NATİQ ABDULLAYEV: “VƏTƏNDAŞ CƏMİYYƏTİNİN QURULMASI ÜÇÜN HÜQUQİ İSLAHATLARIN DÜZGÜN İSTİQAMƏTDƏ APARILMASI VƏ İNKİŞAF ETDİRİLMƏSİ ZƏRURİ ƏHƏMİYYƏT DAŞIYIR”
Müstəqillik əldə etdikdən sonra Azərbaycan dövləti tərəfindən hüquqi dövlət quruculuğunun və vətəndaş cəmiyyətinin inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir. Ulu öndər Heydər Əliyevin hakimiyyəti dövründə əsası qoyulan bu prinsiplər hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Heç şübhə yox ki, vətəndaş cəmiyyətinin daha da möhkəmləndirilməsi, eləcə də hüquqi dövlət quruculuğunda hüquqi islahatların əhəmiyyətli rolu var. “Hüquqi İslahatlara Yardım Mərkəzi” İctimai Birliyinin sədri Natiq Abdullayevlə söhbətimizi də bu istiqamətdə qurduq.
– Ölkədə aparılan hüquqi islahatlarla bağlı hansı fəaliyyətiniz var?
– Təşkilatımız qarşısına qoyduğu məqsədləri həyata keçirmək üçün aşağıdakı istiqamətlərdə daha ardıcıl və məqsədyönlü işlər aparır. Hüquqi islahatlarda, idarəçilikdə innovasiyaların tətbiqi, innovasiya layihələrinin hazırlanması və həyata keçirilməsinin dəstəklənməsi; innovasion cəmiyyətin formalaşmasının hüquqi əsaslarının yaradılması və möhkəmləndirilməsi; məhkəmə-hüquq islahatları çərçivəsində vətəndaş cəmiyyətinin inkişafının mühüm amillərindən biri olaraq mübahisələrin məhkəmədən kənar alternativ vasitələr-mediasiya, konsiliasiya, arbitraj vasitəsilə həlli üsulları barədə beynəlxalq təcrübənin ölkəmizdə tətbiqinə nail olmaq; hüquqşünas kadrların peşəkarlığının artırılması, xüsusən, özəl sahələrdə çalışan hüquqşünasların ixtisasartırma kurslarına cəlb edilməsi, ali məktəblərin yuxarı kurslarında oxuyan və yaxud ali məktəbləri yenicə bitirmiş məzunların praktiki hüquqşünaslıq vərdişlərinə yiyələnməsi, yüksək ixtisaslı kadrların yetişdirilməsi; hüquqi islahatların təkmilləşdirilməsinə dəstək vermək məqsədilə beynəlxalq təcrübənin öyrənilməsi; beynəlxalq mütəxəssislərin cəlb edilməsi ilə yeni qanun layihələrinin hazırlanması, qanunvericilik təşəbbüsləri ilə çıxış etmək bu sıradan olan tədbirlərdəndir. Qarşısına qoyduğu məqsədlərə çatmaq üçün “Hüquqi İslahatlara Yardım Mərkəzi”nin nəzdində Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi; Hüquqi İnnovasiya İnkişaf Mərkəzi; Hüquq Təlim-Tədris Mərkəzi kimi əsas fəaliyyətinə uyğun üç istiqamətdə müstəqil qurumlar yaradılıb. Şübhəsiz ki, bu məqsədlərə nail olmaq üçün beynəlxalq təcrübənin öyrənilməsi və öz fəaliyyətimizdə tətbiq edilməsinin müsbət səmərə verə biləcəyini düşünürük. Bu istiqamətdə mütəxəssislərimiz ciddi araşdırmalar aparırlar. Həmçinin, Mərkəz öz fəaliyyətində hüquqi islahatların, innovasiya layihələrinin həyata keçirilməsi ilə məşğul olan dövlət qurumları və ictimai təşkilatlarla ciddi əməkdaşlıq əlaqələri qurur. “Hüquqi İslahatlara Yardım Mərkəzi” fəaliyyətə başladığı müddət ərzində qarşısına qoyduğu məqsədlərə çatmaq üçün öz daxili imkanları hesabına bir çox tədbirlər görüb. Belə ki, mütəxəssislərimizin hazırladığı 2000-ə yaxın hüquqi termini əhatə edən izahlı “Rusca-azərbaycanca hüquq lüğəti” və “Vərəsəlik: Normativ aktlar, Qərarlar, Şərhlər (1923-2000-ci illər)” kitablar və bir çox digər nəşrlər kütləvi tirajla oxucuların ixtiyarına verilib. Mərkəz qarşısına mübahisələrin alternativ həlli ilə əlaqədar olan digər üsullarla konsaltinq xidmətlərinin və bu kimi kitabların hazırlanmasında və nəşrində əsas məqsəd vətəndaşların hüquqi cəhətdən maarifləndirilməsi işlərinə kömək etməkdir.
