|
|
|
|
Bir sıra beynəlxalq təşkilatlar insan haqları, qanunun aliliyi və s. kimi əsas prinsipləri ali dəyərləri elan etsələr də, təəssüf ki, fəaliyyətlərində buna əməl etmirlər. Bu gün dünyanın əsas beynəlxalq təşkilatlarının ikili standartlara, ayrı-seçkiliyə yol verməsi göz önündədir. Avropa Şurası da bu sıradadır. Azərbaycan və Türkiyənin nümunəsində biz bunu aydın görə bilirik. Hər iki dövlət Avropa Şurasına üzv olduqları dövrdən daima hədəf seçiliblər. Bu, həmin təşkilatda mövcud olan ayrı-seçkilik, riyakarlıq və ikili standartların bariz nümunəsidir. Hökm sürən riyakarlıq və ikili standartların nəticəsidir ki, Avropa Şurasında deqradasiya prosesi gedir, təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirir, dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil.
Azərbaycan Prezidenti İlham Əliyev Bakıda səfərdə olan Türkiyənin Xarici işlər naziri Mövlud Çavuşoğlunu qəbul edərkən bu mövzuya bir daha toxunub və Avropa Şurasını sərt tənqid edib. Dövlət başçısı deyib ki, Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq: “Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində.
Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir. Təşkilat dünyada gedən proseslərə heç bir təsir etmək gücündə deyil. Təşkilatın nüfuzu çox aşağı düşüb və bunun yəqin ki, başlıca səbəbi təşkilatda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir”. Prezident vurğulayıb ki, Azərbaycan xalqı bu təşkilata olan ümidlərini çoxdan itirib. Çünki Azərbaycan daim siyasi sifariş əsasında hədəf seçilib, ölkə haqqında olmayan yalanlar uydurulur və yayılır. Avropa Şurasında Azərbaycan sanki geridə qalmış ölkə kimi təqdim edilir, ölkədə gedən müsbət proseslər qeydə alınmır. Azərbaycan haqqında saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Azərbaycanda guya siyasi məhbuslar var, demokratik proseslərə əngəl törədilir ki, bunlar yalandır.
Azərbaycanı daim hədəf götürən AŞPA digər ölkələrdə insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, siyasi məhbusların mövcudluğuna, vətəndaş cəmiyyətinə, mediaya qarşı basqılara göz yumur. Ermənistanda sabiq prezident həbs olunub, ölkəyə rəhbərlik edtmiş baş nazir Serj Sarkisyan da hazırda istintaq altındadır. Ermənistanda sabiq dövlət başçılarının həbsinin əsas səbəbi onların siyasi proseslərdə iştirakı, indiki hakimiyyətə qarşı tənqidi mövqeləri, Nikol Paşinyan hakimiyyətinin öz siyasi rəqiblərinə qarşı təzyiq və təqib metodlarından geniş istifadə etməsidir. Ermənistanda indiki hakimiyyətə alternativ olmaq istəyən siyasi təşkilatlar daim təzyiq altındadır, siyasi fəallar həbs olunur, hakimiyyətin mövqeyini tənqid edən media, QHT-lər qapadılır, fəal jurnalistlər, vətəndaş cəmiyyəti nümayəndələri həbs olunur. Digər ölkələrlə bağlı vəziyyətə nəzər salsaq, eyni mənzərə ortaya çıxır. Məsələn, Gürcüstanda sabiq müdafiə naziri İrakli Okuraşvili 2019-cu il iyunun 11-də “Qalib Gürcüstan” siyasi hərəkatını yaradıb, həmin ayın 20-21-də Tbilisidə baş verən hadisələr zamanı kütləvi zorakılığın təşkili, ona rəhbərlik və iştirak etməkdə ittiham olunaraq iyulun 27-də həbs edilib. 2019-cu ildə Gürcüstanın müxalif "Qalib Gürcüstan" siyasi hərəkatının liderlərindən olan Quram Çalaqaşvili həbs edilib, 2017-ci ildə sabiq prezident Mixeil Saakaşviliyə qarşı cinayət işi açılıb və digər faktlar mövcuddur. 2019-cu ilin mayında Ukraynanın Dövlət İstintaq Bürosu sabiq prezident Petro Poroşenkoya qarşı dövlətə xəyanət maddəsi üzrə cinayət işi açıb.
Görəsən, digər ölkələrdə olan bu və digər çoxsaylı faktlar Avropa Şurasında niyə qeydə alınmır, müzakirəyə çıxarılmır, qətnamələr qəbul olunmur? Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, aksiyaların şiddətlə dağıdılmasına, iştirakçıların üzərinə itlərin göndərilməsinə, onların atlarla əzilməsinə, polis tərəfindən döyülməsinə və hətta öldürülməsinə, milli, dini və irqi ayrı-seçkilik faktlarına tam biganə münasibət bəslənilir. Olmaya Avropa Şurası bunları demokratiya nümunəsi hesab edir?
Bütün bunlara, ikili standartlar, riyakarlıq, qərəz, daimi təhdid siyasətinin yürüdülməsinə görə Azərbaycan artıq nüfuzdan düşmüş və deqradasiyaya uğramaqda olan bu təşkilatın qərarlarına heç bir əhəmiyyət vermir. Azərbaycan AŞPA-da səslənən qərəzli və uydurma iddiaların heç birini qəbul etmir və heç bir dırnaqarası tələbi icra etmək niyyətində deyil. Çünki Azərbaycan müstəqi dövlətdir, heç kimdən asılı olmayan, xalqın iradəsinə əsaslanan müstəqil siyasət yürüdür, heç vaxt təzyiq və təhdid dilini qəbul etməyib və bundan sonra da öz prinsipial mövqeyində qalacaq.
