|
|
|
|

Əfqanıstanın keçmiş nazirləri, qubernatorları, əvvəlki hökuməti təmsil edən parlament üzvləri ölkəyə qayıdırlar.
525.az xəbər verir ki, bu barədə Əfqanıstanın Şəxsiyyətlərlə Əlaqə Komissiyasının sözçüsü Əhmədullah Vasiq bildirib.
Onun sözlərinə görə, komissiya yaranandan bəri 952 nəfər ölkəyə qayıdıb, onların arasında sabiq nazirlər, qubernatorlar, deputatlar və s. var. Ölkəyə dönən hər kəs komissiya vasitəsilə təhlükəsizlik kartları ilə təmin olunub və bu, onlara tam təhlükəsiz həyatlarını davam etdirməyə imkan verəcək.
"Əlaqə Komissiyası vasitəsilə Əfqanıstana qayıdanlar ailə üzvləri, dostları ilə dinc şəraitdə yaşayırlar. Onlardan 90 nəfər ölkəni tərk etməmişdi, lakin əvvəlki hökumətdə vəzifə tutmuş şəxslərdir”, - əfqan rəsmi əlavə edib.
Bəzi politoloqlara görə, əgər müvəqqəti hökumət ölkəni tərk edənlərə iş imkanları və təhlükəsizlik təmin edə bilsə, daha çox tanınmış simalar geri dönəcək.
Şəxsiyyətlərlə Əlaqə Komissiyası “Taliban” hökuməti tərəfindən 2022-ci ilin aprel ayında yaradılıb. Komissiyanın vəzifəsi hakimiyyət dəyişikliyindən sonra ölkəni tərk etmiş siyasi, hərbi, mədəniyyət xadimlərinin və mülki şəxslərin vətənə qayıtmasını asanlaşdırmaqdır.
Pərvanə Sultanova



