|
|
|
|
Dünən AMEA Naxçıvan Bölməsində sentyabrın 12-də Naxçıvan Muxtar Respublikası Ali Məclisində keçirilən elm və təhsil müəssisələri qarşısında duran vəzifələrə həsr olunmuş müşavirə ilə bağlı yığıncaq keçirilib.
Yığıncağı giriş sözü ilə açan AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev müşavirədə elm və təhsil müəssisələri qarşısında qoyulan vəzifələrdən danışıb, verilən tövsiyə və tapşırıqların mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Bölmə sədri qeyd edib ki, elm və təhsil müəsisələri üçün yaradılan şərait, xüsusilə muxtar respublikada elmin inkişafına göstərilən dövlət qayğısı elm adamlarının məsuliyyətini daha da artırır. Çünki elmin və təhsilin inkişafı bilavasitə dövlətin strateji maraqlarının təmin olunmasına xidmət edir. Müstəqil Azərbaycan dövləti gücləndikcə bu sahənin daha da inkişafının təmin olunması üçün ciddi addımlar atılır, islahatlar aparılır. Bu diqqət və qayğı Naxçıvan Muxtar Respublikasında xüsusilə nəzərə çarpır. AMEA-nın Naxçıvan Bölməsi əməkdaşları üçün yüksək iş şəraitinin yaradılması, bölmənin bütün elmi işçilərinin müasir kompüter avadanlıqları ilə təmin olunması, son günlərdə AMEA Naxçıvan Bölməsinin Elektron kitabxanasının istifadəyə verilməsi, elmi işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər dediklərimizə əyani sübutdur. İndi AMEA Naxçıvan Bölməsinin əməkdaşları Elektron kitabxananın resurslarından istifadə etməklə dünyanınn 30-a yaxın nüfuzlu kitabxanalarının elektron resursları ilə tanış ola bilərlər.
Ali Məclis Sədrinin “Həyata keçirilən tədbirlər nəticəsində hər il ali təhsil müəssisələrinə qəbul olunan və xaricdə təhsil almağa göndərilən tələbələrin sayı artır, ölkəmizdə müxtəlif elm sahələri yaradılır, elmin iqtisadiyyata tətbiqi genişləndirilir. Bütün bunlar isə elm və təhsil sahəsində həyata keçirilən tədbirlərin əhatə dairəsinin daha da genişləndirilməsini, bu sahədə qarşıda duran vəzifələrin müəyyən edilməsini tələb edir” fikrini xatırladan akademik İsmayıl Hacıyev bundan sonrakı dövrdə bu elm məbədində aparılan tədqiqatların elmi və praktik nəticəliliyinin əsas şərt olduğunu əməkdaşların diqqətinə çatdırıb.
Qeyd olunub ki, ötən 10 il ərzində əməkdaşların 4867 əsəri çap edilib. Bunlardan 219-u kitab və monoqrafiyalardır. Çap olunan əsərlərdən 844-ü xarici ölkələrdə nəşr edilib. Sadalanan bu faktlar təqdirəlayiq olsa da, qarşıda duran əsas vəzifə elmi tədqiqatların keyfiyyətinin yüksəldilməsi olmalıdır. AMEA Naxçıvan Bölməsinin əməkdaşları ziyalı adını daim uca tutmalı, informasiya-kommunikasiya texnologiyalarından, eləcə də Elektron kitabxananın verdiyi imkanlardan səmərəli istifadə etməli, apardıqları tədqiqatların nəticəli olması ilə yanaşı səmərəli təkliflər də verməlidirlər. Bölmənin elmi-tədqiqat institutları ali təhsil müəssisələri ilə əlaqəni möhkəmlətməlidirlər.
AMEA Naxçıvan Bölməsində gənc tədqiqatçıların hazırlanması istiqamətində görülən işlərdən də bəhs edən bölmə sədri bu sahədə tədbirlərin gücləndirilməsi və elm sahəsini seçən gənclərin davamlı fəaliyyətinin təmin olunması üçün görüləcək işlərdən danışıb.
Yığıncaqda çıxış edən AMEA Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tariyel Talıbov, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Hacıfəxrəddin Səfərli müşavirənin qarşıya qoyduğu vəzifələrin həyata keçirilməsi üçün rəhbərlik etdikləri elmi-tədqiqat institutlarının fəaliyyətini daha da gücləndirəcəklərini bildiriblər.
Yığıncağa AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev yekun vurub.



