Doğru qurulmayan dərs cədvəli, tələb olunan məcburiyyətlər...
Məlum olduğu kimi, koronavirus pandemiyası ilə əlaqədar ölkədə təhsil sistemi distant formada keçirilirdi. Lakin İkinci Vətən Müharibəsi başladığı 27 sentyabr tarixindən internetin məhdudlaşdırılması ilə dərslərə iki həftəlik fasilə verilməsi məcburiyyəti yaranmışdı. Noyabrın 2-dən etibarən isə distant təhsil yenidən bərpa olundu. Tələbələr iki həftəlik tətildən sonra universitetlərin onlayn təhsilə daha da hazırlıqlı qayıdacaqlarına, onlar üçün daha əlverişli dərs cədvəli quracaqlarına ümidli idilər.
Təəssüf ki, vəziyyət heç də gözlənildiyi kimi olmayıb.
Üzləşdikləri problemləri öyrənmək üçün istər dövlət, istərsə də özəl universitetlərində təhsil alan tələbələrdən bu haqda soruşdum. Demək olar ki, ölkədəki bütün universitet tələbələrinin distant təhsil zamanı yaşadıqları problemlər eynidir. Tələbələr bildirir ki, qarşılaşdıqları başlıca çətinlik tərtib olunan qeyri-peşəkar dərs cədvəli və onlayn təhsilə zidd olan qayıb sisteminin tətbiqidir. Belə ki, Azərbaycan universitetlərində onlayn dərs cədvəlini ənənəvi dərs cədvəli kimi tərtib edilir. Hər dərsin müddəti 60-80 dəqiqə olmaqla günlük dərs cədvəlinə 2-3 dərs salırlar. Hətta bəzi universitetlərdə müəllim cədvəli nəzərə almadan istədiyi saatda dərs keçir, ya da keçmir. Bu isə gün içində tələbənin asudə vaxtını əlindən alır. Əgər internet çox zəifdir və tələbə dərsə qoşula bilmirsə, ona qayıb yazılır. Nəzərə alsaq ki, ümumən ölkədə internet paytaxtdan kənarda zəifdir yaxud da müəyyən kəsintilərlə verilir. Belə olan halda Bakıdan kənarda yaşayan və dərslərə qoşula bilməyən tələbələrə qayıb yazılmağı ədalətli deyil.
Bütün bunlarla yanaşı, seminar dərsləri olduğu kimi qalıb. Bu da növbəti təzadlı hal yaradır.Təsəvvür edin ki, internet zəif olduğu üçün səsi aralıqsız kəsintilərlə gələn bir tələbə 10-15 dəqiqə dərs danışmalı, digərləri də məcbur onu dinləməlidir. Üstəlik, seminar ballarını bir çox universitet tələbələrə açıqlamır. Çünki elektron jurnal hələ də yaradılmayıb. Nə zaman yaradılacağı ilə bağlı da qəti cavab isə yoxdur.
Təhsilə maneə olan digər problem isə bəzi universitetlərin distant təhsildə sərbəst iş və kollokvium tələb etməsidir. Hər kəsə məlumdur ki, tələbələrin ən çox istifadə etdiyi M.F.Axundov adına Milli Kitabxana hazırda bağlıdır. Kitabxananın saytında isə bütün kitablara əlçatanlıq yoxdur. Bakıda fəaliyyət göstərən kifayət qədər kitab mağazası olsa da bəzi rayonlarda bu imkanlar da məhduddur. Belə olan halda, əgər bir qrupda 60 faiz tələbə rayonda yaşayırsa, müəllimin sərbəst iş tələb etməsi mövcud durumda tələbəni nəzərə almaması deməkdir.
Onu da qeyd edim ki, tələbələrin etirazı müəllimlərə deyil, universitetlərdə təhsil sisteminin qurulmasına məsuliyyət daşıyanlardır. Universitetlər yanlış cədvəl qurmaqla tək tələbələri yox, həm də müəllimləri istismar edir. Əgər tələbə 3-4 saat ekran qarşısında oturursa, müəllimlər bütün günü bunu etməyə məcbur qalır.
