|
|
|
|
Londonda "WikiLeaks"in yaradıcısı Culian Assanjın ABŞ-a ekstradisiya məsələsi ilə bağlı məhkəmə dinləmələri keçirilir. Bununla paralel olaraq isə Londonda Ali Məhkəmənin qarşısında Assanja dəstək aksiyaları davam edir. Onlar "Assanjı azad edin! Jurnalistika cinayət deyil", "Ekstradisiyaya yox", "Assanjı ekstradisiya etməyin" şüarlarını səsləndiriblər. Qeyd ediblər ki, məhkəmə başa düşməlidir ki, bu ölkədə insanların əksəriyyəti jurnalistin həqiqəti söylədiyi üçün həbsxanaya düşməli olmadığını hesab edir. Eyni zamanda, Parisdə də analoji aksiyalar keçirilib.
Əgər Assanj ABŞ-a ekstradisiya edilərsə, onu 18 cinayət ittihamı üzrə ümumilikdə 175 il həbs cəzası gözləyir. Onun ABŞ-a ekstradisiya edilib-edilməyəcəyinə dair yekun qərarın mart ayından əvvəl məlum olacağı ehtimalı azdır. Təqsirləndirilən şəxs özü artıq ikinci gündür ki, məhkəməyə gəlməyib. Bir gün əvvəl onun vəkili Edvard Fitscerald bildirib ki, müvəkkili sağlam deyil və bu səbəbdən də videobağlantı vasitəsilə belə məhkəmə iclasında iştirak edə bilməyəcək.
Hüquqşünasların fikrincə, əgər hakimlər sonradan WikiLeaks-in təsisçisinin məhkəmə qərarına etiraz etmək tələbini rədd edərlərsə, bu, Assanjın ekstradisiyası haqqında qərarın icrasına gətirib çıxara bilər. Amma bu halda vəkillər qrupunun bu qərardan Avropa İnsan Haqları Məhkəməsinə şikayət etmək imkanı olacaq. Yada salaq ki, Assanj "təhlükəli cinayətkar" kimi 15 ilə yaxındır ki, təqib olunur. Bəs o, niyə mühakimə olunur, hansı ağır cinayəti törədib? Əslində Assanj məsələsi dünyaya "söz azadlığı" dərsi keçən, bir sıra ölkələri məhz bu məqamdan sui-istifadə edərək hədəfə alan Qərbin özü-özünü ifşası, söz azadlığını boğmasıdır.
Assanj 2006-cı ildə bir sıra hökumətlərin, o cümlədən, ABŞ rəhbərliyinin fəaliyyəti barədə məxfi informasiyaların dərc olunduğu "WikiLeaks" portalını təsis edib. Portalda, Əfqanıstan və İraqda keçirilən hərbi əməliyyatların gedişində dinc əhalinin qətli, həmçinin Quantanamo həbsxanasında məhkumların saxlanılma şəraiti barədə məlumatlar yayılıb. Göründüyü kimi, əslində o, Birləşmiş Ştatların bir sıra dövlətlərdə törətdiyi cinayətləri göstərən məlumatları dərc edib. Sözügedən ölkələrdə hərbi əməliyyatları ilə bağlı məxfi materialları oğurlamaqda və dərc etməkdə ittiham olunan Assanj Birləşmiş Ştatlara veriləcəyi halda, casusluqda ittiham olunacaq. 52 yaşlı Assaja 2010-cu ildən başlayaraq ABŞ səlahiyyətliləri tərəfindən ittihamlar irəli sürülüb.
2012-ci ildə İsveçin ona qarşı seksual cinayət ittihamından sonra Ekvadorun Londondakı səfirliyinə sığınan Assanj orada təxminən yeddi il gizlənib. 2019-cu il aprelin 11-də Britaniya polisi onu Ekvador hökumətinin razılığı ilə həbs edib. Bundan sonra ABŞ hakimiyyəti ona qarşı yeni ittihamlar irəli sürüb. Britaniya polisi tərəfindən həbs ediləndən bəri ABŞ onu ölkəyə ekstradisiya etməyə çalışır.
