Oktyabrın 31-də Gəncliyə Yardım Fondunda “Dəyər” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilati dəstəyi ilə “Dilimiz mənəvi dəyərimizdir – dini mətn və moizələrin hazırlanmasında Azərbaycan dilinin düzgün istifadəsinə dəstək” adlı treninq-seminar keçirib.
Tədbirdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, tarix üzrə fəlsəfə doktoru, ilahiyyatçı Abbas Qurbanov, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova və din xadimləri iştirak ediblər.
Seminarı giriş sözü ilə açan “Dəyər”Mənəvi İrsin Təbliği İctimai Birliyinin sədri Sevinc Cəfərova bildirib ki, “Dilimiz məvəvi dəyərimizdir-dini mətn və moizələrin hazırlanmasında Azərbaycan dilinin düzgün istifadəsinə dəstək “ adlı layihə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilati dəstəyi ilə həyata keçirilir. Onun dediyinə görə, dini mətn və moizələr vasitəsilə yayılan yad təsirlər dini durumla yanaşı, həm də mənəvi dəyərimiz olan Azərbaycan dilinə, ümumiyyətlə azərbaycançılıq məfkurəsinə ideoloji zəmində təhdid yaradır.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu deyib ki, dil hər bir xalqın kimliyi, milli sərvəti, onun qan yaddaşı və varlığının təzahürüdür.
Dil həm də milli dövlətçiliyin rəmzi olduğu üçün onun inkişaf etdirilməsi, qayda və normalarının qorunması hər bir vətəndaşın borcudur:
“Dil millətin kimliyidir, xalqın özünü təsdiqinin ifadəsidir, Azərbaycan dili dünyanın ən öndə gedən, qədim, zəngin dillərindən biridir. Biz dilimizi qorumalıyıq. Dilin keşiyində durmaq təkcə dilçilərin işi deyil, bu işi hamımız görməliyik . Ana dilini qorumaq, düzgün danışmaq hamımızın borcudur. Ana dili millətin pasportudur. Ana dili deyəndə bizim yazılı və şifahi ədəbiyyatımızın dili, üslublarımız, ədəbi dilimiz, yəni ümumilikdə Azərbaycan dili nəzərdə tutulur. Azərbaycan Respublikasının dövlət dili, bizim də ana dilimiz Azərbaycan dilidir. Hər bir xalq ana dili ilə tanınır, dövlət atributlarından biri də ana dilidir”. Onun dediyinə görə,Azərbaycan dili ahəngdarlığına, səlisliyinə görə rus və fars dilindən üstündür. Bizim dilimizdə olan 9 sait o dillərin heç birində yoxdur. Dilin səlisliyi dildəki saitlərlə ölçülür».
M.Nağısoylu vurğulayıb ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ulu öndər Heydər Əliyevin müstəsna tarixi xidmətləri var.
Onun dediyinə görə, dövlətimiz bu sahədə mühüm tədbirlər həyata keçirir. Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı xüsusilə əhəmiyyətlidir:
“Bu gün ana dilimizin inkişafına, təbliğinə, tətbiqinə, beynəlxalq aləmdə nüfuzunun artmasına xüsusi önəm verilir. Dilçilik İnstitutunda da dilimizin inkişafı və təbliği istiqamətində vacib tədbirlər həyata keçirilir. Başlıca vəzifələrimiz ana dilinin saflığını qorumaq, ədəbi dil normalarını gözləmək, həmçinin dili yad ünsürlərdən təmizləməkdən ibarətdir».
M.Nağısoylu qeyd edib ki, Azərbaycan dili dünya dilləri içərisində zənginliyinə görə seçilən dildir: “Bizim qədim şifahi xalq ədəbiyyatımız, folklorumuz, "Kitabi-Dədə Qorqud"umuz var. Həmçinin zəngin yazılı ədəbiyyatımız var. Bizim ədiblərimiz tarix boyu dilimizin saflığı uğrunda mübarizə aparıblar”.
Ana dilinə sevginin beşikdən başladığını qeyd edən akademik bu işdə valideynlərin mühüm rol oynadığını vurğulayıb.
M.Nağısoylu daha sonra ana dilinin saflığının qorunmasını və ədəbi dil normalarına əməl etməyi tövsiyə edib.
Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov deyib ki, dil xalqın əsas mənəvi dayaqlarından biri, cəmiyyətin aynası, əsas kimliyidir. Müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində mühüm işlər görülüb.
M.İsmayılov bildirib ki, Azərbaycan əlifbası və Azərbaycan dili günü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə “Dilim varsa, mən varam” mövzusunda tədbir keçirilib.
Tədbirdə milli mənəvi dəyərlərimizin əsas dayaqlarından biri olan dilimizin saflığının qorunması, qloballaşma nəticəsində dilimizin qarşılaşdığı problemlərin təhlili, müasir dünya dilləri arasında dilimizin yeri, inkişaf mərhələləri və bu kimi mövzuların müzakirəsi aparılıb, mütəxəssislərin məruzələri dinlənilib:
“Fond Azərbaycan dilinin qorunması və inkişafı istiqamətində tədbirlər həyata keçirir, həmçinin dilçi mütəxəssislərin məruzəsindən ibarət kitab nəşr etdirməyi nəzərdə tutur”.
Tarix üzrə fəlsəfə doktoru, ilahiyyatçı Abbas Qurbanov isə bildirib ki, bir millətin və dövlətin varlığı və təməlləri tarix, mədəniyyət, ədəbiyyat-dil və din üzərində bərqərar olur. Yəni bu dəyərlər o millətin və dövlətin varlıq səbəbləri və onun genefonunu meydana gətirən əsas mayalardır. Tarixən düşmənlər də bu təməlləri sarsıtmağa və oradan öz təsirlərini etməyə çalışırlar:
“Hər birimiz yaxşı bilirik ki, milli mənəvi dəyərlərin əsasında dil, din və xalqımızın min illər ərzində qazandığı adət-ənənələr dayanmaqdadır. Yəni milli mənəvi dəyərlərimiz bizi biz edən əsas faktorlardır. Elə buna görə də, milli mənəvi dəyərlərimizi qorumalı, inkişaf etdirməli və gənclərimizin də bu ruhda yetişməsi üçün çalışmalıyıq. Tarixən ölkələri işğal edənlər və millətləri öz əsarətləri altında saxlamağa çalışanlar ele buna görə də ilk olaraq o millətlərin dil və dinlərini məhv etməyə çalışırlar. Artıq yaşadığımız bugünlərdə işğallar ordular və silah gücünə edilmir. Belə ki, işğalçı dövlətlər belə düşünməkdədirlər: “Əgər bir millət mənim dilimdə danışırsa və mənim kimi düşünürsə demək ki, mənim oranı işğal etməyə ehtiyacım yoxdur. Artıq ora mənimdir”.
Heç bir gəncimizə "xarici dil öyrənmə" demirik. Tam əksinə gənclərimizin bir neçə xarici dil bilməsini hər zaman dəstəkləyirik. Qoy gənclərimiz xarici ölkələrdə təhsil alıb öz dil biliklərini artırsınlar. Sadəcə gənclərimiz öz ana dilimizdə danışmağı unutmasınlar və ya mən Azərbaycanlıyam deməkdən çəkinməsinlər. Bugün sadəcə bizdə deyil, bütün dünyada milli mənəvi dəyərlərin qorunması aktual məsələdir. Elə buna görə də, ölkə prezidenti İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsidir ki, bu sahəyə böyük diqqət ayrılmışdır. Milli mənəvi dəyərlər mövzusundakı layihələrin dövlət tərəfindən dəstəklənməsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təsis edilməsi də buna görədir”.
Gəncliyə Yardım Fondunun nümayəndəsi Şahəli Cəlilov qeyd edib ki,"Gəncliyə Yardım Fondu" könüllü ictimai cəmiyyət olub, müharibədən zərər görən gənclərə və ailələrinə maddi və mənəvi kömək göstərmək məqsədilə yaradılıb. Gəncliyə Yаrdım Fоndunun mərкəzində оlаn 7000-dən аrtıq müхtəlif kitаb və ədəbi əsərin yеr аldıı böyüк kitаbхаnа gənclərin istifаdəsinə vеrilib, bundаn əlаvə bu vidео və аudiо mаtеriаllаrın istifаdə еdilməsində gənclərə köməklik еdir.