|
|
|
|

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova İsrailin Rəfah şəhərinə hücum planından narahat olduqlarını bildirib və bu təhlükəli ssenarinin reallaşması fəlakətli humanitar vəziyyətin daha da pisləşməsinə səbəb olacağını deyib.
525.az xarici KİV-ə əsasən xəbər verir ki, Zaxarova paytaxt Moskvada keçirdiyi həftəlik mətbuat konfransında cari məsələlərlə bağlı açıqlamalar verib.
AA müxbirinin "Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) qərarlarına baxmayaraq, İsrailin Qəzza zolağına davam edən hücumlarını və fələstinliləri öldürməsini necə qiymətləndirirsiniz?" sualını cavablandıran Zaxarova: "Ölkəmiz uzun illərdir ki, bütün tərəfləri beynəlxalq öhdəliklərini yerinə yetirməyə çağırır. Bu səbəbdən həll prosesinin beynəlxalq hüquqi komponentinə diqqət yetiririk", - deyib.
İsrailin 1,4 milyon qəzzalının sığındığı Rəfah şəhərinə hücum planına toxunan Zaxarova: "İsrail tərəfinin Rəfah şəhərinə qarşı əməliyyatı genişləndirmək planları ilə bağlı bəyanatlarından narahatıq. Bu təhlükəli ssenarinin həyata keçirilməsi fəlakətli humanitar vəziyyətin pisləşməsinə səbəb olacaq. Biz axan qanı dayandırmaq və bölgə xalqına kömək etmək istəyirik. Humanitar yardımın çatdırılması üçün kanalların yaradılması üçün müvafiq şəraitin yaradılması bizim ümumi borcumuzdur".
Qeyd edək ki, Zaxarova fələstinlilərlə israillilər arasında siyasi dialoqun yenidən başlamasının və 1967-ci il sərhədləri daxilində paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulmasının vacibliyini vurğulayıb.
Malik Atilay



