"ATƏT-in Minsk qrupu və həmsədrlər, nəhayət, sərbəst və cəsarətli addımlar atmalıdırlar".
Bunu baş nazirin müavini, YAP-ın icra katibi Əli Əhmədov deyib.
Ə.Əhmədovun sözlərinə görə, Minsk qrupunun və həmsədrlərin faəaliiyəti indiki reallıqda qənaətbəxş sayıla bilməz.
Bu baxımdan, o, qeyd edib ki, həmsədrlər Qarabağ münaqişəsinin ədalətli həlli yönümündə bəyanatlardan konkret əməli fəaliyyətə keçməli, Ermənistana ciddi təsir və təzyiqlər göstərməlidirlər. Bununla yanaşı, baş nazirin müavini Qarabağ münaqişəsinin həlli ilə bağlı uzun illərdən bəri aparılan danışıqlar prosesinin dayandırılması yönündə səslənən fikirlərlə də razılaşmayıb.
Ə. Əhmədov vurğulayıb ki, Azərbaycan dövləti və iqtidar münaqişənin sülh yolu ilə həlli istiqamətində danışıqlar prosesinin davam etdirilməsində maraqlıdır.
"Biz bir sıra ciddi problemlərə baxmayaraq, danışıqlar prosesinin davam etdirilməsinin tərəfdarıyıq. Münaqişənin sülh, danışıqlar yolu ilə ədalətli həllini istəyirik.
Əslində müharibə Ermənistanın ziyanına, Azərbaycanın isə xeyrinə işləyir. Əgər Azərbaycan görsə ki, danışıqlar, sülh yolu ilə artıq münaqişənin ədalətli həllinə nail olmaq mümkün deyil, o zaman digər vasitələrdən-hərb variantından istifadə etməklə, öz torpaqlarını azad edəcək"-deyə, Ə. Əhmədov sözlərinə əlavə edib.
Kamil HƏMZƏOĞLU