Yaponiyanın paytaxtı Tokioda yüksək temperatur səbəbindən həyatını itirənlərin sayı 248-ə yüksəlib.
525.az xarici mediaya istinadən xəbər verir ki, Tokio Qubernatorluğunun Tibbi Müayinə Bürosu həddindən artıq istilərin səbəb olduğu ölümlərlə bağlı məlumatları yeniləyib.
Müvafiq olaraq, iyun-avqust ayları arasındakı 3 aylıq dövrdə paytaxt metropolunda yüksək temperaturdan ölənlərin sayı 248-ə yüksəlib.
Araşdırmalar zamanı ölənlərin yaşlarının 40-90 arasında olduğu, yaşadıqları evlərdə və iş yerlərində kondisioner olmadığı və ya aktiv istifadə edilmədiyi müəyyən edilib.
Kondisionerdən istifadəni təşviq edən bəyanatda bu ifadələr yer alıb: "Həddindən artıq istilər nəticəsində ölümün qarşısını almaq olar. Ona görə də isti günlərdə kondisionerdən istifadə edin".
Tokio Qubernatorluğunun Sosial Rifah və İctimai Sağlamlıq Bürosu iyulun 9-da yüksək temperatur nəticəsində ölənlərlə bağlı verdiyi açıqlamada 6 nəfərin istidən öldüyünü bildirib.
NHK dövlət televiziyasının xəbərinə görə, 2022-ci ildə Tokioda yüksək temperatur səbəbindən 251 nəfər ölüb.
Malik Atilay