Himalay buzlaqlarında tapılan 1700-dən çox yeni virus növü qlobal istiləşmənin təsiri altında əriyib bəşəriyyət üçün potensial təhlükə yarada bilər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, Himalay dağlarında Tibet yaylasındakı Quliya buzlaqında aparılan tədqiqatda əksəriyyəti əvvəllər məlum olmayan 1700-dən çox virus növü aşkar edilib. Bu virusların təxminən 41 min ildir donmuş torpaqda gizləndiyi müəyyən edilib. Qlobal istiləşmə nəticəsində bu virusların əriyib insanlar üçün təhlükə yarada biləcəyi ilə bağlı narahatlıq elm aləmində müzakirə olunmağa başlayıb.
Tədqiqatçılar bildiriblər ki, bu virusların böyük əksəriyyəti insanlara deyil, bakteriyalara yoluxur. Tədqiqat zamanı virusların müxtəlif iqlim şəraitinə necə reaksiya verdiyi və onların zamanla dəyişməsi araşdırılıb. Bu araşdırma virusların keçmiş iqlim dəyişikliklərinə necə uyğunlaşdığına dair mühüm məlumatlar verib.
Ohayo Dövlət Universitetindən tədqiqatın aparıcı müəllifi ZhiPing Zhong vurğulayıb ki, bu tədqiqatlar davam edən qlobal iqlim dəyişikliyi kontekstində viral adaptasiya anlayışımızı yaxşılaşdıra bilər. Tədqiqat iqlim dəyişikliyi ilə virus inkişafı arasındakı əlaqəyə, xüsusən də Son Buz Dövrünün sona çatdığı 11.500 il əvvələ aid virus qruplarına diqqət çəkib.
Mütəxəssislər donmuş torpaqda tapılan bu virusların pandemiyaya səbəb olma potensialının aşağı olduğunu bildirsələr də, köhnə virusların yenidən ortaya çıxmasından daha çox yeni virusların təkamülünün narahatlığa səbəb olduğunu bildiriblər.
Malik Atilay