosial müavinət, 59325 nəfərə prezidentin təqaüdü, 97 min ailənin 400 min nəfər üzvünə ünvanlı sosial yardımı ödənildiyini deyən nazir bildirib ki, Dövlət Sosial Müdafiə Fonduna daxilolmaların səviyyəsində, o cümlədən, məcburi dövlət sosial sığorta haqları üzrə gəlirlərdə cari ildə də növbəti artım özünü göstərib, habelə qeyri-büdcə sektorunun payına düşən daxilolmalar üzrə proqnoza artıqlaması ilə əməl olunub.
Nazir 2017-ci ildə bütün sahələrdə görülən işlərin müsbət nəticələrinin növbəti ilə də nikbin nəzərlərlə baxmağa əsas verdiyini diqqətə çatdırıb: “Azərbaycan prezidenti İlham Əliyevin sosial siyasət kursuna uyğun olaraq, gələn il də əmək və sosial müdafiə sahələrində irəliləyişlərin əldə olunması fəaliyyətimizin əsas prinsipini təşkil edəcək”.
CEYHUN