|
|
|
|
Bu gün Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etməsinin 27-ci ildönümü tamam olur.
XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində öz müstəqilliyini yenidən əldə etməyə imkan tapan Azərbaycan 1991-ci il oktyabrın 18-də Ali Sovetinin sessiyasında Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsiylə uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Bununla Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Birinci imkan xarici müdaxilə və beynəlxalq təminatın olmaması səbəbindən itirildi və 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 70 il sonra yaranan ikinci tarixi imkan isə Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisi kimi müstəqil Azərbaycan dövləti qarşısında əldə olunmuş müstəqilliyi qorumaq, möhkəmləndirmək missiyası qoydu.
Nəticədə 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda əhalinin 95 faizi səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verdi, daha sonra dövlət bayrağı, himn və gerb haqqında qanunlar qəbul edildi. Dünya dövlətləri Azərbaycanın müstəqiliyini tanımağa başladı. 1992-ci il martın 2-də isə dövlətimiz BMT-yə üzv qəbul olundu. Lakin müstəqilliyini qazandıqdan iki il sonra xalqımız onu yenidən itirmək təhlükəsi ilə üzləşdi. Bir tərəfdən Ermənistan silahlı qüvvələrinin təcavüzü nəticəsində geniş miqyas alan Birinci Qarabağ müharibəsi, digər tərəfdən hakimiyyət uğrunda başlanan daxili çəkişmələr, separatçılıq hərəkatları müstəqilliyin beşiyindəcə boğulması təhlükəsini reallaşdırırdı. Belə bir ağır şəraitdə böyük siyasi təcrübəyə malik olan Heydər Əliyevin hakimiyyətə qayıdışı nəticəsində həyata keçirilən uzaqgörən daxili və xarici siyasət ölkəni məhv olmaq təhlükəsindən xilas etdi. Daxildə sabitliyə nail olunması, xarici ölkələr, beynəlxalq təşkilatlarla əlaqələrin qurulması və inkişaf etdirilməsi dövlətçiliyin möhkəmləndirilməsinə, Azərbaycanı əsas təhlükələrdən sığortalanmasına imkan verdi. Nəticə etibarilə müstəqilliyinin siyasi və iqtisadi sütunlarını gücləndirən, onu daha dayanıqlı edən, neftdən gələn gəlirlər hesabına bütün aparıcı sahələrdə ciddi islahatlar həyata keçirən Azərbaycan dövləti bu gün dünyada böyük hörmət sahibinə çevrilib, beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutub.
İndi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini qeyd etdiyimiz dövrdə iqtisadiyyatını inkişaf etdirən, vahid komandanlıq əsasında idarə olunan ordusunu daha da gücləndirən, siyasət səhnəsində ciddi uğurlara imza atan dövlətmizin qarşısında duran ən əsas problem Dağlıq Qarabağ torpaqları və ətraf 7 rayonunun Ermənistanın işğalından azad etməkdir. Bu gün bütün parametrlərə görə düşmən ölkədən üstün olan Azərbaycan sülh danışıqlarının nəticə vermədiyi təqdirdə müharibə yolu ilə torpaqlarını geri qaytarmaq hüququnu özündə saxlayır, iştirak etdiyi bütün beynəlxalq platformalarda bunu qətiyyətlə bəyan edir.
Müstəqilliyin ilk dövrlərində 20-ci əsrin ən böyük neft kontraktını imzalamağa nail olan dövlətimizin liderliyi ilə bu gün həyata keçirilən transmilli layihələr, o cümlədən, "Bakı-Tbilisi-Ceyhan" əsas ixrac neft boru kəməri, "Bakı-Tbilisi-Ərzurum" qaz boru kəməri, artıq 4 seqmentindən 3-ü tamamlanan "Cənub Qaz Dəhlizi" və digərləri Azərbaycana milyardlarla dollar gəlir gətirməklə yanaşı, Ermənistanın regionda təcrid vəziyyətini daha da gücləndirməyə imkan verir.
Hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında beynəlxalq münasibətlər sistemində yerini daha da möhkəmləndirən, xarici ölkələr və beynəlxalq təşkilatlarla bərabərhüquqlu əməkdaşlıq əlaqələrini inkişaf etdirən Azərbaycan formalaşdırdığı etibarlı tərəfdaş imicini hər zaman doğruldur və dünya birliyində nüfuzunu daha da artırır. Bu mənada, ölkəmizdə, paytaxt Bakıda keçirilən çoxsaylı beynəlxalq tədbirlər - siyasi, iqtisadi, mədəni və humanitar forumlar, idman yarışları, elm, təhsil və hərbi sərgilər, toplantılar sabitliyin və təhlükəsizliyin yüksək səviyyədə təmin olunduğu Azərbaycana beynəlxalq birliyinin böyük inam və etibarını özündə ehtiva edir. Xüsusilə qeyd etmək lazımdır ki, son dövrlər Rusiya ilə NATO hərbi rəhbərlərinin görüş yeri kimi Bakını seçməsi, dünyanın bir çox siyasi liderlərinin iştirak etdiyi zirvə görüşlərinin Bakıda təşkil olunması dövlətimizin dünyada və regionda nə qədər mühüm rol oynamasından xəbər verir. Eləcə də, 2011-ci il oktyabrın 24-də Azərbaycanın dünyanın bir nömrəli siyasi təşkilatı olan BMT Təhlükəsizlik Şurasına iki illiyə qeyri-daimi üzv seçilməsi, nüfuzlu beynəlxalq təşkilatlarda yüksək səviyyədə təmsil olunması dövlət başçısı İlham Əliyevin rəhbərliyi altında yürüdülən xarici siyasət kursunun mühüm nəticələrindəndir.
Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, dövlət müstəqilliyinin bərpası Azərbaycan tarixinin mühüm səhifələrindən biridir: "İndiki Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi olaraq bərpa edildi. Ötən 27 ildə keçilən yol bir çox ölkələrin onilliklər ərzində keçdiyi yola bərabərdir".
M.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində bugünkü Azərbaycan rəqabətə davamlı və müasir bir dövlətdir: "Güclü ordumuz var. Azərbaycan dövləti keçmiş sovet məkanında müstəqil inkişaf etməyin nümunəsini verib".
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini, politoloq Elçin Mirzəbəyli isə qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 27-ci ildönümü xüsusilə əlamətdardır: "Bu il biz Azərbaycan Xalq Cümhruiyyətinin 100 illiyini qeyd etmişik. Prezident İlham Əliyevin sərəncamı ilə bu il "Cümhuriyyət İli" elan edilib. Bu il çərçivəsində keçirilən tədbirlər və ortaya çıxan görüntü müasir Azərbaycan dövlətinin hansı siyasi, hərbi və iqtisadi potensiala malik olduğunu nümayiş etdirir. Yəni biz müstəqiliyimizin ilk illərində bu gün gəldiyimiz nöqtəni təsəvvür edə bilməzdik. Azərbaycanın bu gün valyuta ehtiyyatları 46 milyard dollar təşkil edir. Halbuki müstəqilliyimizin ilk illərində cəmi 300 min dollar valyuta ehiyyatımız var idi. Hansı ki, bu vəsaitlə kiçik bir ərazini idarə etmək mümkün deyildi".
E.Mirzəbəylinin sözlərinə görə, Azərbaycan bugünə qədər Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində həm beynəlxalq aləmdə mövqelərini daha da möhkəmləndirib, həm də reallaşdırdığı enerji, nəqliyyat layihələri ilə regionun, subregionun əsas mərkəzlərindən birinə çevrilib.
Bu gün Azərbaycanın həm də mədəniyyətlərarası dialoq mərkəzi rolunu oynadığını deyən politoloq qeyd edib ki, bu status təkcə dövlətin coğrafi mövqeyi ilə yox, eyni zamanda, Prezident İlham Əliyevin həyata keçirdiyi məqsədyönlü siyasətlə bağlı məsələdir.
E.Mirzəbəyli hesab edir ki, dövlətin qarşısında duran əsas məsələ işğal olunmuş torpaqlarının geri qaytarılması və ərazi bütövlüyünün bərpa edilməsidir: "Bu istiqamətdə dövlətimiz kifayət qədər ciddi addımlar atır. Azərbaycanın həyata keçirdiyi çoxvektorlu siyasətin mahiyyətində də ölkəmizin hərbi gücünün daha da artırılmasıyla işğal olunmuş torpaqların azad edilməsi faktoru dayanır".
Politoloq vurğulayıb ki, bu gün Azərbaycan xalqı dövlət müstəqiliyinin bərpasının 27-ci ildönümünü qürurla qeyd edir: "Azərbaycanın reallaşdırdığı qlobal layihələr, atdığı strateji addımlar ölkəmizin müstəqilliyini daha da möhkəmləndirib və əbədi edib".
YAP Siyasi Şurasının üzvü, "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə bildirib ki, ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib: "Azərbaycanın dövlət müstəqilliyinin bərpasından 27 il ötür. Bu rəqəm zaman baxımından qısa, inkişaf baxımından isə kifayət qədər zəngindir. Müstəqilliyinin ilk illərində böyük təlatümlər yaşayan, ağır durumda olan Azərbaycan 1993-cü ildə Ümummilli liderimiz Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtmasından sonra yeni inkişaf mərhələsinə qədəm qoyub. İllər keçdikcə ölkəmizin dünya birliyindəki siyasi çəkisi, iqtisadi gücü daha da artmağa başlayıb. Sonralar Prezident İlham Əliyevin gərgin səyləri nəticəsində bu inkişaf şaxələndirilib, ölkəmizin dövlət müstəqilliyi daha da möhkəmləndirilib. Bir sözlə, ötən 27 ildə Azərbaycan zəngin və şərəfli inkişaf yolu keçib".
V.Rəhimzadə qeyd edib ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpasından ötən 27 ildə böyük uğurlar qazanılıb: "Ölkəmizin əldə etdiyi yüksək göstəricilər, sürətli inkişafı beynəlxalq hesabatlarda öz əksini tapır. Belə ki, Azərbaycan Qlobal Rəqabətlilik Hesabatının yeni metodologiyası əsasında ilk dəfə qiymətləndirilərək Türkiyə, Serbiya, Cənubi Afrika Respublikası və Xorvatiya ilə birlikdə 7-ci onluğa daxil olmaqla 69-cu yerdə qərarlaşıb. Yeni hesabatda ölkəmizin mövqeləri kifayət qədər yaxşılaşıb. Qlobal Rəqabətlilik Hesabatında Azərbaycan dünyada sosial bərabərliyin ən yüksək səviyyədə təmin olunduğu ölkə kimi qeyd edilib. Bununla yanaşı, Azərbaycan 140 ölkə arasında biznesin dinamikliyi reytinqi üzrə 31-ci yeri tutub. Bu cür yüksək nəticələrin qazanılması Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi islahatların sayəsində mümkün olub. Hesab edirəm ki, bu nəticələr ölkəmizin gələcəkdə digər indikatorlar üzrə də daha yaxşı nəticələr əldə etməsi üçün yeni imkanlar yaradacaq".
Ceyhun ABASOV