|
|
|
|

ZƏLİMXAN MƏMMƏDLİ: “GÜRCÜSTAN, AZƏRBAYCAN, TÜRKİYƏNİN BİRLİYİ
TƏHLÜKƏSİZ, DEMOKRATİK MÜHİTDƏ YAŞAMAĞIMIZA QARANT ROLUNU OYNAYACAQ”
“Borçalı” ictimai birliyinin təşkilatçılığı ilə iyulun 26-da Gürcüstanın Başkeçid (Dmanisi) bölgəsinin Armudlu yaylağında “Borçalı türklərinin Elat mədəniyyəti günü” yaylaq festivalı keçirilib. Bir sıra xarici qonaqların da qatıldığı bu tədbirin on minlərlə iştirakçısı olub.
“Borçalı” cəmiyyətinin sədri Zəlimxan Məmmədli “Borçalı türklərinin Elat mədəniyyəti günü” yaylaq festivalının Gürcüstanın gəlişməsi, türk dünyasının bir araya gəlməsi, eləcə də millətlərin qarşılıqlı inteqrasiyası üçün nə qədər əhəmiyyətli olduğundan bəhs edib.
Millət vəkili Sabir Rüstəmxanlı Elat bayramının insanları saflığa, özünüdərkə, milli kökə bağlılığa, adət-ənənələrə sadiqliyə səslədiyini vurğulayıb.
Daha sonra mərasim “Elat şəhidi” Mikayıl Orucovun xatirə abidəsinin ziyarəti ilə davam edib. Z.Məmmədli və S.Rüstəmxanlı abidənin önünə gül qoyaraq şəhidin xatirəsini yad ediblər. Sonra Armudlu yaylağında çox gözəl səhnə qurularaq üç ölkənin – Azərbaycan, Gürcüstan və Türkiyənin bayrağı dalğalanıb. Ətrafda Borçalı kəndlərinin dəyərləri canlandırılaraq, qədim türk adət-ənənələrini təsvir edən xalçalar səriliərək, nehrələr və cəhrələr qoyulub.
Elat təşkilat komitəsinin sədri və “Borçalı” cəmiyyətinin Gürcüstan təmsilçisi İsrafil Bayramov tədbiri açıq elan etdikdən sonra söz Z.Məmmədliyə verilib. Elatın mahiyyəti, məqsədi, xüsusilə gürcü və Azərbaycan xalqları arasında kökü min illərə gedən dostluğun daha da möhkəmlənməsinə, bu xalqların qarşılıqlı mədəni inteqrasiyasına, ictimai-siyasi mühitimizə verdiyi və verəcəyi töhfələrdən bəhs etməklə əhatəli çıxış edib: “Biz siyasilərin bir yerə gəlməsində problemlər olduğu anda da mədəniyyətlərin birlik və bərabərlik üçün əvəzsiz vasitə olduğu qənaətindəyik. Biz əzəmətli saraylarda həll olunması müşkülə düşən problemlərin həllinə bu açıq səmada mədəniyyətlərin nümayişi və vəhdəti modelini təqdim edirik. Artıq gürcü cəmiyyəti bu modeli səmimi olaraq qəbul edir. Ümid edirik ki, bu coğrafiyada barış, təhlükəsiz birgəyaşamın bərqərar olunması üçün ucuz siyasi polemikalardan mədəniyyətlərin birliyinin daha üstün olduğunu dərk edənlərin sayı günbəgün artacaqdır. Soydaşlarımız Gürcüstanda daha üstün, halal haqqı olan yüksəklikdə duracaq, Gürcüstan-Azərbaycan-Türkiyənin birliyi təhlükəsiz, demokratik mühitdə yaşamağımıza qarant rolunu oynayacaq. İnanırıq ki, ən yaxın zamanda bu məkan hər üç dövlətin prezidentlərinin zirvə toplantısı yerinə çevriləcək. Bu günü və bu məkanı yaddan çıxarmayın, onu simvollaşdırın. Bu tarixin və məkanın Gürcüstan təqvimində Gürcüstan türklərinin birlik və bərabərlik bayramı kimi özünə yer alacağına şübhəmiz yoxdur. Bu tarix həm də Gürcüstanın bütövlüyünün təmininə ciddi bir başlanğıcdır. Bir gün Gürcüstanı parçalamaq istəyənlərin əlindən tutub bu dövləti “sev” deyən də Borçalı türkləri olacaq. Bu, bizim Azərbaycan türkləri olaraq tarixi missiyamızdır. Bu model hər üç dövlət üçün təhlükə mənbəyi olan separatizmin kökünün kəsilməsinə ciddi dəstək olacaqdır. Cəsarətlə deyə bilərəm ki, Gürcüstanda bu təfəkkürü daşıyan yetgin, sivil dünyanın təməllərini dərindən bilən, millətimizin başını uca edəcək gənclik yetişir. Bu gənclik Gürcüstanın daha da ucalmasına öz töhfəsini hökmən verəcəkdir. Bir zamanlar bunların içərisindən prefektlər, qubernatorlar, nazirlər, hətta birinci şəxs iddiasında olub ona nail olan şəxsiyyətlər yetişəcəkdir. Gürcü cəmiyyəti onlara güvənməli, onları yüksəltməlidir. Yaşasın Gürcüstan, yaşasın Azərbaycan, yaşasın Türkiyə! Yaşasın hər üç dövlətin birlik və bərabərliyi!”
Z.Məmmədli həmçinin Güney Azərbaycandan Böyük bəy Hacı Ələkbər oğlunun rəhbərliyi ilə təşrif buyuran qonaqları, Türkiyə Böyükelçiliyini, Türkiyə Cümhuriyyətinin “Dış Türklər və Akrabalar üzrə bakanlıq” təmsilçilərini, Qars Sərhədboyları Dərnəyinin başqanı Məhərrəm Yıldız və Türkiyə Tərkəmə Qarapapaq Dərnəyinin başqanı Mustafa Yıldızın rəhbərliyi ilə gələn qonaqları xüsusi olaraq salamlamaqdan qürur duyduqlarını dilə gətirib.
Gürcüstan Parlamentinin deputatı Mahir Dərziyev, S.Rüstəmxanlı, texnika elmləri doktoru Telman Əliyev, Türkiyə Qars Sərhədboyları Dərnəyinin başqanı Məhərrəm Yıldız, Türkiyə Tərkəmə Qarapapaq Dərnəyinin başqanı Mustafa Yıldız, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu və başqaları çıxış edərək bu bayramın ünvanına xoş sözlər söyləyiblər. Daha sonra böyük konsert proqramı nümayiş olunub.
Aqil LƏTİFOV



