|
|
|
|

Monqolustan hakimiyyəti Rusiya prezidenti Vladimir Putinin Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) orderi əsasında həbsindən imtina etməsini enerji asılılığı ilə izah edib.
525.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Monqolustan hökumətindəki mənbə bildirib ki, Rusiyadan enerji tədarükü ölkə iqtisadiyyatı üçün həlledicidir. Mənbənin sözlərinə görə, Ulan-Bator neft məhsullarının 95%-ni, elektrik enerjisinin 20%-dən çoxunu qonşu ölkələrdən idxal edir və bu tədarüklər əhalinin güzəranını təmin etmək üçün mühüm əhəmiyyət kəsb edir.
Bundan əlavə, hökumət nümayəndəsi Monqolustanın bütün diplomatik münasibətlərdə həmişə neytrallıq siyasətinə riayət etdiyini söyləyib.
Xatırladaq ki, Putin Monqolustana rəsmi səfər edib. Danışıqlar zamanı Rusiya lideri bildirib ki, hazırda Moskva ilə Ulan-Bator arasında münasibətlər bütün istiqamətlərdə inkişaf edir. O, Monqolustanın tarixi yaddaşı qoruduğunu deyərək, buna görə həmkarına təşəkkür edib.
Pərvanə Sultanova



