|
|
|
|
Yəqin, düşünəcəksiniz ki, iki sifət deməli imişəm, üç sifət niyə? Elə üç demək istəyirəm.
Tanınmış İran kino rejissoru Cəfər Pənahinin çəkdiyi "3 sifət" filminə baxdıqdan sonra təsiri o qədər güclü oldu ki, 3 sifət ifadəsi beynimdə ilişib qaldı. Ötən yay Belçikada olanda filmin afişasını gördüm, adı diqqətimi cəlb etdi.Fransız dilində nümayiş olunduğu üçün baxmaq fikrindən daşındım.. Beş ay sonra mükafata layiq görülən filmin Bakida 3 gün nümayiş olunacağını qızımdan eşitmək əsl sürpriz oldu.Alt yazı tərcüməsi ilə filmə baxdım və... 3 sifət` ifadəsi beynimdən heç silinmədi.
Həyatımız 2 sifətlə doludur. 3-cü sifətə sahib olmaq , onu duymaq çətin məsələdir.
Ətrafımızdakı insanlar istedadlı və istedadsız ola bilərlər. Bu 2 sifəti hamımız tanıyırıq. 3-cü sifəti isə - istedadlının haqqını əlindən alıb özününküləşdirənlərdir. Onlar özlərini daha yaxşı tanıyırlar.
Yolda, nəqliyyatda görüb tanımadığımlz , lap elə tanıdığımız insanların 2 sifətini: davranışından psixologiyasını, zahirindən isə zövqünü az-çox müəyyənləşdirə bilərik. Bəs 3-cü sifətini - daşıdığı düşüncə yükünü görə bilirikmi?
Məncə, onların çoxu bunu müəyyənləşdirməkdə özləri belə çətinlik çəkir.
Cəmiyyətdə hamının bir vəzifə borcu var -- yerinə yetirsələr də, yetirməsələr də. Kimi valideyn, kimi övlad, kimi də sadəcə, vətəndaşlıq borcunu yerinə yetirməlidir. 44 günlük Qarabağ müharibəsində qələbənin səbəbi dövlətin uğurlu siyasəti, hərbçilərin əzmi, iradəsi oldu. Bu iki sifət hamımıza bəllidir. Bəs 3-cü sifət?
Övladını çətinliyə,:soyuğa, aclığa öyrədən, ictimai mənafeyi şəxsi mənafedən öndə bilən, hətta yeganə oğluna : "Torpaqları azad etmədən geri dönmə", --deyən atalar, analar , "Vətən" dərsini uğurla keçən müəllimlər bu qələbənin bəzən görünməyən 3-cü sifəti oldular.Bu gün bir addım yolu piyada getmək istəməyən, təhsili uğur mənbəyi bilməyən, yaşamını çətinliklə təmin edən insanları görməzdən gələn, ən bahalı "dəmir qəfəsi" ilə öyünən, halalı haramdan ayırmağı bacarmayan nə qədər övlad böyüyür, görəsən?
Övlad böyüdən valideynlər, sabah sizin köməyə ehtiyacınız olduqda onların çətinliklərinə çəkdiyiniz "hasar" övlad üçün keçilməz olacaq. Məşhur "Qabusnamə" kitabında yazılır: "Sahın övladı olsa belə, həftənin altı günü halva yesə də, bir günü quru çörək verin".
İki dünyada yaşayırıq: biri reallıqlarla, ümidlə dolu, digəri işə neqativ duyğulu insanlarla yuklənmiş.3-cü isə özümüzün qurduğumuz dünyamızdır. Birincisində və ikincisində hər şey çox adi , çox sıxıcı...Səhərdən axşamadək qaçaqaç , qovhaqov...Gördüyümüz rutin işlər hər gün təkrarlanır, məişət qayğıları ilə yüklənib bizi əzir ,canımızı sıxır. Hər kəsə gülümsəmək, nikbin görünmək məcburiyyətindəyik.
Zəmanədən geri qalmamaq üçün oxuduğumuz xəbərlər , izlədiyimiz efir, yuxarı -aşağı çevirdiyimiz müxtəlif mövqeləri əks etdirən sosial şəbəkə... Bəzən gizlin , bəzən də aşkar haqsızlıqlara düçar olar , mübarizə üçün gücümüzü səfərbər edər , hər dəfəsində sabah daha azad , daha xoşbəxt, daha qayğısız olacağımıza inama şübhə edərək növbəti günə keçirik. Qurduğumuz dünyamızda azad , inamlı , yaşamından zövq alan insan oluruq. .Kimsənin bizimlə işi yoxdur. O qədər gözəl duyğular , təmiz hislər bürüyüb ki ,bu dünyanı , bütün pisliklər, haqsızlıqlar yaxınlaşmağa belə qorxur. Günlərimiz o qədər rəngarəng, maraqlıdır ki , sabahı belə düşünmürük.Gördüyümüz işimizdən zövq alır , məişət qayğıları bizə əzab vermir , oxuduğumuz ən dəhşətli xəbərlər belə bizi dünyamızdan qopara bilmir. İblislər ruhumuzun hasarından boylana-boylana qalırlar , içəri keçə bilmirlər .Gözəl insanlar bəzəyir öz dünyamızı...Bax beləcə ruhumuzu pisliklərdən qoruyaraq yaşayırıq.
Gözümüz aydın, son bir ildə cəmiyyətin 3-cü sifəti də göründü :xəstəlik, ölüm, çarəsizlik, dünyanı saran virus qorxusu...
Bəşəriyyət öz 3-cü sifəti ilə fəlakətlər yaşatdı, ümidlər qırdı, ömürləri yarıda qoydu , amma bizə ayıq olmağı, yaşamı daha çox sevməyi, yaxınlarımızı qorumağı, yalnız özünü deyil, özgələri də düşünməyi öyrətdi.Əlimizdə olanlardan bərk-bərk yapışmamağı, edilən yaxşılıqların müqabilində pislik etməməyi , həyat və ölüm arasındakı körpünun çox qısa məsafəsini görməyi bəzilərimiz bacardıq. Ən kiçik problemlər zamanı bezdiyimiz həyata daha çox dəyər verməyə başladıq , onu sevdik.
Dost məsləhəti:əgər 3-cü sifət sizə mənəvi dinclik bəxş edəcəksə, onu tapmağa çalışın və bir də öz dünyanızı qurun...
Xanım Qasımova
Filologiya üzrə fəlsəfə doktoru