|
|
|
|
-Aydın müəlllim,Azərbaycana intensivləşən rəsmi səfərlər fonunda bir məsələ daha çox aydın sezilməkdədir, yəni, əvvəlki illərlə müqayisədə, son aylar Azərbaycana səfər edən yüksək çinli rəsmilər, dövlət rəhbərləri Azərbaycanın müxalifət liderləri ilə də görüşürlər. Qeyd edək ki, bu da bəzi iqtidar və hakim partiya mənsubları tərəfindən narazılıqla qarşılanır. Sizcə, burada iqtidar və hakim partiya mənsublarını qıcıqlandıran, narazı salan məqamlar nədən ibarətdir, ümumiyyətlə, bu görüşlərdə təhlükəli məqamlarmı var?
-Ölkəmizin beynəlxalq aləmdə nüfuzu getdikcə artdığına görə xarici dövlətlərin Azərbaycanla münasibətlərə marağı da artıb və bu baxımdan, qarşılıqlı səfərlərin sayı da durmadan artmaqdadır. Bunların içərisində Avropanın və dünyanın aparıcı, inkişaf etmiş ölkələri də var. Onların səfərləri zamanı bəziləri Azərbaycanda müxalifət dairələrin nümayəndələri ilə görüş keçirirlər. Bu, əlahiddə bir şey deyil və olmayıb. Bu, onların siyasət praktikasından irəli gələn bir məsələdir, adi bir protokol qaydasıdır.
Azərbaycan müxalifəti isə bunu böyük bir siyasi hadisə, onların fəaliyyətinə xaricdən böyük diqqət kimi qələmə verməyə çalışırlar. Ancaq Yeni Azərbaycan Partiyası bu məsələyə çox sakit yanaşır. Hər hansı bir reaksiya vermək fikrində deyil. Qanun çərçivəsində fəaliyyət göstərən siyasi qüvvələrin kiminlə görüşməsi, hansı məsələni müzakirə etməsi bu, onun daxili işidir. Ancaq bizim iradımız onadır ki, xarici ölkə nümayəndələri ilə görüşdə müxalifət dairələrinin təmsilçiləri Azərbaycanın ağrılı problemlərini qaldırmırlar.
Bir dəfə olsun belə, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi, bir milyon qaçqına-köçkünə dünyanın bəzən biganə qalması məsələsi onların müraciətlərində, müzakirələrində əsas yer tutmur. Qaldırdıqları məsələlər bir qayda olaraq şikayət, özlərinin fəaliyyətsizliyində Azərbaycan iqtidarını tənqid etməkdir. Digər tərəfdən onların görüşlərində bir milli təəssübkeşlik hissi də nəzərə çarpmır. Mən inanmıram ki, xarici ölkələrin siyasi dairələri qonaqlarla söhbətlərində öz ölkəsinin hökumətindən şikayətə əsas yer versinlər. Yəni, demokratiyada, siyasətdə bütün məsələlər cəmiyyətə müraciətlə həll olunur.
Əgər kimsə hansısa məsələni, strategiyanı qarşısına qoyursa, həmin o məsələlərin həllini cəmiyyətdə axtarmalıdır, cəmiyyətə müraciət etməlidir, onunla görüş keçirməlidir. Öz proqramını ortaya qoya bilməlidir. Və bu və ya digər xarici ölkənin nümayəndələri ilə görüşən müxalifət dairələrinin bir dəfə də olsun Azərbaycan cəmiyyəti ilə işləməsi, regionlara getməsi, ziyalılarla görüşməsi faktına biz rast gəlmirik. Onların fəaliyyətləri ancaq xarici səfirliklərlə görüş, beynəlxalq təşkilatlara müraciət və xarici ölkə nümayəndələri ilə qapalı görüşlərdən ibarət olur.
Aydın məsələdir ki, hakimiyyət iddiasında olan insanların bu tipli görüşlərdə hansı məsələni qaldırması və görüşlərini niyə gizli keçirməsinə cəmiyyətin çox ciddi sualları ola bilər. Belə olan təqdirdə də, onların xaricilərlə görüşmə məsələsinə cəmiyyətin vaxtaşırı reaksiya verməsinə həmin qüvvələrin qıcıqlanmasının mənası başa düşülmür. Cəmiyyətə hesabat vermək lazımdır. Edilən söhbətlərin məzmunu açılmalıdır. Həmçinin, Azərbaycanın bu günü, sabahı ilə bağlı məsələlər bu və ya digər ölkənin prezidenti ilə deyil, Azərbaycan insanı ilə, Azərbaycan ziyalısı, Azərbaycan dövləti və cəmiyyəti ilə müzakirə edilməlidir. Yəni, bu baxımdan, iqtidarın, hakim siyasi qüvvənin nümayəndələrinin ünvanladıqları suallara müxalifətin verdiyi cavablar həddən artıq zəif olur. "Kimsə onların partiyasının qapısını açmırsa, artıq buna cəmiyyət günahkar deyil, həmin o siyasi qüvvəni rəhbərlərin günahkardır"
-Müxalifətçilər də öz növbəsində iddia edirlər ki, hakimiyyət, daxili auditoriya onların şikayətlərini, tənqidlərini, təkliflərini dinləmədiyi üçün öz narazılıqlarını, irad və təkliflərini xaricilərlə bölməyə üstünlük verirlər və ya məcbur olurlar...