Assanjın ABŞ-yə ekstradisiyası ilə bağlı dinləmələr 2020-ci ilin fevralın 24-də başlayıb, lakin koronavirus pandemiyasına görə başa çatmayıb. Həmin ilin sentyabrından dinləmələr Londonun Mərkəzi Cinayət Məhkəməsində davam etdirilib. 2021-ci ilin yanvarın 4-də məhkəmə qərara gəldi ki, Culian Assanjda autist spektrli psixi pozuntular və kliniki depressiya aşkarlandığından o, ABŞ-yə ekstradisiya oluna bilməz. Bununla belə, məhkəmə ABŞ-nin hakimiyyət dairələrinin "WikiLeaks"in qurucusuna qarşı irəli sürdükləri ittihamları "qanuni və əsaslı" sayaraq, onun təqibinin siyasi zəmində olması barədə vəkillərin bəyanatlarını rədd etdi. London Ali Məhkəməsi 2021-ci ilin dekabrında ABŞ səlahiyyətlilərinin verdiyi apellyasiya şikayətini təmin edib və Assanjın ABŞ-a ekstradisiyasına qoyulan qadağanı ləğv edib. 2022-ci ilin martında Böyük Britaniya Ali Məhkəməsi Assanjın London məhkəməsinin bu qərarına verdiyi apellyasiya şikayətini təmin etməkdən imtina etdi və 2022-ci ilin aprelində Londondakı Westminster Magistrates Məhkəməsi "WikiLeaks"in yaradıcısının ABŞ-a ekstradisiyasına qərar verdi.
2023-cü ilin iyunun 6-da isə Londonun Ali Məhkəməsi C.Assanjın vəkillərinin apellyasiyasını bir daha rədd etdi.
Almaniya hökuməti dolayısı ilə "WikiLeaks"in yaradıcısının ekstradisiyasına qarşı çıxıb. Bu ölkə XİN-nin nümayəndəsi bildirib ki, öz qanun anlayışımızla Amerika Birləşmiş Ştatlarının hüquqi anlayışı arasında uyğunsuzluqlar görürük. Assanj ABŞ-da ittiham olunduğu cinayətlərlə Almaniyada cəzalandırıla bilməz. ABŞ-da onlar Assanjı Birinci Dünya müharibəsi zamanı satqınların və casusları məsuliyyətə cəlb olunmaları üçün yüz ildən çoxdur qəbul edilmiş qanun əsasında mühakimə etmək niyyətindədirlər. Bu qanun heç vaxt jurnalistləri mühakimə etmək üçün istifadə olunmayıb.
Assanj bu günə qədər Britaniyanın ciddi rejimli həbsxanasında 1780 günə yaxın vaxt keçirib.
Yuxarıda qeyd etdiyimiz kimi, o, sözdə demokratiyadan, söz azadlığından danışan Qərbin, ABŞ-nin utancıdır. Bir insanı yazdıqlarına görə illərlə təqib etmək ilk növbədə heç bir ədalətə, insanlığa sığmır.
Azərbaycan Prezidenti İlham Əliyev jurnalist Assanjın həbsi və məruz qaldığı təzyiqlərlə bağlı məsələyə bir neçə dəfə toxunub. Dövlər başçısı
2020-ci ilin noyabrın 6-da "BBC News"a müsahibəsində deyib: "Gəlin, Assanj barədə danışaq. Bağışlayın, o, Ekvador səfirliyində neçə il keçirdi və nəyə görə? O, indi haradadır? Jurnalist fəaliyyətinə görə siz həmin şəxsi girov saxladınız, əslində, mənəvi və fiziki olaraq onu öldürdünüz. Bunu siz etmisiniz, biz yox. İndi o, həbsxanadadır. Siz bu işlərlə məşğul olduğunuz halda, sizin azad mətbuat haqqında danışmağa mənəvi haqqınız yoxdur".
2023-cü ilin iyulun 24-də isə "China Media Group"a müsahibəsində İlham Əliyev bəyan edib ki, Qərbdəki insanlar vəziyyəti elə təsvir edirlər ki, jurnalistlər istədiklərini edə bilər və onların hər hansı cinayət təqibindən toxunulmazlığı var və əgər siz jurnalisti həbs edirsiniz, deməli, siz diktatorsunuz. Assanjın məsələsinə yenidən diqqət çəkən dövlət başçısı deyib ki, belə olduğu halda, kimisə bu məsələdə necə ittiham edə bilərsiniz? Həmin hadisə sizin tarixinizdə ən qara səhifədir.
Assanj hadisəsi həqiqətən də Qərbin tarixində qara səhifədir. Eyni zamanda, onun ABŞ-a təhvil verilməsi barədə qərar çıxarılarsa, bu, pis bir president olacaq və dünyada söz azadlığı, doğruları yazan jurnalistlərin həyatı üçün təhlükə yaradacaq. Çünki eyni aqibət digər jurnalistləri də gözləyə bilər.