Ot kökü üstə bitər, deyirlər. Budəfəki həmsöhbətimiz Asim Pirimov bu deyim üçün ən uğurlu nümunələrdən biridir. Asim məşhur tarzən Qurban Pirimovun nəticəsidir və bu gün babasının yolunu davam etdirir. Hələ uşaq yaşlarından bir çox müsabiqələrdə, xarici qastrollarda iştirak edən Asim dəfələrlə birinci yerə layiq görülüb, Azərbaycanı xarici ölkələrin səhnələrində təmsil edib.
- 5 yaşımda olarkən musiqiyə böyük həvəsim var idi, valideynlərimə bir neçə musiqi aləti aldırdım. Bir gün evdə valideynlərimin məşhur tarzən babam Qurban Pirimov haqqında söhbətini eşitdim və tar alətinə olan məhəbbətim artdı. Evdəkilərdən mənə almalarını xahiş etdim. Məqsədim babam Qurban Pirimovun sənətini davam etdirmək idi.
- Sosial şəbəkələr fəaliyyətinizdə hansı yerləri tutur?
- Sosial şəbəkələrin sənət fəaliyyətimdə əhəmiyyəti çox böyükdür. Burada ifalarımı paylaşıram, izləyicilərim bəyənərək mənə dəstək olurlar.
- Qurban Pirimovun nəticəsi olmaq necə hissdir?
- Fəxr edirəm ki, belə bir sənətkarın - tarzən Qurban Pirimovun nəticəsiyəm. Babamın sənəti ilə qürur duyuram. Bu soyadı daşımaq böyük məsuliyyətdir. Hər zaman bu soyadı layiqincə təmsil etmək üçün çalışmışam.
- Tarda ilk ifa etdiyiniz əsər hansı olub, xatırlayırsınızmı?
- İlk ifalarım "Qatar" və Cahangir Cahangirovun "Ana" əsəri olmuşdu.
- Bu günə qədər bir çox mükafatların da sahibi olmusunuz...
- 2016-cı ildə Qara Qarayev adına "Təhlil və İfa Edir Gənc Musiqiçilər" III Respublika Elmi-İfaçılıq Müsabiqəsində laureat adına layiq görüldüm. 2017-ci ildə Türkiyənin Kocaeli şəhərində "23 nisan Çocuklar Günü" münasibətilə etdiyimiz səfərdə diplomla təltif olunduq. Həmin il Gürcüstanın Kobuleti şəhərində keçirilən "Harira" müsabiqəsində Azərbaycanı təmsil etdim, burada birinci yerə və laureat adına layiq görüldüm. 2018-ci ildə Bakıda italyanların keçirdiyi "Testene Art Baku" müsabiqəsində iştirak etdim və ikinci yerə layiq görüldüm. Burada da diplom və medalla təltif olundum. 2018-ci ildə Türkiyədə keçirilən Uluslararası "Caspi Art 3" müsabiqəsində iştirak etdim və birinci yeri qazandım. 2019-cu ildə Moskvada yaşayan həmyerlilərimiz Xalidə və İlqar Səmədovların təşəbbüsü ilə Moskvada keçirilən "Qarabağ atları" sərgisinin açılışında iştirak etdim. Burada "Qarabağ şikəstəsi" ifa etdim. Bir daha Xalidə xanım və oğlu İlqar bəy Səmədovlara öz təşəkkürümü bildirirəm. Bu il isə 5 nəfərdən ibarət "İstedadlı gənclər" qrupunu yaratdım. Parlaq Yaradıcı Gənclər İctimai Birliyinin sədri Riad Cəbrayılovun dəvəti ilə Azərbaycan Dövlət Opera və Balet Teatrında 8 mart Beynəlxalq qadınlar gününə həsr olunmuş "Harmoniya" adlı konsertdə iştirak etdik, Mədəniyyət Nazirliyi tərəfindən diplomla təltif olunduq. Bu il "Ca Ave Musica" Türkiyə-Rusiya I Beynəlxalq musiqi müsabiqəsinə video ilə qatıldım və laureat adına layiq görüldüm.
- Azərbaycan musiqisinin bugünkü vəziyyəti barədə nə deyə bilərsiniz?
- Azərbaycan musiqisi hər zaman inkişaf edir və edəcək. Hazırda gənclərin bir çox musiqi alətlərində göstərdikləri yeniliklər buna misal ola bilər. Milli alətimiz olan tarda xalq mahnıları, muğamlar ifa etməklə yanaşı, xarici əsərlərə də müraciət edirəm. İtaliyanın məşhur "Bella Ciao" və "Lasciatemi Cantare" mahnılarını tar alətində ifa etmişəm.
- Hazırda harada təhsil alırsınız və gələcəkdə təhsilinizi harada davam etdirməyi düşünürsünüz?
- Hazırda Bülbül adına orta ixtisas musiqi məktəbinin 11-ci sinifində tar aləti üzrə təhsil alıram. Bu il bu məktəbi bitirib Azərbaycan Milli Konservatoriyasında təhsilimi davam etdirəcəyəm.
- Asim bəy, ən böyük arzunuz nədir?
- Arzularımdan biri sənətimi davam etdirmək və ali təhsil almaq üçün Azərbaycan Milli Konservatoriyasına daxil olmaqdır. İllər öncə isə hər dəfə bu sual mənə veriləndə deyərdim ki, işğal altında olan torpaqlarımız azad olsun, Qarabağımızda "Qarabağ şikəstəsi"ni ifa edim. İndi isə şükürlər olsun ki, bu il böyük qələbənin sevincini yaşadıq. Torpaqlarımız düşməndən azad edildi. Bu arzum artıq reallaşır, tezliklə Qarabağda - Şuşada, ata-baba yurdum olan Ağdamda keçirilən konsertlərdə "Qarabağ şikəstəsi"ni ifa edəcəyəm.
Günel ABBAS