|
|
|
|

Qarabağ müharibəsinin ilk illərindən erməni işğalına məruz qalan bölgələrin əhalisinin böyük bir qismi Bərdə rayonuna pənah gətirib. Onların əksəriyyəti məlum səbəblər üzündən adıçəkilən bölgədəki ümumtəhsil məktəblərinə yerləşdirilib. Elə həmin vaxtdan da sözügedən təhsil müssisələri ciddi problemlərlə üzləşib, təlim-tərbiyə prosesində çətinliklər yaranıb. Bütün bunlara baxmayaraq, Bərdə ictimaiyyətinin, müəllimlərin, ziyalıların səyi, fədakarlığı sayəsində çətinliklər tədricən aradan qaldırılıb, rayonda təhsil böyük inkişaf yolu keçib, uğurlar qazanıb. Bu gün cəsarətlə demək olar ki, rayonda təhsilin əvvəlki şöhrəti özünə qaytarılıb. Adıçəkilən rayon təhsil şöbəsinin müdiri, təcrübəli pedaqoq Rzaqulu Şərifovun sözlərinə görə, son illər qazanılan nailiyyətlər bunu söyləməyə əsas verir. Bölgə həyatının ötən dövrü təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi, təlim-tərbiyənin müasir standartlar səviyyəsində yenidən qurulması dövrü kimi yadda qalıb. Məktəb tikintisi sahəsində Bərdə rayonu bu gün respublikanın qabaqcıl bölgələrindən sayılır. Əvvəllər yeni məktəb binaları əsasən şəhər mərkəzinə inşa olunurdusa, hazırda tikinti bölgənin kəndlərində də geniş vüsət alıb. Təkcə bu il rayonun Soğanverdilər və Zümürxan kənd orta məktəblərinin hər biri üçün 360 yerlik yeni, müasir binalar tikilib istifadəyə verilib.
Mirzalıbəyli kənd orta məktəbi üçün 220 yerlik, Qullar kənd ümumi məktəbi üçün isə 180 yerlik binaların inşası artıq başa çatdırılıb. Həmin məktəb binalarının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub. Rayonun digər 13 kənd və bir şəhər orta məktəbində təmir işləri aparılacağı planlaşdırılıb. Hazırda rayonun bütün tədris müəssisələri, yeni unventar və avadanlıqlarla, informasiya texnologiyaları ilə təchiz olunub. Rzaqulu müəllimin qənaətinə görə, bölgədə yaradılmış əlverişli, münbit şərait, pedaqoji kadr potensialı tədrisin keyfiyyətinə ciddi təsir göstərib, onun səmərəli təşkilinə geniş perspektivlər açıb. Təsadüfi deyildir ki, rayon ümumtəhsil məktəblərinin şagirdləri həm rayon, həm də respublika miqyasında keçirilən fənn olimpiadalarında, müsabiqələrdə, bilik yarışmalarında, şahmat, idman birinciliklərində yaxşı nəticələr əldə edirlər. Ötən il respublikanın ali məktəblərinə rayon üzrə 371 nəfər qəbul olunub ki, bu da sənəd verən şagirdlərin 45 faizini təşkil edib. Ali məktəbə daxil olanların 70 nəfəri 500-dən, 23 nəfəri 600-dən çox bal toplayıb. Ən yüksək nəticə göstərən 4 nəfər isə Prezident təqaüdünə layiq görülüb. Bu il ali məktəblərə sənəd verən 743 nəfər məzundan daha yüksək nəticələr gözlənilir.
R.Şərifov qeyd edib ki, rayon məktəblərinin ixtisaslı müəllim kadrlarla təmin olunması artıq başa çatdırılıb. Bütün təhsil müəssisələrində əsas fənnlər ixtisaslı müəllimlər tərəfindən tədris olunur. Əvvəlki dövrlərdə təminat xatirinə dərs yükləri verilməsi halları aradan qaldırılıb. Məktəbdənkənar müəssisələrin, fənn dərnəklərinin fəaliyyətində mövcud formal cəhətlərə son qoyulub. Bu gün hər bir kəsdən konkret iş, nəticə tələb olunur. Rayon təhsil şöbəsi pedaqoji kadrların yeni təlim metodlarından, informasiya texnalogiyalarından səmərəli istifadə etmələrinə tələbkarlıqla yanaşır. Bu məqsədlə rayon müəllimləri müntəzəm olaraq respublika Təhsil Nazirliyi tərəfindən təşkil olunan treninqlərə, ixtisasartırma kurslarına cəlb olunub. Rayon təhsil şöbəsinin həyata keçirdiyi əsas fənnlər üzrə monitorinq və seminarlar da bu sahədə mühüm rol oynayır. Rayonda artıq kifayət qədər təlimin qabaqcıl metodlarına yiyələnən təcrübəli pedaqoji kadrlar yetişib. Onların təcrübəsindən respublikanın ümumtəhsil məktəblərində geniş istifadə olunur.
Rayonun pedaqoji kollektivləri “İlin ən yaxşı müəllimi”, “İlin ən yaxşı məktəbi” respublika müsabiqələrinə fəal surətdə qoşulurlar. Bu yarışmalarda akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-lisey və şəhər 3 saylı tam orta məktəb xüsusilə fərqlənirlər. Bölgədə çalışan müəllimlər hər cür qayğı ilə əhatə olunub, onların əməyi dövlət tərəfindən daim yüksək qiymətləndirilir. Söhbət zamanı başa çatan dərs ilində məktəblərdə keçirilən buraxılış imtahanlarına da münasibət bildirilib. İmtahan nəticələrinin qaneedici olmadığını vurğulayan R.Şərifov növbəti dərs ilində belə hallara yol verilməməsi üçün ciddi tədbirlər görüləcəyini qeyd edib. O, məktəbi bitirən bütün şagirdlərin attestat almalarına imkan yaradıldığı üçün respublika Təhsil Nazirliyinin yeni rəhbərliyinə minnətdarlığını bildirib. Şöbə müdiri ölkə prezidentinin müvafiq sərəncamına əsasən avqust ayında Bərdə məktəblərində məskunlaşmış bütün köçkünlərin yeni salınan qəsəbələrə köçürüləcəyini sevinclə dilə gətirib, bu addımın bir çox problemlərin həllini tapmasında, rayonda təhsil sahəsində gələcəkdə daha böyük uğurlar qazanılmasında mühüm rol oynayacaq hadisə kimi dəyərləndirib. Sonda R.Şərifov respublikada təhsilə, məktəbə göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti İlham Əliyevə rayonun bütün təhsil işçiləri adından öz səmimi təşəkkürünü və minnətdarlığını bildirib.
Yəhya PAŞAZADƏ



