|
|
|
|
Qız qalası Bakının tarixi tikililəri arasında ən möhtəşəm və əzəmətli memarlıq abidələrindən biri sayılır. Uzaq keçmişdə inşa edilməsinə baxmayaraq, onun heyrətamiz zahiri forması, tərtibatı və proporsiyalarının uyarlığı əsas gözəllik və estetik meyarlara tam uyğundur. Bunu dəyərləndirmək və dərk etmək üçün də peşəkar tarixçi və ya memar olmaq gərək deyil. Qız qalasının hündürlüyü şimal tərəfdə 28, cənub tərəfdə isə 31 metrdir. Divarlarının qalınlığı isə 5 metr təşkil edir. Tikilinin görkəmi onunla təxminən eyni hündürlükdə olan kontrforsla tamamlanan silindrik formaya uyğundur. Qalanın səkkiz mərtəbəsi bir-birindən daş döşəmələrlə ayrılır. Onlar tikilinin divarının cənub-şərq hissəsində qurulmuş pilləkənlə birləşir. Yalnız birinci və ikinci mərtəbələr arasında pilləkən əvvəl mövcud deyildi.
Qız qalasının maraqlı cəhətlərindən biri də onun içərisində qayadan ovulub düzəldilmiş su quyusu olmasıdır. Diametri 0,7 metr olan bu quyu qalanın cənub-şərq divarının içindədir. Su quyusunda qazıntı işləri aparılıb. Quyudan tapılan maddi-mədəniyyət qalıqları buradan XII əsrdən başlayaraq istifadə olunduğunu göstərir. Hesablamalar nəticəsində məlum olub ki, quyunun dəniz suyunun səviyyəsi ilə heç bir əlaqəsi yoxdur. Quyunun suyu kimyəvi analiz olunub, onun içmək üçün tam yararlı olması müəyyənləşdirilib. Onun ağız hissəsi qalanın üçüncü mərtəbəsinin döşəməsi səviyyəsindən başlayıb divar boyu aşağıya doğru 13 metr davam edir. Quyunun təhlükəsizliyini təmin etmək üçün onu qala divarı içərisində gizlətmişlər. Onun şimal və cənub divarında enib-qalxmaq üçün 10-12 sm dərinlikdə ayaq yerləri var. Quyunun 12 metr dərinliyində divar genişlənir.
Yuxarı mərtəbədən bütün qala boyu aşağıyadək davam edən ikinci ensiz boşluqda saxsı borular yuxarıdan aşağıya bir-birinin içinə geydirilməklə yerləşdirilib. Həmin borudan hansı məqsədlərlə istifadə olunduğu hələ də müəmmalıdır. Qalanın müəyyən xüsusiyyətləri, məsələn, giriş hissəsinin mürəkkəbliyi tikilinin müdafiə xarakteri ilə izah olunsa da onun forması və pəncərələrinin yerləşməsi tədqiqatçıların abidənin təyinatı ilə bağlı digər fərziyyələrini dəstəkləyir.
Qız qalası Bakının rəmzidir. Şəhərin tarixi mərkəzində ucalan Qala, Bakının kiçik bir yaşayış məskənlərindən nəhəng və müasir meqapolisədək yüksəlişin şahididir. Qız qalası Bakının ən qədim tikililərindən biridir. Arxeoloji qazıntılar zamanı əldə olunan materiallar bu ərazidə artıq antik dövrdə yaşayış məskəninin mövcudluğunu göstərir. Numizmatik tapıntılar ( Əhəminələr dövlətinin şahı I Kserksin dövründə zərb olunmuş və hal-hazırda İçərişəhərin numizmatik ekpozisiyasında sərgilənən mis sikkə ) isə artıq e.ə. V əsrdən bəri Bakının beynəlxalq iqtisadi əlaqələrdə fəal iştirak etdiyini bildirən ən tutarlı mənbələr arasındadır.
Əsrlər boyu Bakı şəhərinin hüdudları onun iki ( bəzi mənbələrə görə hətta üç ) sıra qala divarları ilə müəyyən edilirdi. Bu divarlar XII əsrdə Şirvanşahlar tərəfindən ucaldılıb. Zadəganların, tacirlərin, sənətkarların və digər zümrə nümayəndələrinin yaşadıqları bu canlı məkan düşmən hücumlarından məhz bu divarlar vasitəsilə qorunurdu. Keçmiş yüzilliklərə aid tikililərin bir hissəsi günümüzədək gəlib çıxmasa da, İçərişəhər özünün qədim məhəllə və küçə şəbəkəsini, habelə ab-havasını qoruyub saxlayıb.
XIX əsrdə Bakı sürətlə böyüyərək özünün qədim hüdudlarını aşıb. XIX əsrin 80-ci illərində qala divarları qismən dağıdılıb. Həmin dönəm Bakının misilsiz iqtisadi inkişafı və çiçəklənməsi ilə səciyyələnir. Qədim şəhərin ətrafında yeni əzəmətli və möhtəşəm binalar ucaldılıb. Hal-hazırda şəhər yenidən inkişaf və sürətli dəyişikliklər mərhələsini yaşamaqdadır. Bu gün tarixi olayların və müxtəlif hadisələrin şahidi olmuş Qız qalası İçərişəhərin digər tarixi abidələri ilə birgə daim inkişaf edən Bakının özəlliyinin həssaslıqla qoruyub saxlanıldığının bir rəmzi göstəricisidir.
