Yaponiyada səfərdə olan Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov avqustun 8-də Kioto şəhərində olmuş və burada şəhərin meri, eyni zamanda Dünyanın Tarixi Şəhərlər Liqasının prezidenti Daisaku Kadokava ilə görüşüb. Qeyd edək ki, Azərbaycanın Şuşa şəhəri 14-16 noyabr 2022-ci il tarixlərində Cənubi Koreyanın Andonq şəhərində baş tutan 18-ci Dünya Konfransı çərçivəsində keçirilən Baş Assembleyanın iclasında Tarixi Şəhərlər Liqasının üzvlüyünə qəbul edilib.
525.az xəbər verir ki, görüş zamanı Şuşa şəhərinin Liqadakı fəaliyyəti barədə danışılıb, zəngin tarixə, mədəniyyətə məxsus, Tarixi Şəhərlər Liqasının üzvləri olan Şuşa və Kioto arasında münasibətlərin və əməkdaşlığın daha da möhkəmlənməsi istiqamətində fikir mübadiləsi aparılmış, təkliflər irəli sürülüb.
Daisaku Kadokava, hazırda Şuşada, Qarabağda aparılan bərpa quruculuq işləri barədə məlumatlı olduğunu bildirmiş, post münaqişə dövründə sülh uğrunda atılan addımları, əhalinin öz yürd-yuvalarına köçmələri üçün görülən işləri, bərpa quruculuq layihələrini yüksək qiymətləndirib.
Öz növbəsində Aydın Kərimov, Dünyanın Tarixi Şəhərlər Liqasının prezidenti, Kioto şəhərinin meri Daisaku Kadokavanı Azərbaycana, Şuşa şəhərinə qonaq dəvət edib.
Xüsusi nümayəndəni tədbirdə Azərbaycan Respublikasının Yaponiyadakı səfiri Gürsel İsmayılzadə müşayiət edib........................