|
|
|
|

Livandakı "Hizbullah" hərəkatı İsrailin şimalında Şamir qəsəbəsi və Khirbet Maar hərbi bazasına hücum təşkil etdiyini açıqlayıb.
525.az xarici mediaya istinadən xəbər verir ki, "Hizbullah" tərəfindən verilən yazılı açıqlamada Şamirin İsraildəki hədəflər arasında yer aldığı və ilk dəfə "Katyuşa" raketi ilə hədəf alındığı bildirilib.
Sözügedən hücumun İsrailin Mercayun başda olmaqla Livanın cənubundakı kənd və qəsəbələrə etdiyi hücumlara cavab olaraq həyata keçirildiyi qeyd edilib.
"Hizbullah"ın açıqlamasında həmçinin İsrailin şimalındakı Khirbet Maar hərbi bazasına kamikadze pilotsuz uçuş aparatları ilə hücum təşkil edildiyi bildirilib.
Bəyanatda bildirilib ki, hücum “tam dəqiqliklə” düşmən mövqelərini hədəf alıb.
İsrailin “Kanal 12” televiziyası Livandan atılan raketin Şamir qəsəbəsində açıq əraziyə düşərək orada yanğına səbəb olduğunu bildirib.
Malik Atilay



