|
|
|
|

Sentyabrın 7-12-də Rusiyanın Yujno-Saxalinsk şəhərində UNESCO-nun xətti ilə “İnformasiya məkanında internet və sosiomədəni transformasiyalar” mövzusunda beynəlxalq konfrans keçirilib.
AzərTAc xəbər verir ki, 50 ölkənin qatıldığı konfransda Azərbaycanı uşaq yazıçısı, “İrs” kitabının müəllifi, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin Multimedia şöbəsinin müdiri Solmaz Amanova təmsil edib.
“İnformasiya hamı üçün” proqramı hamı üçün informasiya cəmiyyəti yaratmaqdan ötrü beynəlxalq əməkdaşlıq və tərəfdaşlığın əsasını qoymaq məqsədi ilə UNESCO tərəfindən təsis edilib. Onun fəaliyyətinin beş prioritet istiqaməti var: əlyetərlilik, informasiyanın saxlanılması, informasiya savadı, informasiya etikası, inkişaf üçün informasiya.
S.Amanova konfrans çərçivəsində Saxalin uşaq kitabxanasında kitabxanaçılar üçün “Azərbaycanda media və mass-media” mövzusunda seminar keçirib, “İrs”, rus və Azərbaycan dillərində “Əlifba” və “Azbuka” “Çiçək saatı”, “Xurcun”, “Gəncənin xəzinəsi” , “İlmənin macərası”, “Monastır əczaxanası” kitablarını, iş dəftərləri ilə birlikdə “Turac”, “Səhləb çiçəyi”, “İncimiş mələk” və s. nağıllarını, habelə “İlmənin macərası” kitabı əsasında çəkilmiş 32 cizgi filmini kitabxanaya bağışlayıb.
İndiyə qədər Saxalin kitabxanalarında Azərbaycan yazıçılarının uşaqlara dair heç bir kitabı yox idi.
Solmaz Amanovanın kitablarındakı elektron oyunlar gənc oxucuları Azərbaycan mədəni irsinin rəngarəngliyi ilə tanış edir.
Müəllif Rusiya Federasiyasında və Avropada mükafatlar qazanmış “Anatomiya teatrı” və “Monastır əczaxanası” kitablarını Seçenov adına Birinci Tibb Universitetinin Mərkəzi elmi tibbi kitabxanasına bağışlayıb.
S.Amanova Türkiyə təmsilçisinə, Regionlararası Kitabxana Əməkdaşlığı Mərkəzinin prezidenti, təşkilat komitəsinin həmsədri, UNESCO-nun “İnformasiya hamı üçün” proqramının Rusiya komitəsinin sədri Yevgeni Kuzminə, habelə UNESCO-nun Bilik Cəmiyyətinin İnkişafı Departamentinin direktoru Banerji İndrajitə (Paris) “Əlifba” kitabını və onun içində 56 cizgi filmi olan elektron versiyasını hədiyyə edib.
S.Amanova təhsil prosesində internetdən istifadəyə dair təklif və tövsiyələrini də verib.