Azərbaycana qarşı AŞPA-da antipatiyanın daha da güclənməsinin səbəblərindən biri şübhəsiz, 2013-cü ildə Kristof Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsi dayanır. Bu məğlubiyyətdən sonra antiazərbaycan qüvvələri daha da quduzlaşdılar. Revanş hissi ilə yaşayan həmin qüvvələr ilk növbədə ölkəmizdə keçirilən mühüm tədbirlər ərəfəsində və zamanı Azərbaycanı qaralamağa başladılar. Bunun kampaniya olduğu dərhal sezilirdi.
Nəhayət, Avropa Şurası düşünməlidir ki, o, Azərbaycana nə qədər lazımdır. Azərbaycanı riyakarlıq və ikili standartların hökm sürdüyü nüfuzsuz bir təşkilatda heç nə saxlamır. Azərbaycan istənilən vaxtı bu qurumdan çıxa bilər. Bir neçə il bundan qabaq Rusiyaya qarşı sanksiyalar tətbiq edib, onu səs hüququndan məhrum edən AŞPA sonrakı mərhələdə bu ölkənin dalınca qaçdı və sonda öz qərarını ləğv etmək məcburiyyətində qaldı.
Siyasi şərhçi, BAXCP sədrinin müavini Elçin Mirzəbəyli hesab edir ki, AŞPA Azərbaycana münasibətdə hər zaman qərəzli mövqeyilə ölkə daxilində gedən siyasi proseslərə qanunsuz şəkildə müdaxiləyə etməyə cəhd göstərib. Onun sözlərinə görə, Azərbaycanda keçirilən istənilən siyasi hadisə ərəfəsində beynəlxalq təşkilatlar, oradakı ayrı-ayrı qüvvələrin korporativ maraqlarına xidmət edən siyasətçilər ölkəmizə qarşı bu və ya digər şəkildə qərəzlə dolu təbliğat aparmağa çalışırlar. İndiki şəraitdə də AŞPA tərəfindən belə bir addımın atılması gözlənilən idi. Bu mənada onların siyasi məhbus oyunu, qətnamə qəbul etmələri yeni hadisə deyil. Daha öncədən gözlənilirdi ki, AŞPA-dakı bəzi qüvvələr tərəfindən Azərbaycana qarşı belə qərəzli addım atılsın. Azərbaycnın dövlət başçısı məsələ ilə bağlı çox ətraflı, aydın münasibətini bildirib. Və həmin münasibətdə də AŞPA-nın əslində, hansı “prinsiplərə” xidmət etdiyi aydın şəkildə görünür”.
E.Mirzəbəyli də hesab edir ki, Azərbaycana qarşı AŞPA-da qərəzin güclənməsinin səbəblərindən biri məhz Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı qondarma hesabatının səsvermə ilə rədd edilməsidir. Azərbaycanın əleyhinə işləyən qüvvələr bununla heç cür “barışmayaraq” hər fürsətdə ölkəmizə qarşı şər, böhtan kampaniyası aparırlar.
Politoloq Fikrət Sadıqov isə bildirib ki, Avropa Şurası uzun illərdir Azərbaycana qarşı qərəzli mövqe tutur:
“Biz bunu dəfələrlə verilən müxtəlif bəyanatlar, qətnamələrdə görmüşük. Bu təşkilat təkcə bizə qarşı yox, Türkiyəyə qarşı da eyni mövqedədir. Dövlət başçısı İlham Əliyev ötən gün Türkiyə Xarici İşlər naziri Mövlud Çavişoğlunu qəbul edərkən bir daha bəyan etdi ki, AŞPA artıq nüfuzsuz təşkilata verilməkdədir. Görünür, ikili yanaşmalar, xüsusilə aparıcı ölkələri bürüyüb. Avropa da və digər ölkələrdə baş verən hadisələri sanki Avropa Şurasında görmürlər. Fransada uzun müddət ərzində “sarı jiletlər” küçələrə çıxır və onları vəhşicəsinə döyürlər, həbs edirlər. Hətta onlar arasında xəsarət alanların sayı az deyil. Bundan başqa, Ermənistanda jurnalistləri, siyasətçiləri həbs edirlər, işgəncələr verirlər. Ancaq bunlara göz yumulur. Bu kimi ikili standartları Azərbaycan qəbul edə bilməz. Hesab edirəm ki, bütün bunlar Azərbaycana qarşı qərəzli, subyektiv, ədalətsiz mövqedir. Belə mövqe sərgiləmək Avropa Şurasının imicinə zərbədir. Ona görə Avropa Şurasında fəaliyyət göstərən nümayəndə heyətləri, bir sıra dövlətlərin səlahiyyətli şəxsləri bunu başa düşməlidirlər. Azərbaycana qarşı qərarlar qəbul edərkən gözlərini açıb, öz ölkələrində baş verənlərə baxsınlar”. Politoloq vurğulayıb ki, Avropa Şurası və bu kimi ikili standartlarla çıxış edən təşkilatlar obyektivlikdən uzaq düşdükləri təqdirdə nüfuzlarını itirməyə məhkumdurlar: “Əgər bu kimi təşkilatlar obyektivlikdən uzaqdırlarsa, qərəzli mövqe sərgiləyirlərsə, deməli, mənasız fəaliyyətlə məşğuldurlar. Kimə lazımdır belə təşkilat? Məsələlərə subyektiv yanaşan, kimlərinsə sifarişi ilə qərarlar qəbul edən təşkilatlar əlbəttə ki, heç kimə lazım deyil. Elə bu səbəbdən də qəbul olunan qətnamələr sonda lazımsız kağız parçasına çevrilir”.
AZAD