Təşkilatımız Azərbaycanda mübahisələrin məhkəmədənkənar, arbitraj yolu ilə həlli istiqamətində atılan addımların davam etdirilməsi və təkmilləşdirilməsi üçün müəyyən işlər görüb. Yeri gəlmişkən qeyd edək ki, “Hüquqi İslahatlara Yardım Mərkəzi” əməkdaşlarının mübahisələrin alternativ üsullarla həlli sahəsində kifayət qədər nəzəri və təcrübi bilikləri vardır. Belə ki, təşkilatımızın təsisçiliyi ilə, hüquq varisliyi qaydasında yenidən təşkil olunaraq, hazırda “Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi” adlanan “İnternational Commercial Arbitraton” Cəmiyyəti 2002-ci ildən yaradılıb və fəaliyyətə başlayıb. “İnternational Commercial Arbitraton” Cəmiyyəti “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 11 noyabr 2003-cü ildə Azərbaycan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsini təsis etmiş, BKAM-ın arbitrlərini seçmiş, BKAM-ın katibliyini və aparatını təşkil etmiş, BKAM-ın Əsasnaməsini təsdiq edib.
2008-ci ildə “İnternational Commercial Arbitration” Cəmiyyəti hüquqi varislik qaydasında “Hüquqi İslahatlara Yardım Mərkəzi”nin təsisçiliyi ilə yenidən dövlət qeydiyyatına alınmaqla, adı dəyişdirilərək “Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi” kimi yenidən təşkil olunub. Azərbaycan Arbitraj və Mediasiya Mərkəzinin hüquqi varisi olduğu “İnternational Commercial Arbitration” Cəmiyyəti fəaliyyəti dövründə, həmçinin, 2004-2007-ci illərdə müstəqil surətdə Azərbaycanda arbitraj ideyasının fəal təbliğatçısı olaraq, nəzdində yaradılan Beynəlxalq Kommersiya Arbitraj Məhkəməsinin fəaliyyətinin təşkili və inkişafı istiqamətində əməli tədbirlər görmüşdür. BKAM Almaniya, Rumıniya, Misir, Türkiyə, Hindistan, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, Avstriya və s. kimi beynəlxalq arbitraj və mediasiya sahəsində zəngin təcrübəsi olan ölkələrdə fəaliyyət göstərən analoji qurumlarla qarşılıqlı əməkdaşlıq sazişləri bağlamış, müxtəlif formatda bu əlaqələrini inkişaf etdirir. “İnternational Commercial Arbitration” Cəmiyyəti 2003-2008-ci illərdə beynəlxalq arbitraj sahəsində 2 kitab, 4 broşür (Azərbaycan, ingilis və rus dilərində) buraxaraq, öz daxili imkanları hesabına “Arbitraj” qəzetini nəşr etdirib.
Hazırda BKAM-ın icraatında iqtisadi mübahisələrə dair bir neçə iş vardır ki, bu da mübahisələrin həllinin alternativ üsullarına sahibkarların inamının nəticəsidir.
İndi təşkilatımızın nəzdində fəaliyyət göstərən Azərbaycan Arbitraj və Mediasiya Mərkəzi arbitraj və mediasiya sahəsində beynəlxalq əlaqələrini davam etdirir, xüsusən, iqtisadi mübahisələrin alternativ həlli üsullarının ölkəmizdə təbliğində fəal iş aparır, həmçinin, müstəqil arbitraj və mediasiya qurumu kimi beynəlxalq aləmdə ölkəmizi layiqincə təmsil edir.
– Natiq müəllim, qanunvericiliyin təkmilləşdirilməsi sahəsində nə kimi təşəbbüsləriniz olub?