Xatırladaq ki, mövcud pandemiya dövründən əvvəl də dünyada distant təhsil tətbiq edilirdi. İnsanlar onlayn təhsil alaraq universitet, kurs bitirir, təlimlərdə iştirak edirdi. Ancaq həmin insanlar günün çox hissəsini kompüter, telefon qarşısında keçirmir, digər işlərinə də zaman ayıra bilirdilər.
Məsələ ilə bağlı, 525.az-a açıqlama verən təhsil eksperti Elçin Əfəndi bildirib ki, universitetlərin hər biri mövcud vəziyyəti bildiyi üçün tələbələrin xeyrinə müəyyən güzəştlər etməli idilər:
“Həm ölkənin müharibə şəraitində olması, həm də pandemiyanın gətirdiyi fəsadlar distant təhsildən tam yararlanmağa imkan vermirdi. Bu hadisələri nəzərə alaraq, bütün təhsil müəssisələri tələbələrə və şagirdlərə güzəşt etməli idi. Misal üçün, tələbəyə qayıb yazmaq olmaz. Ümumiyyətlə, distant təhsildə qayıb məsələsi real deyil. Eyni zamanda sərbəst işlərin verilməsi və seminar dərslərində də tələbələrin vəziyyəti nəzərə alınmalıdır. Bu günə qədər məsafədən təhsildən yararlana bilmədiyimiz üçün bütün təhsil verən şəxslər və onların çalışdıqları təhsil müəssisələri güzəşt etməyi bacarmalıdır”.
Onun sözlərinə görə, ən optimal variant 12 noyabrdan dekabrın sonuna kimi keçirilən dərslər üzərindən qiymətləndirilmə aparılması olar:
"Təhsil müəssisələri qiymətləndirməni yalnız tələbənin normal qaydada internetə qoşulub faydalandığı vaxtdan etibarən apara bilərlər. Həmin müddətdə hansı dərslər keçilibsə, o dərslər əsasında qiymətləndirmə aparmaq mümkündür. Ancaq bilirik ki,12 noyabr tarixinə qədər bütün tələbələr dərsə qoşula bilmirdi və dərs bütöv qrupu əhatə etmirdi. Qrupda 20-25 tələbə vardısa, 6-7 nəfər normal dərsə qoşula bilirdi. Bir sözlə, 12 noyabra qədər təhsil davam etsə də, hər kəs üçün əlçatan olduğu demək düzgün olmazdı”.
Ekspert vurğulayıb ki, Təhsil Nazirliyi heç bir universitetə tam səlahiyyətlər vermir:
“Sadəcə bütün işləri birbaşa özləri həyata keçirən və publik hüquqi şəxs statusu daşıyan ali məktəblər müəyyən tələblər edə bilərlər. Əgər həmin universitetlər təhsili və tədrisi düzgün qaydada qurub və bütün tələbələrə informasiyanı normal qaydada çatdırırlarsa, o zaman yoxlama işlərini apara bilərlər. Ancaq yenə də deyirəm, bütün təhsil müəssisələri qəbul etməlidir ki, distant təhsildə qayıb olmalı deyil. Kimsə yeni qaydalar yaradırsa, artıq onun öz problemidir. Çünki heç bir tələbənin təhsil müəssisəsinə qəbul olan zaman müqaviləsində distant formada təhsil veriləcəyi barədə müddəa qeyd olunmayıb. Buna görə də hər bir tələbə haqlı olaraq hüquqi çərçivədə müraciət edərək qiymətləndirməsini ala bilər. Qaldı ki, ali məktəblərin Təhsil Nazirliyinin məsuliyyətini kənara qoyaraq özlərini bütün səlahiyyətləri üstlənmiş qurum kimi təqdim etmələri, bu, yolverilməz haldır”.
Aytac Aslan