İsveçin xarici işlər naziri Tobias Billström vəzifəsini tərk edəcəyini açıqlayıb.
525.az “Report”-a istinadən xəbər verir ki, bu barədə “The Local” portalı məlumat yayıb.
“Bu gün baş nazirə məlumat verdim ki, xarici işlər naziri vəzifəsini tərk edirəm”, - o deyib.
Nazirin bu qərarının səbəblərini açıqlamadığı, ancaq siyasətdən tamamilə getməyə hazırlaşdığı qeyd edilir.
“Bu o deməkdir ki, mən həm də parlamentdəki yerimdən ayrılacağam”, - o əlavə edib.
Qeyd edək ki, Billströmün 50 yaşı var. O, bir neçə qəzetdə siyasi redaktor vəzifəsində çalışdıqdan sonra 2002-ci ildə Riksdaqda (parlamentdə) deputat olub. Dörd ildən sonra o, miqrasiya naziri təyin edilib, 2022-ci ilin oktyabrından isə xarici işlər naziri postunu tutur.