Abidədə müxtəlif dövrlərdə və müxtəlif səviyyələrdə bərpa işləri aparılıb. İlk bərpa işlərinin Şirvanşahlar dövləti zamanında aparıldığı güman olunur. Daha sonra Bakı xanlığı dövründə qalanın möhkəmləndirilməsi məqsədiylə bərpa işlərinin aparılması müəyyən edilib. Abidədə geniş bərpa və tədqiqat işləri Azərbaycan SSR qurulduqdan sonra aparılıb. 1963-1965-ci illərdə qala ətraflı tədqiq edilib, professor Əhmədov tərəfindən birinci mərtəbədə və qalanın ətrafında arxeoloji qazıntılar aparılmış, qala divarının içində yerləşən su quyusu aşkara çıxarılıb. 2000- ci ildə İçərişəhər Bakı qalası və Qız qalasıyla birgə UNESCO-nun Ümumdünya İrsi siyahısına salınıb. Elə həmin il Bakıda baş verən zəlzələdən sonra qala 2004-2009-cu illərdə abidə Təhlükədə olan Ümumdünya İrsi abidələri siyahısına daxil edilib.
Qız qalası adının mənşəyi çoxsaylı əfsanələrlə bağlıdır. Azərbaycandan savayı qonşu İran, Türkiyə, İraq və digər ölkələrdə tərkibində "qız" sözü olan çoxsaylı qala, qüllə və yer adları mövcuddur. Bu sözün izahı ilə bağlı bir neçə mülahizə vardır. Ən geniş yayılmış mülahizələrdən birinə əsasən, heç vaxt düşmənlər tərəfindən fəth edilmədiyindən qala xalq arasında bakirəlik rəmzi kimi Qız qalası adlandırılıb. Hərçənd tarixdə bu faktın doğruluğu sübut edilməyib.
Qalanın adının etimologiyası ilə bağlı müxtəlif fikirlər olsa da, onlardan ən çox üstündə dayanılanı qalanın qızla bağlı əfsanəyə (bəzi müəlliflərə görə Bakı xanının qızı ) əsasən Qız qalası adlandırılmasıdır. Əfsanəyə görə qardaşı (bəzi mənbələrdə hökmdar atası) tərəfindən qalada saxlanan qız bu əzaba dözməyərək, özünü qalanın başından ataraq Xəzər dənizinin sularına qərq olub. Digər versiyaya görə isə qala əvvəllər "Göz qalası" adlandırılıb, zaman keçdikcə isə bu ad xalq deyimində dəyişərək "Qız qalası" şəklini alıb.
Eləcə də Bakıdakı Qız qalası barədə məlumatı olan hər kəs onun haqqında ən azı bir əhvalat eşidib. Bunlardan ən məşhuru şahın aşiq olduğu və evlənmək üçün qala tikdirməyi ona şərt qoyan bir qıza həsr edilməsi barədə əfsanədir. Bundan başqa, çağdaş yazıçı, şair, rəssam və digər sənət adamları bu rəvayətdən ilhamlanaraq yeni-yeni versiyalar yaradıblar. Qız qalasının Azərbaycan xalqı, milli mədəniyyətimiz üçün daşıdığı böyük önəmi 1924-cü ildə haqqında çəkilmiş ilk kinofilmlərindən biri, həmçinin 1940-cı ildə səhnələşdirilmiş ilk balet də təsdiqləyir.
Bəzi fərziyyələrə görə Qız qalası qədim zamanlarda rəsədxana olub. Bu mülahizənin tərəfdarları Qalanın 2500-3000 il əvvəl daha qədim tikilinin qalıqları üzərində ucaldıldığını iddia edirlər. Bu mülahizələrə əsasən, qədim astronomların müşahidələr üçün istifadə etdikləri əsas vasitə tikilinin özü olub.
Bəzilərinin fikrincə, Qız qalası əsas etibarilə günəşin illik dövrünü izləmək və bu prosesin önəmli məqamlarını öyrənmək məqsədi ilə ucadılıb. Belə məqamlardan gündüzlə gecənin bərabərləşdiyi qış və yay gündönümləri, payız və yaz gecə-gündüz bərabərliyi də ola bilərdi. Bu baxımdan Qalanın pəncərə və kontrforsu kimi, bəzi struktur xüsusiyyətlərinin də önəmli tarixlərdə doğan günəşə tərəf yönəlməsi, ola bilsin, heç də təsadüfi deyil.
Bununla yanaşı Qız qalasının gecə səmasının müşahidəsi üçün istifadəsi də ehtimal olunur. Qala pəncərələrindən Böyük köpək bürcündə yer alan Sirius, Lira bürcündəki Veqa və Əqrəb bürcündə olan Antares kimi ən parlaq ulduzları bilavasitə müşahidə etmək mümkündür.
Qədim zamanlarda elmlə din arasında kəskin fərq olmadığından rəsədxana fərziyyəsi Qaladan ayinlərin icrası ilə, eyni zamanda müdafiə üçün istifadə edilməsi fikirləri arasında ziddiyyət yaratmır. Bütün bunlar Qız qalasının tarixinin yetərincə mürəkkəb, təyinatının isə hələ də naməlum olduğunu sübut edir.
(Ardı var)
Vəfa MƏMMƏDLİ