|
|
|
|

Misir Prezidenti Əbdülfəttah əs-Sisi ölkəsinin qlobal gəmiçilik marşrutu olan Süveyş kanalından əldə etdiyi gəlirin 40-50 faiz azaldığını bildirib.
525.az Misirin rəsmi agentliyi MENA-ya istinadən xəbər verir ki, Sisi Qahirədə 2024 Misir Beynəlxalq Sərgi Mərkəzi Konfransında verdiyi açıqlamada Süveyş kanalının gəlirləri haqqında məlumat verib.
“Misirin Süveyş kanaldan ildə təxminən 10 milyard dollar olan gəliri 40-50 faiz azalıb”. Sisi bu azalmanın səbəbi ilə bağlı bunları deyib:
"Misir 2 il ərzində Covid-19 epidemiyasının, daha sonra Ukrayna-Rusiya böhranının, daha sonra Liviya və Sudanla sərhədlərində gördüklərinin problemləri ilə üzləşib. Hazırda Qəzza zolağında baş verən böhranla, Misirə ildə təqribən 10 milyard dollar gəlir gətirən gəmiçilik dəhlizi təsir görüb".
Birləşmiş Millətlər Təşkilatının Ticarət və İnkişaf Konfransı (UNCTAD) da yanvarın 26-da Qırmızı dənizdəki hücumlar səbəbindən Süveyş kanalından həftəlik keçidlərin son iki ayda 42 faiz azaldığını açıqlayıb.
Qeyd edək ki, dünyanın ən mühüm kanal və boğazlarından biri olan Süveyş kanalı Avropa ilə Asiya arasında ən qısa gəmiçilik yolu olmaqla yanaşı, Misirin əsas valyuta mənbələrindən biri hesab olunur.
Malik Atilay