- Azərbaycan cəmiyyəti onların mövcudluğundan xəbərdardır. Ancaq kimsə onların partiyasının qapısını açmırsa, artıq buna cəmiyyət günahkar deyil. Həmin o siyasi qüvvə və siyasi qüvvənin rəhbərləri günahkardır. Deməli, cəmiyyətin dili ilə danışmırlar. Cəmiyyəti cəlb etmirlər. Cəmiyyətin bu gün narahat edən məsələləri özlərinin aktual məsələləri hesab etmirlər. Özlərinin düşüncələrini cəmiyyətin düşüncəsi kimi qəbul etdirmək isə, ümumiyyətlə, anormal bir şeydir. Hesab edirəm ki, bu gün özlərinin uğursuzluğunda bütün cəmiyyəti - 9 milyon yarım əhalini günahlandırmağın özü çox absurd görünür.
Həmçinin, Azərbaycan problemləri Azərbaycan daxilində həll edilməlidir. Əgər bunu Azərbaycanla deyil, xariclə müzakirə edib, xariclə onun çıxış yollarını axtarırlarsa, hesab edirəm ki, onlar nəylə məşğul olduqlarının fərqinə varmalıdırlar. "Bu normaldır ki, müxalifət iqtidarı tənqid edir..."
-Onlar əsas tənqid oxlarını cəmiyyətə deyil, daha çox iqtidara yönəltdiklərini iddia edirlər...
-Çox yaxşı. Bu normaldır ki, müxalifət iqtidarı tənqid edir. Normaldır ki, müxalifətlə razılaşmır. Ancaq biz bunun yönümündə eyni zamanda bir milli təəssübkeşlik, Azərbaycanın milli yüklü problemlərinin həllində müxalifətin də çiynini yük altına salmasını gözləyirik. Ancaq bu, baş vermir. "Yeni Azərbaycan Partiyası onlara partiyaüzvümü verməlidir, yoxsa onların görüşlərinə minlərlə insanlarmı gətirməlidir?"
-Müxalifət onu da iddia edir ki, iqtidar onun cəmiyyətlə, seçici ilə görüşməsində, bir araya gəlməsində maraqlı deyil və bu baxımdan da, hər cür maneələr, əngəllər yaradır. Bu iddia nə dərəcədə əsaslıdır?
-Hesab edirəm ki, onların bu yöndəki ittihamları da əsassızdır. Yəni, Bakıda və regionlarda görüşlər keçirmək olar. Ancaq onların görüşlərinə gələn yoxdur. Onlara maraq göstərən yoxdur. Onların bayraqlarının altında durmaq istəyənlər yoxdur. Varsa da, həddən artıq azdır. Yəni, Yeni Azərbaycan Partiyası onlara partiya üzvümü verməlidir, yoxsa onların görüşlərinə minlərlə insanlarmı gətirməlidir?
Cəmiyyətlə işləmək lazımdır. Siyasət ancaq qəzet səhifələrində şəkillərinin verilməsi deyil. Siyasət cəmiyyətin dili ilə cəmiyyətlə danışmaq, cəmiyyətin təmsilçisi olmaq hüququnu qazanmaqdır. "İqtidarın da, müxalifətin də hər biri öz mövqeyini ortaya qoyur və bunların qarşıdurmasında həqiqət yaranır"
-Bildiyiniz kimi, qarşıdan iki mühüm siyasi tədbir gəlir- Avropa Şurası Parlament Assambleyasının (AŞPA) növbəti yay sessiyası və ATƏT Parlament Assambleyasının (PA) Bakı sessiyası. Bu iki mühüm tədbirə kimi daxili məsələlərlə, problemlərlə bağlı iqtidarla müxalifətin bir araya gəlməsi, dialoq masası ətrafında əyləşməsi və anlaşması mümkündürmü?
-Əvvəla, biz demokratik ölkəyik və tənqidə də açığıq. Məsələlərin açıq müzakirəsinə də açığıq. Azərbaycanda istənilən məsələ polemika mövzusu ola bilər. Eyni zamanda hesab edirəm ki, Azərbaycanda hüquqi dövlətin əsas prinsipi qorunur, yəni, hər bir kəsin fikrini açıq bildirmək imkanı var. Demokratiya budur.
Bu baxımdan, iqtidarın da, müxalifətin də hər biri öz mövqeyini ortaya qoyur və bunların qarşıdurmasında həqiqət yaranır. Bunların qarşıdurmasında cəmiyyət öz seçimini edir.
Kamil HƏMZƏOĞLU