Daxili işlər naziri Arsen Avakov bildirib ki, separatçı qurumun qərargahı DİN xüsusi təyinatlı batalyonunun kəşfiyyat reydi zamanı məhv edilib. O dövlətə qarşı silahlı müqavimət göstərən şəxslərin məhv edilməsi əməliyyatının davam etdiriləcəyini deyib. “Söz verirəm ki, tezliklə Artyomovskda asayiş bərqərar olacaq. Bu asayişi Ukraynanın güc strukturları bərpa edəcəklər”
525.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, yerli mətbuat isə Ukrayna güc strukturları əməkdaşlarının qondarma “Donetsk Xalq Respublikası”nın qərargahının yerləşdiyi şəhər prokurorluğu binasını atəşə tutduqdan sonra Xarkov-Rostov şosesi istiqamətində geri çəkildiyini yazır.
Dünən Ukrayna Daxili İşlər Nazirliyi Luqansk və Donetsk vilayətlərində çalışan əməkdaşların geri çağırılmasına qərar verib. Qərar adı çəkilən vilayətlərdə güc strukturlarına qarşı qeyri-rəsmi müharibənin aparılması ilə əsaslandırılıb. Prezident Pyotr Poroşenkonun müvafiq sərəncam imzalamasından sonra Slavyansk yaxınlığında başlayan döyüşlər bu gün də davam edib.