– Mərkəzin əməkdaşları tərəfindən beynəlxalq təcrübəyə və milli qanunvericilik bazasına əsaslanmaqla “Mediasiya (vasitəçilik) haqqında” və Münsiflər məhkəməsi haqqında Qanun layihələri hazırlanır. Yaxın vaxtlarda yeni layihələr müvafiq dövlət qurumlarına və ictimaiyyətin müzakirəsinə təqdim ediləcək. İnsan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində də “Hüquqi İslahatlara Yardım Mərkəzi”nin orijinal tədbirlərin həyata keçirilməsini planlaşdırır. İlk növbədə müxtəlif qanunvericilik aktlarının günün tələbləri və beynəlxalq təcrübəyə müvafiq səviyyədə təkmilləşdirilməsi üçün artıq 10-a yaxın təkliflə Azərbaycan Respublikasının Milli Məclisinə, Prezidentin İcra Aparatına, Nazirlər Kabinetinə müraciətlər təqdim olunub. Dəyişən cəmiyyətdə qanunvericilik bazasının təkmilləşdirilməsi dövlətimizin, müvafiq qurumların daim diqqət mərkəzindədir. Təşkilatımız da öz əməkdaşlarının və digər mütəxəssislərin praktiki fəaliyyəti, ayrı-ayrı şəxslərin, dövlət, ictimai və özəl təşkilatların müraciətləri əsasında aşkar olunan problemli məsələlərin vaxtında və peşəkarlıqla həllini tapması üçün əsaslandırılmış təkliflər hazırlayaraq müvafiq orqanlara təqdim edir. Ümumiyyətlə, yeni qanunların hazırlanmasında və qüvvədə olan qanunların təkmilləşdirilməsində iştirak etmək, ayrı-ayrı qanunların, normativ-hüquqi aktların tətbiqi mexanizminin səmərəliliyini öyrənmək, qanunvericiliyin tətbiqi təcrübəsindəki nöqsanların aradan qaldırılmasında fəal iştirak etmək təşkilatımızın fəaliyyətinin əsas istiqamətlərindən biridir.
“Hüquqi İslahatlara Yardım Mərkəzi” respublika hüquqşünaslarının qüvvəsini cəmiyyətin daha da demokratikləşdirilməsi prosesinə, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin möhkəmlənməsinə, cəmiyyətin mənafeyinin mühafizəsinə, vətəndaşların hüquq və azadlıqlarının həyata keçirilməsi və genişləndirilməsinə səfərbər etmək niyyətindədir. İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının qorunmasında beynəlxalq təcrübənin öyrənilməsi, hüququ pozulmuş şəxslərin Avropa İnsan Hüquqları Məhkəməsinə daha asan şəkildə müraciət etməsinə yardım, bütövlükdə hüquqi yardımın təkmilləşdirilməsinə çalışmaq mərkəzin davamlı fəaliyyət sahələrindən biridir. Mərkəzin fəaliyyət istiqamətlərindən biri də hüquqşünas peşəsinin nüfuzunun artırılması, hüquqşünasların peşə hazırlığının, peşə etikasının təkmilləşdirilməsi, xüsusən, vəkillərin və nümayəndəlik fəaliyyəti ilə məşğul olan praktiki hüquqşünasların müxtəlif sahələr üzrə ixtisaslaşmasına yardım göstərməkdir.
Hazırda mərkəzin mütəxəssislər qrupu qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün müasir beynəlxalq hüququn və beynəlxalq əlaqələrin əsas xüsusiyyətlərini, beynəlxalq hüququn və beynəlxalq təcrübənin ən yeni innovasion üsullarını araşdırır. Beynəlxalq hüquq ittifaqları və təşkilatlarla birbaşa əlaqələrin yaradılması, beynəlxalq səviyyəli ekspertlərlə qarşılıqlı əməkdaşlığın qurulması da mərkəzin önəm verdiyi məsələlərdəndir. Bu məqsədlə mərkəzin əməkdaşlarının xarici ölkələrə ezam olunması, xarici mütəxəssislərin ölkəyə dəvət olunması, beləliklə fəal təcrübə mübadiləsi aparılmasına diqqət yetirilir.
AQİL