|
|
|
|

Fransanın Vətənpərvərlər Partiyasının lideri Florian Filippo Qərb mediasının yaydığı “Şimal axını”nda təxribat versiyası məlumatının həqiqət olmadığını, bunu yalanlarla dolu hekayə adlandırıb.
525.az xəbər verir ki, bu barədə siyasətçi “X”hesabında yazıb.
“Şimal axını”ndakı təxribata gəlincə, dünəndən bəri media bizə nağıllarla dolu uzun hekayə satmağa çalışır! Həmişə olduğu kimi, çaşqınlıq yaradıb, əsl təşkilatçıları gizlətmək üçün həqiqət az, yalan isə çoxdur”, - o qeyd edib.
Siyasətçi, həmçinin yeni məlumatlarda partlayışın Rusiya tərəfindən həyata keçirilmədiyinin yer almamasını “irəliləyiş” adlandırıb.
Bundan əvvəl “The Wall Street Journal” yazıb ki, Ukrayna prezidenti Vladimir Zelenski “Şimal axını” və “Şimal axını 2” qaz kəmərlərini zədələmək planını şəxsən təsdiqləyib. Nəşrin məlumatına görə, əməliyyat kiçik yaxtadan, həmçinin bir neçə dalğıcdan istifadə edilməklə planlaşdırılıb, onların arasında qadın da olmalı idi. Almaniya prokurorluğu qaz kəmərində baş verən partlayışlarla bağlı Ukrayna vətəndaşının həbsinə order verib. Söhbət Kiyevdən olan dalğıc Vladimir Juravlevdən gedirdi.
Əvvəllər Ağ Ev “Şimal axını” partlayışlarında Ukrayna izini şərh etməkdən imtina edib.
Xatırladaq ki, 2022-ci il sentyabrın 26-da baş vermiş patrlayışlarla boru kəmərlərinin dörd xəttindən üçü zədələnib. Danimarkanın Bornholm adasında baş verən partlayışa görə məsuliyyəti heç kim üzərinə götürməyib. Rusiya dəfələrlə “Şimal axını”na hücumun ABŞ və Böyük Britaniya tərəfindən həyata keçirildiyini bildirib. Vaşinqton və London isə bu ittihamları rədd ediblər. O vaxt Ukrayna prezidenti Volodimir Zelenski və Ukrayna hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov bu partlayışlarla əlaqələrinin olmadığını bildiriblər.
Pərvanə Sultanova



