Varlı Tanrım, var olandan hər nə varsa Səndədi,
Hər dəm içrə aşiqanə nə ararsam Səndədi.
“Ol” dedin aləmlərə bir anda oldu, şəninə
Həmdi-sənam mənzilinə gər çatarsa Səndədi.
Yatmış idim, Sən oyatdın, sirrini faş eylədin,
Bildim axır hardasa bir sirr yatarsa Səndədi.
Nurunun hökmüylə gəldi hasilə güvənliyim,
Day nə qorxum gəlsə zülmət, gün batarsa Səndədi.
Vəhyinə möhtacdı könlüm eylə lütf bu bəndənə,
Endir ayətlərini birər-birər, say Səndədi.
Yeddi göyün yeddi vərəq, hopmuşam Kitabına,
O böyük Gün öncəsində qatlanarsa Səndədi.
Büdrəmək yox eşq yolunda çün Sən oldun yar mənə,
Ürəyi Nərimanın hey atlanarsa Səndədi.
lll
Musiqidir könlüm özü bəstələnsin, məndədi.
Bu, mənim öz məclisimdir, cuşa gəlsin, məndədi.
Kim ola Tanrıdan özgə anlaya əhvalımı?!
Olmaz heç kim, çün O-nun tək sevgilisi məndədi.
Gün ki, gəldi aşıq oldum göylərin sultanına,
Yer üzünün hər sevinci, hər çiləsi məndədi.
Şükranam Rəbbim Sənə, əsirgəmə Öz lütfünü,
Dəryalarca hikmətindən bir giləsi məndədi.
Qəlbi sərt kafir dəxi həp əfsunumda yumşalar,
Uymasın da neyləsin bəs, din tələsi məndədi.
Könlümün təranəsində rəqs edir səyyarələr,
Zınqırovla yol gedən söz qafiləsi məndədi.
Ruhu Səndə, ya Rəbbi, Nərimanın duasının,
Ölçüsü, qəlibi, vəzni, qafiyəsi məndədi.
lll
Yoxdun heç vaxt, gəldi vaxtın, ol deyirəm, olginən,
Qoy səninlə dolsun aləm, dol deyirəm, dolginən.
Yoxdu yurdun, nur içində gəl sığın dərgahıma,
Yer verim gün altda məskən sal deyirəm, salginən.
Yar ararsan, yarın ollam, məndən özgə day nə yar,
Qaç hamıdan, qal yanımda, qal deyirəm, qalginən.
Paylaşım səninlə hərdən sirrini qeybin belə,
Sirdaşından eşq payını al deyirəm, alginən.
Həmdəm ol gəl bir dəm içrə könlümün rübabına,
Al əlinə mizrabını, çal deyirəm, çalginən.
Ayrı dəmdi, gəl üzülmə ayrılıq yaxındadı,
Bir qərinə bil bu dəmi, bil deyirəm, bilginən.
Qəmli baxdın, lərzə saldı qəhqəhəm insü-cinə,
Ol şərik bu zəlzələyə, gül deyirəm, gülginən.
Öylə güldün gültək açdın, ətrindən bayıldılar,
Sol ki, aləm qoy ayılsın, sol deyirəm, solginən.
Ayət-ayət keçdi səndən, ötdü səndən misralar,
Qasımoğlunun imzasın sil deyirəm, silginən.
lll
Durmuşam bir yağmur altda, halımı yozan ola,
Eşqə təşnə tənimə tən tazələnmiş can dola.
Yağdı, yağdı, bircə anda qapsadı aləmləri,
Könlümün hər guşəsinə eşq ilə leysan dola.
Nəğmələndi, eylərəm nuş bir şirin şırıltını,
Hər ibadət vaxtıma bax böylə bir azan dola.
Gəl Nuhum, İbrahimim, Musam, İsam, Məhəmmədim,
Söz cücərdək bu yağışda ayəti-Quran ola.
Tut yağışdan, çıx göyə, Rəbbin uca dərgahına,
Misra-misra yağ yerə abi-həyat seylan ola.
Aç sinəni, vəftiz ol şəklini çəksin ildırım,
Surətinlə gözləri vəftizlənən cahan ola.
Bitdi yağmur, Qasımoğlu, növbə səndə, dol-boşal,
Bir ulu eşq söhbətində Nəriman ünvan ola.
lll
Çulğayıb almış içinə şeirimi bir eşq dəmi,
Çünki lövbər salmış artıq göy üzündə söz gəmim.
Bir hicab dalından açmış insana Rəbb eşqini,
Bir işıq salır gözümə ol hicabı tül kimi.
Olmuşam bir eşq əsiri, sözlərim qandallaya,
Məhbəsi-eşq eyləyə aləmləri nağıl kimi.
Öylə çəkdim eşq cəfasın, başqa şair çəkmədən
Şeirimə baş vursun ancaq eşqə tuş bir yol kimi.
Çatdı şeirim ayət ilə xoş vüsala dəmbədəm,
Ərməğandı əhli-eşqə bir ətirli gül kimi.
Çıx şeir bazarına, qaldır göyə qiymətləri,
Qıl əlacın, yapma söz dövriyyədə qəlp pul kimi.
Satlıq hikmət oldun artıq, Qasımoğlu, kar götür,
Bir könül hərracına çıxar özünü qul kimi.
lll
Yazdı Tanrı ayətimi, bax üzümə, bax oxu,
Sil gözündən zülməti bu gördüyünlə yax oxu.
Vermə dostum fürsəti fövtə bihudə, arif ol,
Az qalib qiyamətə day, gəlmədən o çağ oxu.
Hikmətinlə Rəbbimin qızın, qızındır çeşmini,
Söləsi üzümdədir, yanır qüdsal ocaq, oxu.
Çarp gözünü bu ocağa, eylə bol işığını,
Təşnə könlümü ovundur, ildırım ol, çax oxu.
Adəməm, torpaqdanam, Rəbbim gözəl yapmış məni,
Bir yağışdan min könül cücərdərəm bil, yağ oxu.
Bir xəta olmaz desəm ki, ürfanımda yox xəta,
Min-min ildir can yağımla hey yanır çıraq, oxu.
Səndən ötrü yazdı Tanrı ayəti-Nərimanı,
Borc verim bəsirətimdən gözlük eylə, tax oxu.
lll
Məni Tanrım seçər oldun, soyuma sərf edərsənmi,
Salıb könlümə əshabı içimi kəhf edərsənmi.
Ay-ulduq göy yaraşığı, mənə verdin o işığı,
Göndərdiyin bu aşiqi Qurana rəf edərsənmi.
Yanır ocağım istimə, səpir iblis su üstümə,
Nəzər qıl qalxan tüstümə, dumanı dəf edərsənmi.
Alıb ilham gözəllərdən, şərik qoşdum Sənə qəsdən,
Rəhim bilir Səni bəndən, suçumu əfv edərsənmi.
Gələr oldum Sənə sarı, önümdən qaldır hasarı,
Səni deyib qoşanları mənə tərəf edərsənmi.
Tut üzümü bu mehraba, məni həkk eylə Kitaba
Oxuyan kəs Səni tapa, imana nəf edərsənmi.
Qəbul buyur Nərimanı, ürəyim Kəbədir, qanım
Təvaf edir, Sən bu anı Yazında hərf edərsənmi.